Əməkdar incəsənət xadimi Zaur Məhərrəmovun doğum günüdür

Azərbaycan kinosunda məzmunlu yaradıcılıq üslubuna görə seçilən kinooperatorlardan biri də Əməkdar incəsənət xadimi Zaur Məhərrəmovdur. “Azərbaycanfilm” kinostudiyasında 70-ə yaxın filmin ərsəyə gəlməsində əməyi olan Zaur Məhərrəmov bu il 86 yaşını qeyd edir. Yubilyara möhkəm cansağlığı, işlərində uğur arzulayırıq.

Zaur Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Kinoya hələ uşaqlıq illərindən həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra Bakı kinostudiyasında operator assistenti kimin işləyıb. Ali kino təhsili almaq məqsədi ilə Moskvaya üz tutan gənc kinematoqrafçı 1957-1963-cü illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində oxuyub, sənətin sirlərinə dərindən bələd olub. İnstitutu bitirdikdən sonra vətənə qayıdıb, kinostudiyada operator kimi işləməyə başlayıb. Fəaliyyəti boyunca (1956-cı ildən) yüksək peşəkarlıq nümayiş etdirib, Azərbaycan kinooperatorluq sənətinin layiqli davamçılarından biri kimi tanınıb.  

Operator kimi 20-ə yaxın bədii (“Mən mahnı qoşuram”, “Gözlə məni”, “Xatirələr sahili”, “Qızıl qaz”, “Üzeyir ömrü”, “Tənha narın nağılı”, “Qocalar, qocalar…” və s.), 50-dən çox sənədli (“Qobustan”, “Naxışların yaddaşı”, “Daşlar danışanda” və s.) film çəkib. Həmçinin müxtəlif mövzulu sənədli filmin rejissor-operatoru (“Daş yaddaş”, “Azərbaycana səyahət” və s.), ssenari müəllifi (“Soltan quşunun sorağında” (Toğrul Cuvarlı ilə birgə), “Əshabi-Kəhf” və s.) olub. Çəkdiyi filmlər beynəlxalq festivallarda iştirak edib.

Zaur Məhərrəmovun görkəmli rejissorların filmlərinə dəfələrlə dəvət alması, onlarla çiyin-çiyinə çalışması sənət uğurunun göstəricisidir. Fəaliyyətinin ilkin mərhələsini sənədli filmlər təşkil edən operator müxtəlif mövzuları əhatə edən filmlərin mövzu və məzmununu maraqlı, kino sənətinin tələblərinə cavab verən ölçülərlə təqdim edib. Tədricən bədii kinodakı bacarığını nümayiş etdirməklə, filmlərin ekran həllinin uğurlu alınmasında mühüm rolu olub.          İmza atdığı hər bir filmdə peşəkarlıq nümayiş etdirib, ədəbi əsərlərə müəllif-operator mövqeyindən yanaşaraq ekran obrazlarının xarakterlərini, hadisələrin məzmununu ifadəli şəkildə təqdim edib, ekran hadisələrinin baxımlılığını artırıb.

Zaur Məhərrəmov bədii kinoda ilk dəfə “Su ərizəsi” (1964) kinodramına operator kimi quruluş verib. Film XX əsrin əvvəllərində Azərbaycan kəndlərinin birində baş verən hadisələrdən bəhs edir. İnsanların hüquqsuzluğundan, çar hökuməti məmurlarının laqeydliyindən danışan kinodramda operator insanların ağır, çətin həyat şəraitini, gərginliklə dolu yaşam tərzini müxtəlif üslublu çəkilişlər vasitələri ilə nəzərə çarpdırıb, yaxın keçmişə aid boz mühitin kədərli hekayəsini, faciəsini ustalıqla təsvir edib. Məhz bu mənada kinonun uğurunun 90 faizini operatorların sənət bilgisi və istedadı təmin edir desək, yanılmarıq.

Bu filmdən sonra “Uşaqlığın son gecəsi” (1968, rejissor Arif Babayev) məhəbbət dramına quruluş verən operator yaradıcılıq imkanlarından daha geniş istifadə edərək filmin baş qəhrəmanları Rüstəm və Muradın simasında həyatını nizama salmağa, özünü tapmağa, cəmiyyətdəki rolunu müəyyənləşdirməyə çalışan gənclərin düşüncə və psixologiyasını incə ştrixlərlə xarakterizə edib, personajların davranış və düşüncələrini bəzən romantik-poetik, bəzənsə realist təsvirlərlə xarakterizə edib.

Kinonun mühüm missiyası xeyirlə şərin mübarizəsini əks etdirmək, xeyirin qalibiyyətini mühüm həyat faktı olaraq təsdiqləmək, filmlərin leytmotivinə çevirməkdir. Filmdə müsbət xarakterli gənclərin üstünlükləri, məqsədyönlü həyat amalının, ali fikirlərin qalib olması operatorun dəqiq mizanladığı prizmalardan realizə olunub, qəbul edilib.

