Nazim Abbas – 85

Televiziya, kino rejissoru, Əməkdar incəsənət xadimi Nazim Abbasın 85 illik yubileyidir. 61 illik ömür payının 30 ilini sənətə həsr edən Nazim Abbas fəaliyyəti dövründə 120-dən çox sənədli (“Bulaq başında”, “Əbədilik yolu ilə”, “Dəmir ağac”, “Günəş ardınca, sağlamlıq ardınca” və s.), 4 bədii (“Bizi dağlarda axtarın”, “Bir az da Bahar bayramı”, “Həyat, sən kiminsən?”, “Dvorjakın melodiyası”), 10-dan artıq musiqili sənədli (“Bulaq başında”, “Rəşid Behbudov”, “Mirzə Babayev” və s.) film çəkib, bəzi filmlərinin ssenarisini yazıb. 10-dan artıq filmi müxtəlif mükafatlara layiq görülüb.

Nazim Abbas 1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) teatr və kino fakültəsini, 1972-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr Məktəbini və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsini bitirib. 1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. 1979-1991-ci illərdə “Bakı” televiziya stansiyasının direktoru və baş rejissoru olub. 1993-2000-ci illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru vəzifəsini icra edib. 100-dən artıq televiziya filminə rejissor kimi quruluş verib. Nazim Abbasın ekranlaşdırdığı məzmunlu filmlər Azərbaycan Televiziyasının qızıl fondunda bu gün də qorunub saxlanılır.

Nazim Abbasın yaradıcılığında həzin, incə lirika üstünlük təşkil edir. Müxtəlif  həyat hekayələrini aramla nəql edən, tələsmədən, aydınlıqla tamaşaçıya çatdıran rejissor ekran qəhrəmanlarının həyat mövqeyini, düşüncə tərzini, psixologiyasını estetik-poetik səpkidə çatdırmağa müvəffəq olub. Hadisələrin ardıcıllığını məntiqi əsaslara söykəyən rejissor daha çox etik keyfiyyətlərin, mənəvi dəyərlərin üstünlüyünü ön plana çəkib, sağlam düşüncəli, zəhmətkeş insanların həyatın zinəti, bəzəyi olduğu fikrini çatdırıb, təlqin edib.

Kinorejissor, Əməkdar incəsənət xadimi Adil Abbasın həmkarı haqqındakı düşüncələri məlumatımızı bir qədər də genişləndirir: “Nazim Abbası peşəkar kino işçisi kimi tanımışam. Bizim həmişə bir-birimizə qarşı böyük hörmətimiz olub. Nazim sənətini sevən, daim yaradıcılıq axtarışında olan insan idi. Əsasən “Salnaməfilm” və “Yaddaş” studiyalarında çalışırdı və sənədli filmlər üzərində işləyirdi. Mövzunun müxtəlifliyinə, məzmun dərinliyinə diqqət edirdi. Buna görə də filmləri maraqlı alınırdı. Son illərdə filmlərində həm də operator kimi işləyirdi. Çalışqan, məsuliyyətli insan idi. Yaradıcılığında fasilə olmasını qətiyyən sevməzdi. Buna görə də yaradıcılıq bioqrafiyasında mövzu və janr müxtəlifliyi çoxluq təşkil edir”.

Nazim Abbasın Azərbaycan Televiziyasında ərsəyə gətirdiyi bədii televiziya  filmləri forma və məzmun etibarilə fərqlidir, maraqlıdır. Bədii kinoda debütünü 1976-cı ildə edən rejissor, yazıçı-dramaturq İlyas Əfəndiyevin hekayəsi əsasında quruluş verdiyi “Bizi dağlarda axtarın” qısametrajlı bədii televiziya filmində Daşkəsən dağlarında alunit yataqları axtaran geoloqlardan danışıb. Ekran qəhrəmanlarının həyat tərzini, bir-birilərinə olan qarşılıqlı münasibətlərini, peşə çətinliklərini lirik-poetik üslubda təqdim edib.

Rejissorun quruluş verdiyi “Bir az da Bahar bayramı” (1982) filmində idman müəllimi Məmmədəlinin (Tofiq Mirzəyev) məsləyinə olan sevgisi, peşə məsuliyyəti filmin əsas süjet xəttini təşkil edir. Daim iş başında olan Məmmədəli həmişə böyük həcmli tədbirlərin nümayişində iştirak edən idmançıların yürüşünü, müxtəlif hərəkətlərlə maraqlı nömrələrin təqdimatını təşkil edib. Buna görə də böyük tədbirlərin təşkili onsuz keçməyib. Artıq təqaüdə çıxan Məmmədəlini növbəti tədbirə çağrmaq nədənsə yubanır. Bundan narahat olan idman müəllimi daxili sarsıntı, nigarançılıq hissi keçirir. Bir gün evinə gələn zəng ona yenə də həyat sevinci bəxş edir. Məmmədəli növbəti bayram nümayişinin hazırlıq mərhələsinə dəvət edilir. Lakin o, yenə də nigarandır. Çünki növbəti tədbirlərə dəvət almaya da bilər…

İnsanların mənəvi aləminin tədqiqi, ictimai mövqeyi, nümunəvi davranışın, kamil düşüncənin zəruriliyi rejissorun filmlərinin leytmotivini təşkil edir. Buna görə də ərsəyə gətirdiyi filmlərdə insani keyfiyyətlərin yüksəkliyi, mənəvi üstünlüklərin vacibliyi ideyası ön plana çəkilir. Onun bir çox hallarda eyni yaradıcı heyətlə çalışması da diqqətçəkəndir. Operatorlardan S.Bədəlov, N.Şıxəliyev, bəstəkar R.Qasımova, aktyorlardan T.Mirzəyev, Ə.İbrahimov və digərləri Nazim Abbasın daim müraciət etdiyi, yaradıcılıq potensialından bəhrələndiyi sənətkarlardır.

Bədii kinoda əsasən insan amilini, həyatdakı rolunu tədqiq edən rejissor, sənədli kinoda müxtəlif peşə sahiblərinin məslək məsuliyyətini, bölgələrə məxsus iqlimi, adət-ənənələri faktlar əsasında gündəmə gətirib, müxtəlif dövrlərin ab-havasını, ölkədə gedən ictimai-siyasi, iqtisadi-mədəni prosesləri məzmunlu ekran təhkiyəsinə çevirib, ətraflı şəkildə izah edib.

Ömrü boyu yaradıcılıq eşqi ilə yaşayan, çalışmaqdan yorulmayan Nazim Abbas 2000-ci ilin 16 sentyabr tarixində 61 yaşında dünyasını dəyişib. Dolğun, maraqlı filmlərinə, çoxşaxəli fəaliyyətinə görə kinosevərlərin hafizəsində iz salıb.

Dövlət Film Fondu