Azərbaycan teatr, kino sənətində peşəkar yaradıcılıq nümayiş etdirən, yaddaqalımlı ekran obrazlarına görə çoxsaylı tamaşaçı auditoriyasının rəğbətini qazanan Xalq artisti Rafiq Əzimovun 86 yaşı tamam olur. Fürsətdən istifadə edib kinosevərlər və əməkdaşlarımız adından sevimli aktyorumuzu təbrik edirik, ona möhkəm cansağlığı, sənət sevincləri arzulayırıq.
Hələ uşaq yaşlarından sənətə həvəs göstərən, gənc yaşlarından (1958) teatra üz tutan, yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda böyük həvəs, coşqu ilə çıxış edən Rafiq Əzimovun məhsuldar kino fəaliyyəti 1962-ci ildən başlayıb. Debüt işi “Əmək və qızılgül” filmində olan aktyor bundan sonra 20-dən çox filmdə çəkilib, həmçinin kinostudiyanın dublyaj şöbəsində çalışıb, müxtəlif janrlı filmlərdə, o cümlədən “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində Oleq, “Uşaqlığın son gecəsi” macəra dramında Murad, “Bir cənub şəhərində” sosial dramında Sabir, “Qızıl uçurum” kinodramında Qüdrət, “Qara gölün cəngavərləri” filmində Əbdüləli və başqa kino personajlarını səsləndirib, rolların daxili mənini, arzu və istəklərini ifaçılar qədər həssaslıqla çatdırıb, baxımlı edib.
Dublyaj sənəti böyük səbir, təmkinlə yanaşı, dərin sənət biliciliyi tələb edir. Peşəkarlıqla səsləndirilən ekran personajları kinosevərlərin yaddaşında iz salır, məşhurlaşır. Rafiq Əzimovun uğurla səsləndirdiyi yaddaqalan ekran personajlarından biri də “Uşaqlığın son gecəsi” filmindəki Murad roludur.
Müstəqil həyata qədəm qoyan, cəmiyyətdəki yerini müəyyənləşdirməyə, özünü tapmağa çalışan Murad ağıllı olduğu qədər də çılğın, baməzə xüsusiyyətlərə malikdir. Ətrafındakılara olan münasibətini, fərdi düşüncəsini çox vaxt qeyri-ciddi mimika və jestlərlərlə ifadə edir. İlk baxışda sadə və səmimi təsir bağışlayan, əslində isə özünəməxsus cəhətləri fonunda tənbəl, ərköyün, eyni zamanda haqqı müdafiə edən gəncin bəzən mürəkkəb, bəzən coşqun, bəzənsə kədərli, düşüncəli davranışı Rafiq Əzimovun obrazlı səsi ilə dəqiq xarakterizə edilir, rolun fərdi cəhətləri məxməri səsin ahəngində dəqiqliklə cilalanır, nəzərə çarpır. Dublyaj sənətinin vacibliyini yüksək sənət duyumu ilə bəyan edən səs rolu məharətlə ifa edən ifaçını (Xalq artisti Ənvər Həsənov) bir daha məşhurlaşdırır, sevdirir.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-a yaxın filmdə irili-xırdalı rol oynayan Rafiq Əzimovun televiziya tamaşalarında (“Astana”, “Ordan-burdan”, “Göz həkimi”, “Mənim günahım”, “Nigarançılıq” və s.) canlandırdığı obrazları da sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb, aktyorun məşhurluğunu artırıb.
1962-ci ildən etibarən Akademik Milli Dram Teatrının səhnəsində koloritli rollar oynayan aktyor paralel olaraq, kino obrazlarının təfsirində yaradıcılıq kredosunu bəyan edib, heç bir zahiri təmtəraqdan istifadə etmədən rollarına böyük maraqla, şövqlə yanaşaraq tamaşaçı sevgisi qazanıb.
