Aktyor Rafael Dadaşovun doğum günüdür

Koloritli, məzmunlu rollarını yaddaşlara həkk edən, milyonların sevgisini qazanan, sənətkarlarımızdan biri də Xalq artisti, “Şöhrət” ordenli Rafael Dadaşovdur. Sənətkar ailəsində (atası – Xalq artisti Məlik Dadaşov, anası – Xalq artisti Sofiya Hüseynova) doğulub böyüyən gələcəyin məşhur aktyorunun sənətə gəlişi təsadüfi olmayıb. Ailədə və teatr mühitində eşitdiyi sənət müzakirələri, apardığı dərin müşahidələr taleyində, həmçinin aktyorluq fəaliyyətində mühüm rol oynayıb.

Hələ uşaq yaşlarından sənətə maraq göstərən Rafael Dadaşov 1971-ci ildə Moskvada sirk rejissorları kursunu, 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirib. 1976-cı ildən Akademik Milli Dram Teatrında (görkəmli teatr rejissoru Tofiq Kazımovun dəvəti ilə) əmək fəaliyyətinə başlayıb. Teatrın səhnəsində bir sıra tamaşalarda çıxış edərək geniş tamaşaçı auditoriyasının diqqətini çəkib. Teatrda fəaliyyəti ilə yanaşı, Azərbaycan Televiziyasında hazırlanan bir sıra tamaşalarda rol alan aktyorun həm də bəxti onda gətirib ki, burada tanınmış televiziya rejissorları Tariyel Vəliyevin, Ramiz Həsənoğlunun yaradıcılıq təcrübələrindən bəhrələnib. Onların quruluş verdikləri televiziya tamaşaları aktyorun yaradıcılıq potensialını daha qabarıq şəkildə təqdim etməsinə imkan yaradıb, sənət uğurlarını artırıb.

Aktyorun oynadığı müxtəlif səpkili rolları, o cümlədən Rüstəm (“Ötən ilin son gecəsi”), Kavaler (“Mehmanxana sahibəsi”), Vasif müəllim ( “Bağışla”, “Səndən xəbərsiz”), Həmid (“Yollar görüşəndə”), Rauf (“Göz həkimi”), Həmid (“Ordan-burdan”), Orxan (“Topal Teymur”) və digər obrazları peşəkar təqdimata görə bu gün də maraqla izlənilir, sevilir. Personajların daxili aləmini, xarakterik cizgilərini orijinal boyalarla çatdıran aktyor obrazların real portretini yaratmağa müvəffəq olub, yaradıcılıq potensialını hər fürsətdə təsdiqləyib. Teatrda olduğu kimi, televiziya tamaşalarına da baxımlılıq gətirib, müəlliflərin məqsəd və məramlarını yaradıcılığı vasitəsilə tamaşaçıya çatdırıb.

Sənəti dərindən duyma qabiliyyətinə görə romantik və realist aktyor məktəbinin davamçısı olan sənətkara bu mənada müxtəlif səpkili, xarakterik rollar həvalə edilib.  “Mehmanxana sahibəsi” televiziya tamaşasındakı Kavaler obrazını yaxşı xatırlayırıq. Müflisləşmiş Kavalerin müştəbeh, təkəbbürlü, əslində isə Markizlə dialoqunda tamamilə fərqli cəhətlərini (bəzən səxavətli, bəzənsə mərd), Mirandolina ilə rəftarında daha mülayim, sevgi dolu olduğunu görürük.

“Yollar görüşəndə” televiziya tamaşasında Həmid obrazının təfsirində ciddi xarakterli, azad fikirli, həyatından gileyli, ürəyincə olan qızla (Çiçəklə) rastlaşdıqdan sonra isə mülayim, xoşrəftarlı gəncin fərqli cəhətlərini izləyirik.

“Ötən ilin son gecəsi”ndə özünə qapanan, təkəbbürlü, narahat, sevgilisi ilə barışdıqdan sonra isə həyat eşqini, daxili sevincini büruzə verən Rüstəm rolu da xarakter etibarilə diqqət çəkir. Bu da həqiqətdir ki, aktyor ilk baxışda eynilik təşkil edən rollarını fərqləndirməyə, obrazların xarakterik cəhətlərini təqdim etməyə nail olub, nəticədə kiçikplanlı rolla da tamaşaya kolorit gətirməyi, yadda qalmağı bacarıb.

“Ordan-burdan” televiziya tamaşasındakı Həmid surəti aktyorun yaradıcılığında mühüm yer tutur. Bir tamaşada iki fərqli xarakter (kişi və qadın) yaratmaq, rola uyğun mizan vermək aktyorun sənət biliciliyini, peşəkarlığını bir daha təsdiqləyir.

“Bağışla”, “Səndən xəbərsiz” televiziya tamaşalarındakı Vasif müəllim obrazının uğuru isə sənətkarın yaradıcılıq imkanlarının olduqca geniş, sənət palitrasının rəngarəng olduğunu vurğulayır.

Bir neçə televiziya serialında rol alan aktyorun uğur kodeksi səmimiliyində, sadəliyində, personajları yaşarı təqdim etməsindədir. Buna da onun sənətə bağlılığı, səhnə yaraşığı verən xarici görünüşü, sənəti dərindən duyma bacarığı imkan verirdi.

Aktyor müxtəlif janrlı filmlərdə, o cümlədən “Var olun, qızlar”da İsa, “Dantenin yubileyi”ndə Cavad Cabbarov, “Xüsusi vəziyyət”də Zahid, “Yay gününün xəzan yarpaqları”nda müfəttiş, “Bəxt üzüyü” kinokomediyasında Rasim, “Mənim ağ şəhərim” sosial dramında baş mühəndis Aydın və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.

Sözügedən filmlərdən də göründüyü kimi, aktyor, əsasən, sosial mövzulu və müasirlərinin həyatından bəhs edən ekran əsərlərində rol alıb. Kino obrazlarına baxımlılıq gətirib, rolların ictimai mahiyyətini, həyat mövqeyini, məqsəd, məramını böyük sənət eşqi ilə, dolğunluqla göstərib. Təkcə “Bəxt üzüyü” kinokomediyasındakı Rasim obrazını xatırlamaq kifayət edir ki, aktyorun səmimi yaradıcılığının təfsirində həyat prinsipi varlanmaq olan, ətrafında baş verən hadisələrə biganə qalan, insanlara sosial durumuna görə dəyər verən, yalnız şəxsi mövqeyini güdən, cəmiyyət üçün yararsız tipi yaxından tanıyaq, mənfi cəhətlərini qınayaq.

“Şeytan göz qabağında” filmində Heydərov rolunu ifa edən Hacımurad Yagizarovun, “Əlavə təsir” filmində polkovnik Şəmsəddin Babayev obrazını canlandıran  Elxan Qasımovun və digər ekran personajlarını səsləndirən Rafael Dadaşov dublyaj fəaliyyəti ilə diqqət çəkib, istedad və biliyini böyük zəhməti hesabına maraqlı iş əmsalına çevirib.

Sənət yalnız yüksək təqdimat prosesində sevilir, baxılır, həyatın inikasına çevrilir. Rafael Dadaşov kimi əsl sənətkarlar da məsləyinin fövqündə həyatı gözəlləşdirir, ömrünü insanlara, sənətin ucalığına həsr edir.

Dövlət Film Fondu