İlham Namiq Kamal – 75

İllər əməllərlə ölçülür. Ömürə qatılan zəhmət insan həyatını zamanla daha maraqlı, daha mənalı edir. Bu il 75 yaşını (09.01.1949) qeyd edən Xalq artisti, teatr, kino aktyoru İlham Namiq Kamal da əməyi, zəhməti hesabına ərsəyə gətirdiyi məzmunlu rollarına görə tamaşaçıların sevgisini, rəğbətini qazanıb, tanınıb, məşhurlaşıb.

Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino  aktyorluğu fakültəsinin məzunu olan İlham Namiq Kamalın sənət uğuru Azərbaycanın görkəmli sənətkarları Adil İsgəndərovdan və Rza Təhmasibdən  sənət dərsi alması ilə başlayıb. Hələ tələbə olarkən institutun tədris teatrında çalışan aktyor burada bir sıra maraqlı rollar canlandırıb, potensialını təsdiqləyib. Daha sonra müxtəlif teatrlarda (Dövlət Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı) fəaliyyət göstərib, paralel olaraq “Azərbaycanfilm” kinostudiyasında məzmunlu obrazlar canlandırıb.

Kinoda debüt rolunu “Xatirələr sahili” filmində edən aktyor 10-dan artıq bədii filmdə (“Qızıl qaz”, “Bağçada rahat yer”, “Qəribə adam”, “Üzeyir ömrü”, “Bəyin oğurlanması” və s.) çəkilib, “Sehrli çıraq” animasiya filmində öz prototipini səsləndirib. Bir sıra “Mozalan” satirik kinosüjetində (“Fəallıq”,  “Gethagetdə”, “Fədailər”, “Ekskursiya”, “Şərt” və s.), televiziya tamaşasında (“Evləri köndələn yar”, “Kişilər”, “Mehmanxana sahibəsi”, “Göz həkimi” və s.) maraqlı obrazlar canlandırıb.

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “Qayınana” filmindəki İlqar rolu aktyora daha çox məşhurluq gətirib. Ailə-məişət mövzusunda olan kinokomediyada hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnət xalanın (Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Belə məqamda Ayazın köməyinə dostu İlqar (İlham Namiq Kamal) gəlir. Cənnət xalanın təzə gəlini ilə arasında yaranan ziddiyyətlər Sevda ilə münasibətinin yaxşılaşmasına səbəb olur. Beləliklə də, dağılmaq üzrə olan ailədə mehribanlıq, xoş münasibətlər yaranır.

Musiqili kinokomediyada baş rollardan biri kimi qəbul edilən İlqar ziddiyyətlərin yumşaldılması, hadisələrin nizama salınması baxımından janrın xüsusiyyətini tamamlayan, tərəf-müqabillərinin fərdi cəhətini tanıdan əsas obraz kimi qəbul edilir. Ayazın evində dramatikləşməyə doğru gedən hadisələrin komik aspektdə cərəyan etməsi (ziddiyyət yaradacaq situasiyaları aradan qaldırması, tərəflər arasında ünsiyyət yaratması və s.), bir çox hallarda vəziyyət komediyasının yaranması məhz İlqarın iştirakı ilə baş verir. Bu mənada musiqili komediyanın ekran təcəssümünün uğuruna imza atan aktyor məzmunlu ifası ilə yaradıcılıq potensialını və rejissor ideyasını təsdiqləyir.

İlham Namiq Kamalın müxtəlif mövzulu televiziya tamaşalarında oynadığı  rolları da sənət kredosunu təsdiqləyən, maraqlı, məzmunlu personajlardır. Zəngin plastikaya malik aktyorun müxtəlif televiziya tamaşalarında oynadığı Hüseynağbacı (“Kişilər”), Markiz (“Mehmanxana sahibəsi”), Talıbov (“Göz həkimi”), Sadıq Həsənov (“Nekroloq”) və digər rolları ədəbi əsərlərin ideyasını, mənasını açıb, müxtəlif dövrə aid personajların təfsirində ictimai davranışın bu və ya digər cəhətlərini bacarıqla təqdim edib.

1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərən aktyor sənətin sirlərini gənclərə böyük sevgi ilə aşılayır, həmçinin universitetin Musiqili teatr aktyoru kafedrasının müdiridir. 

Ömrünü sənətə həsr edən, imza atdığı hər bir rolunun məna və məzmunu incəliklə cilalayan, peşəsini layiqincə təqdim edən aktyorun sənəti Dövlət tərəfindən yüksək qiymətləndirilib. Xalq artisti fəxri adına, Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına layiq görülüb. “Şöhrət” ordeni ilə təltif edilib.

Dövlət Film Fondu