Aktyor Elxan Ağahüseynoğlunun doğum günüdür

Kinonun və dublyaj sənətinin uğur qazanmasında təcrübəli teatr aktyorlarının rolu böyükdür. Təsadüfi deyil ki, xarakterik rollar ifaçısı kimi tanınan aktyorların bir çoxunun ekran obrazları həm də ifadəli səsinə görə diqqət çəkib, sevilib. Xalq artisti Elxan Ağahüseynoğlu (1942-2009) da milli kinomuzda oynadığı rolları və dublyajdakı fəaliyyəti ilə kinosevərlərin yaddaşında iz salıb, eləcə də televiziya tamaşalarındakı maraqlı, məzmunlu obrazlarına görə sənət uğuruna uğur qatıb.

Sənətsevər gənc hələ Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki ADMİU) aktyorluq təhsili almadan əvvəl Akademik Milli Dram Teatrının yardımçı heyətində işləyib. 1967-ci ildə Teatr İnstitutuna, teatrın baş rejissoru Tofiq Kazımovun kursuna qəbul olunub. 1971-ci ildə təhsilini başa vurduqdan sonra təyinatı Akademik Dram Teatrına verilib. Qırx ilə yaxın bu sənət ocağında çalışıb. Ardıcıl olaraq kinoya çəkilib, dublyajda fəaliyyət göstərib.

İlk dəfə görkəmli kinorejissor Əjdər İbrahimovun quruluş verdiyi “İyirmialtılar” (1966) filmində matros rolunu səsləndirən aktyor bundan sonra “Dəli Kür” kinodramında mollaxana şagirdi, “Ad günü” filmində qəssab, “Qara gölün cəngavərləri” filmində qoçu, “Bayquş gələndə…” filmində milis işçisi və digər yerli filmlərdə müxtəlif obrazları, həmçinin bir sıra xarici kino personajlarını səsləndirib.

Aktyorun təkcə “Arxadan vurulan zərbə” filmində Qurd Cəbrayıl obrazının gəncliyini (aktyor Yusif Vəliyev) səsləndirməsini xatırlamaq kifayətdir ki, cinayətkar obrazın qəliz xarakterinin dəqiqliklə cilalanması faktı təsdiqini tapsın. Təəssüflər olsun ki, belə bir istedad sahibinə həm dublyaj fəaliyyətində, həm də kamera qarşısında kiçikplanlı rollar həvalə olunub. Buna baxmayaraq, aktyorun yaradıcılığı daim diqqət çəkib, maraq doğurub.

Kiçikplanlı rollarla yadda qalmaq xarakterik rol ifaçısı, sənət bilicisi olmaq deməkdir. Kiçik rolu filmin aparıcı qüvvəsinə çevirən aktyorlara isə rejissorların həmişə ehtiyacı var. Elxan Ağahüseynoğlunun “Axırıncı aşırım” filmində oynadığı komsomolçu, “Nəğmə dərsi”ndə satıcı, “Qatır Məmməd”də mülki geyimli adam, “İstintaq”da Dadaşov, “Dantenin yubileyi”ndə film səsləndirən aktyor, “Onun bəlalı sevgisi”ndə sərgi iştirakçısı və digər epizodik ekran obrazlarının mövzuya uyğun davranış və jestləri hadisələrin gerçəkliyini təsdiqləyib, rolların yaradıcılıq diapazonuna dar gəldiyini vurğulayıb.

Televiziya tamaşaları kinoya uğur gətirən aktyor peşəkarlığı üçün başlanğıcdır. Bu mənada mühüm həyat faktlarını kamera qarşısında sərbəst təqdim edən, sənət təcrübəsini genişləndirən aktyorlar üçün televiziya tamaşaları məktəbdir.

Kino fəaliyyəti ilə paralel olaraq televiziya tamaşalarında mütəmadi çıxış edən Elxan Ağahüseynoğlunun oynadığı Güləli (“Kişilər”), nəzarətçi (“Adı sənin, dadı mənim”), Qəmbər (“Evləri köndələn yar”), zabit (“At ilinin birinci ayı”) və digər rolları insan münasibətlərinin dəqiq şərhini verir, cəmiyyətdə baş verən hadisələrin və davranışların, sözün əsl mənasında, sosial tədqiqatçısına çevrilir. Təsadüfi deyil ki, aktyorun televiziya tamaşalarındakı irili-xırdalı hər bir rolu bu gün də maraqla izlənilir.

Aktyorun xarici dramaturqların əsərləri əsasında hazırlanan televiziya tamaşalarında canlandırdığı obrazları da inandırıcıdır, koloritlidir. “Astana” (müəllif Aleksey Dudarev) televiziya tamaşasındakı Nikolay, “Altı nömrəli palata” (Anton Çexov) tamaşasındakı keçmiş zabit obrazları aktyorun uğurlu rollarındandır.

Elxan Ağahüseynoğlunun gözəl şəxsi keyfiyyəti haqqında həmkarları və yaxınları sevərək danışırlar. İnsanın həyatda ən böyük missiyası da insanlıq mövqeyini uca tutmaq,  sənəti vasitəsi ilə ətrafındakılara gözəllik bəxş etməkdir.

Dövlət Film Fondu