Teatrda sənət təcrübəsi qazanan aktyorlar kinoya böyük nailiyyətlər bəxş ediblər. Rafiq Əzimov da ekran obrazlarını məharətlə təqdim etməklə sənətdəki ustalıq səviyyəsini göstərib, peşəkarlığını nümayiş etdirib.
Aktyorun filmlərdə fərqli yaş dövrünü canlandırdığı ekran obrazları potensial genişliyini bir daha təsdiqləyir. “Ömrün ilk saatı” və “Arxadan vurulan zərbə” filmində Hüseynov və Sadıq rollarının həyat hekayəsini müxtəlif yaş dövrlərində izləyirik.
Azərbaycan neftçi ailəsinin üç nəsli haqqında bəhs edən “Ömrün ilk saatı” filmində hadisələr 20-ci illərdə, İkinci Dünya müharibəsi dövründə və müharibədən sonrakı vaxtlarda neft buruqlarında baş verən hadisələrdən danışır. Neft ustası Mehdi ilə işləyən Sadıq zamanla onun övladları ilə neft buruqlarında birgə çalışır, oğul və nəvəyə neftçi dostunun iş üsulu, məqsədini nəql edir. Sadığın yaxın keçmişlə bağlı xatirələri ibtidai üsulla neft hasil edən insanların keşməkeşli həyat tərzini, çətin iş rejimini əks etdirir. Aktyorun monoloq və dialoqları filmin baş qəhrəmanlarının daxili aləmini, psixologiyasını tamaşaçıya daha yaxından tanıdır, istək və məqsədlərini həyata keçirməyə təkan verən möhkəm iradələrinin olmasını, xarakter tamlıqlarını səmimi, inandırıcı mizanlarla nəql edir, prototiplər haqqındakı təsəvvürlərimizi dəqiqləşdirir. Aktyorun filmlə bağlı müsahibəsindən: “Ömrün ilk saatı” filmində ssenarini oxuyanda dəhşətə gəldim. Sadıq rolunun həm cavanlıq, həm orta yaş, həmdə qocalıq dövrü var. Düşündüm ki, bunları mən necə oynayacağam?.. Sən demə bədii şurada da filmin rejissoru Arif Babayevə deyiblər ki, Sadıq rolunun qocalığını başqa aktyor canlandırsın, Əzimov obrazın qocalıq vaxtını oynaya bilməz. Arif Babayev cavab verib ki, mən Rafiq Əzimovun teatrda oynadığı qoca rollarını çox görmüşəm. O, özü oynaya bilər, oynayacaq da. Beləcə, mən bu filmdə üç fərqli yaşda olan Sadıq rolunu canlandırdım”.
“Ömrün ilk saatı” filmindən sonra Arif Babayev “Arxadan vurulan zərbə” filmində Rafiq Əzimova iki yaş həddini (cavanlıq və qocalıq) canlandıran Hüseynov rolunu həvalə edir. Filmin ideya məzmununu tamamlayan rollardan biri olan Hüseynov aktyorun təqdimatında filmin aparıcı qüvvəsi olaraq qəbul edilir, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.
Rafiq Əzimovun kinoda oynadığı ekran obrazlarının uğurları haqqında uzun-uzadı danışmaq mümkündür. Ən əsası odur ki, ardıcıl olaraq filmlərə dəvət alan, rejissorların diqqətindən kənarda qalmayan aktyor kino sənətində peşə biliciliyini dönə-dönə təsdiqlədi, teatrda olduğu kimi kinoda da çoxsaylı tamaşaçı sevgisi ilə əhatələndi.
Sənətin keşməkeşli cığırlarında çətin sınaqlara sinə gərən, çalışqanlığı sayəsində daima zirvəyə doğru addımlayan Rafiq Əzimov ömrünü sənətə həsr etməklə davamlı olan yaradıcılıq nailiyyətini zənginləşdirdi, yüksək keyfiyyətli rollarının fövqündə də Azərbaycan teatr, kino sənətinin inkişafına töhfələr verdi.
Ustad sənətkarımıza bir daha cansağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Dövlət Film Fondu