Azərbaycan kinosunda özünəməxsus dəst-xəttinə görə sayılıb-seçilən, quruluş verdiyi ekran əsərlərində hər dövr hadisələrini dərindən duyan, məna dərinliyi ilə əks etdirən bacarıqlı kinorejissorlarımızdan biri də Əməkdar incəsənət xadimi, kinorejissor Ənvər Əblucdur. Müxtəlif janrlı filmlərində fərqli dövrlərin hadisələrini, ab-havasını, cəmiyyətin davranış qaydalarını, mürəkkəb insan münasibətlərini ustalıqla xarakterizə edən, filmlərdəki hadisələrə bilavasitə müəllif münasibətini bildirən, mövqeyini bəyan edən istedadlı kinorejissorun 77 yaşı (06.01.1947) tamam olur. Ənvər müəllimi yeni yaşı münasibəti ilə təbrik edirik, ona kinosevərlər və Dövlət Film Fondunun əməkdaşları adından cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Həyat hadisələrinin inikası olan kino sənəti ilk növbədə inandırıcılığı, emosional təqdimatı sevir. Ənvər Əblucun “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı filmlərdə də müxtəlif həyat hadisələri realist üslubda, emosional formada həllini tapıb, düşündürüb, baxılıb. Rejissorun hadisələrə bilavasitə intuitiv yanaşması, fərqli, orijinal quruluşlarda təqdim etməsi hadisələrin şərhini verməklə bərabər, filmərində rol alan aktyorların (əsasən gənc nəsil aktyorların) peşəkarlığına səbəb yaradıb.
1973-cü ildə Moskvada Ümumiittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirən kinomanın yaradıcılıq filmoqrafiyasına 40-dan çox film daxildir. Bunların içərisində bədii və sənədli filmlər, “Mozalan” süjetləri var. Rejissorun quruluş verdiyi “Qara gölün cəngavərləri” (1984) tarixi-macəra filmi 1985-ci ildə Minsk şəhərində keçirilən XVIII Ümumittifaq Kinofestivalında Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin diplom və mükafatına layiq görülüb.
Filmdəki hadisələr 1905-ci ildə Bakıda neft mədənlərində işləyən fəhlələrin məskunlaşdığı qəsəbələrin birində baş verir. Ağır şərtlər altında işləyən fəhlələrin əmək şəraitinin dözülməzliyi əks olunur. Çətin vəziyyətlə barışmayan fəhlələr mədənlərdə tətil edirlər, hüquq və ictimai bərabərliyin bərqərarı naminə apardıqları mübarizədə bir sıra çətinliklərlə qarşılaşırlar. Macəra filminin qəhrəmanları arasında uşaqlar da var. Kiçik yaşlarından həyatın acısını dadmağa, çətinliklərlə üzləşməyə məcbur olan azyaşlıların və yeniyetmələrin kədərli, fərəhsiz həyat şəraiti tamaşaçıları düşündürür, dramatik hadisələr əməyi istismar olunan uşaqların haqqını tapdalayan kapitalistlərə qarşı ikrah hissi yaradır, yaxın keçmişin siyasi-ictimai həyatını, ab-havasını şərh edir.
Rejissorun 1995-ci ildə ekranlaşdırdığı Qarabağ müharibəsindən bəhs edən “Ağ atlı oğlan” filmi İran İslam Respublikasında Beynəlxalq Uşaq Filmləri Festivalında, “Məhəmməd Biriya” (2004) sənədli filmi İsveç Krallığında keçirilən beynəlxalq kinofestivalda iştirak edib, “Tərsinə çevrilən dünya” bədii filmi isə 2012-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Polis Filmləri Festivalında diploma layiq görülüb.
Ənvər Əbluc Azərbaycan dublyaj sahəsindəki xidmətlərinə görə də seçilib. İstedad və bacarığı sayəsində filmlərin Azərbaycan dilində çatdırılmasında mühüm rolu olub. Ana dilimizin təkmilləşməsi istiqamətində (rejissor kimi) böyük əmək sərf edib.
Yaradıcılığı tamaşaçılar tərəfindən sevilə-sevilə izlənilən, baxılan rejissorun kino fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2006-cı ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Dövlət Film Fondu