Bu gün Azərbaycan kinosunun parlaq nümayəndəsi, milli kinomuzun inkişafında müstəsna rola malik görkəmli sənətkarımız, kinorejissor və ssenarist Eldar Quliyevin doğum günüdür. Öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik olan, həmişə yaradıcılıq axtarışlarında olan Eldar Quliyev milli kinematoqrafın ictimai həyatında fəal iştirak edib.
Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub.1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Kinorejissor Eldar Quliyev ilk dəfə “Biri vardı, biri yoxdu…” adlı qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmlərin müəllifi olan rejissorun ilk böyük ekran əsəri “Bir cənub şəhərində” filmi olub və o, bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
“Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın bədii (“Bir cənub şəhərində”, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Səmt küləyi”, “Ürək…ürək…”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli filmə quruluş verən rejissor, həmçinin bir neçə bədii və sənədli filmin ssenari müəllifidir.
Eldar Quliyev 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olub və 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilib.
Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirib. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edib, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.
Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adlarını alıb, respublika Dövlət mükafatına və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.