Əməkdar artist Suğra Bağırzadə 77 yaşını qeyd edir. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Suğra xanımı ürəkdən təbrik edirik, ona cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
1947-ci ilin 10 fevral tarixində Bakıda dünyaya göz açan Suğra Bağırzadə 7 saylı orta məktəbi bitirib. Uşaq yaşlarından incəsənətə böyük maraq göstərib. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Böyük Teatrın səhnəsində solo ifa etdiyi “Cücələrim” mahnısı onun tanınmasına, məşhurlaşmasına səbəb olub. Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu, Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Cücələrim” mahnısı Artek pioner düşərgəsində buraxılan “Dünyanın ən yaxşı uşaq səsləri” musiqi valına daxil edilib.
Erkən yaşlarından istedadı ilə diqqət çəkən Suğra Bağırzadə 12 yaşında “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən dublyaj studiyasında çalışıb, xarici filmlərin səsləndirilməsində iştirak edib. 8-ci sinifdə oxuyarkən kinorejissor Zeynəb Kazımovanın “Yollar və küçələrlə” qısametrajlı filmində baş rola çəkilməsi kinorejissorların diqqətini çəkib, növbəti illərdə bir sıra filmlərə dəvət alıb. Aktrisaya kinoda böyük uğuru ona görkəmli kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Ulduz” kinokomediyasındakı Yetər rolu qazandırıb. Bu filmdən sonra o, “Alma almaya bənzər” kinokomediyasında telefonçu qız, “Şir evdən getdi” uşaq filmində hava limanı işçisi, “Tələ” filmində Fatma, “Güllələnmə təxirə salınır!…” kinodramında Nərgiz və digər rollara çəkilib.
Daim öz üzərində çalışan, yaradıcılıq fəaliyyətini artıran Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının mühəndislik-texnologiya fakültəsini bitirib. Yenidən kinostudiyaya mühəndis kimi qayıdıb. Filmlərə çəkilməklə yanaşı, floraçı-rəssam kimi də fəaliyyət göstərib.
“Floristika – incəsənətə dəstək” İctimai Birliyinin yaradıcısı olan Suğra Bağırzadənin 200-dən artıq əsəri var. O, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, həmçinin 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür (şuraya 27 ölkə daxildir).
Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. Şura tərəfindən “Floristika sənayesində yeni peşəkar istiqamət” sertifikatı ilə mükafatlandırılıb. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib. Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunub. Azərbaycan dilində ilk dəfə nəşr edilən “Floristika” kitabının müəllifidir.
2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.
Dövlət Film Fondu