Kinonun spesifik keyfiyyətlərini, vacib şərtlərini dərindən bilən, yaradıcılığında tətbiq edən operator natura, detal, fon, dekorativ çəkilişlərin məna və mahiyyətini müxtəlif  rakurslardan canlandırmaqla hadisələrin məzmununu çatdırmağa müvəffəq olub, personajların istək və amalını, mühit və şəraitini dəqiq mizanlardan göstərib, hadisələrin məna dəyərinin, mövzunun tamlıqla qavranılmasının təminatçısı olub.

Operatorun “Ad günü” sosial dramında iki xətt üzrə cərəyan edən hadisələrin vizual şərhini göz önündə canlandıraq. Filmdəki hadisələr Əli və Mustafanın ətrafında baş verir. Dost və yaxınları ilə olan ünsiyyəti mühiti, dövrü, müasirləri haqqında ətraflı məlumatlanmağımıza zəmin yaradır.

Əli (David Uplisaşvili) həyatın mənasını yalnız ailə mühitində deyil, həmçinin sosiallaşmaqda, insanlarla xoş ünsiyyətdə, ruzisini, nəcib xüsusiyyətini, düşüncəsini əzizləri ilə bölüşməkdə görür. Buna görə də uşaqlıq dostlarını yeganə oğlunun ad günü məclisinə dəvət etməkdə, mehriban münasibətlərini bərqərar etməkdə israrlıdır. Lakin dostluq münasibətlərini qoruyub saxlamaq, insani keyfiyyətlərin əsas daşıyıcılarından olan mehribanlıq xüsusiyyətini göstərmək hər insana xas olan cəhət deyil. Dostluq, mehribanlıq yalnız istək yox, həm də məqsəddir, xüsusiyyətdir.

Məktəb müəllimi işləyən Mustafa da (Hacı İsmayılov) ona yad olan şəhərdə tənhadır. Standart həyat şəraiti onun da xoşbəxt olmağına əsas yaratmır. Film boyu yüksək keyfiyyətlərin daşıyıcısı olan qəhrəmanların qısa həyat hekayəsində ətrafındakıların qayğısını çəkən nigaran, həssas qəlbli, təmiz vicdanlı insanların nümunəvi cəhətlərini (qonaqpərvərliyini, əliaçıqlığını, mehribanlığını) izləyirik. Hadisələrin ardıcıllığında qəhrəmanlarımızın həyat şəraiti, yaxınları, həmçinin mühiti, müxtəlif obyekt və məkanlarla tanış oluruq. Psixoloji nüanslarla vacib məqamlara toxunulan məsələləri dialoq və münasibətlər fonunda qavrasaq da, vəziyyət və mühiti xarakterizə edən təsvirlər cəmiyyət və mühit haqqında dolğun təəssürat yaradır, ekran hadisələrinin inandırıcılığına səbəb olur. Zaur Məhərrəmovun personaj və məkan, arxa və ön plan çəkilişlərinə, natura, dekorasiya amillərinə diqqətlə yanaşması filmin maraqla baxılmasına, hadisələrin realist təqdimatına imkan yaradır.

1970-ci ildən sənədli kinoda rejissor kimi çalışan Zaur Məhrrəmov operator və rejissor kimi müxtəlif janrlı filmlərin məzmununa uyğun realist yaradıcılıq nümayiş etdirib, ekran hadisələrinin mahiyyətini təsdiqləyən, əhəmiyyətini göstərən kadrlar ərsəyə gətirib. Dəqiq prizmalardan canlandırdığı rakurslar vasitəsilə yeri gələndə poetik sənət nümunələri, yeri gələndə həyatımızın, məişətimizin doğru izahını verən real, dolğun kadrlar nümayiş etdirib. Operatorun bədii və sənədli kinoda qazandığı nailiyyətlər ümumilikdə Azərbaycan operatorluq sənətinə gətirdiyi uğurdur, örnək yaradıcılıq nümunələridir. Ən əsası odur ki, maraqlı, məzmunlu təsvir nümunələri ilə kinonun inikas funksiyasını yerinə yetirən sənətkar, imzası olan hər bir işində yaradıcı heyətə uğur qazandırmaqla yanaşı, sənətinin məktəbini yaradıb, yüksək sənətkarlıq keyfiyyəti ilə də seçilib, sevilib.

Azərbaycan kino salnaməsinə qiymətli sənət nümunələri bəxş edən, maraqlı, məzmunlu filmləri ilə yaradıcılığını gənc kinematoqrafçılar üçün əyani tədris vasitəsinə çevirən istedadlı kino xadimi uzun illər Türkiyədə Anadolu Universitetinin kino və televiziya bölməsində dərs deyib, bilik və bacarığını tələbələrə tədris edib.

Ustad sənətkarımızı əməkdaşlarımız və kinosevərlər adından bir daha doğum günü münasibəti ilə təbrik edirik. Azərbaycan kinosunun keşiyində durduğu, mühüm mövzulu  ekran əsərləri yaratdığı üçün böyük minnətdarlıq hissi ilə ona cansağlığı, uğurlar diləyirik.

Dövlət Film Fondu