Aktyor Əsgər Məmmədoğlunun doğum günüdür

İnsan məsləyinə sevgi ilə sarılanda peşəsi həyatının nicatı olur, uğur əldə etməsinə zəmin yaradır. Əməkdar artist, teatr, kino aktyoru Əsgər Məmmədoğlu da peşəsinə daim sevgi ilə yanaşıb, fərqli üslubda, böyük məsuliyyətlə təbliğ edib.

Əsgər Məmmədoğlu 1946-cı il 9 fevral tarixində Bakıda dünyaya göz açıb. Ailədə 4 bacı, iki qardaş böyüyən Əsgərin 12 yaşı olanda atası dünyasını dəyişib. Həmin vaxtlarda 3 bacısı ailə həyatı qursa da, azyaşlı qardaşı, təhsil alan bacısı və anası onun ümidinə qalıb. Evin bütün yükünü üzərinə götürən Əsgər Məmmədoğlu tum, dondurma satmaqla, sonralar isə zavodda tornaçı işləməklə ailənin dolanışığına kömək edib. Erkən yaşından səhərlər qazanc dalınca qaçıb, axşamlar yorğun-arğın evinə tələsib. Lakin bir gün də olsun, aktyor olmaq istəyindən əl çəkəyib. Bu peşəyə yiyələnməsinə narazılığını bildirən anası nəhayət ki, oğlunu fikrindən daşındıra bilməyəcəyini anladıqdan sonra onun sənətə gəlməsinə icazə verib.

Əsgər Məmmədoğlu sənət uğurunu Azərbaycan Dövlət Akademik Dram Teatrında əldə edib. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən sənət vurğunu, 1977-ci ildən etibarən Akademik Dram Teatrının aktyor heyətinə qəbul edilib. 5 il sonra Sumqayıt Dövlət Dram Teatrında, bir müddət sonra isə Tədris Teatrında çalışıb. 1987-ci ildən ömrünün sonunadək sənət taleyini  Akademik Dram Teatrı ilə bağlayıb. Orada xarakterik rollar yaratmaqla yanaşı, Azərbaycan Televiziyasında istehsal olunan televiziya tamaşalarında maraqlı obrazlar canlandırıb, sənətsevərlərin rəğbətini qazanıb. Kiçikplanlı rollar oynamasına baxmayaraq, özünəməxsus yaradıcılıq üslubuna görə böyük tamaşaçı auditoriyasının sevimlisinə çevrilib. Teletamaşalarda yaratdığı nar satan oğlan (“Qatarda”), şair (“Evləri köndələn yar”), milis işçisi (“Yaşıl eynəkli adam”), nökər (“Mehmanxana sahibəsi”), Dəmirqaya (“Topal Teymur”) və başqa rollar aktyorun peşəkarlığını bir daha sübut edib, tamaşaların mövzu tamlığına, sevilməsinə imkan yaradıb.

Fərqli yaradıcılıq üslubuna, geniş potensiala malik olan Əsgər Məmmədoğlu “Mozalan” satirik kinojurnalında oynadığı rolları ilə diqqət çəkib, həmçinin 20-dən artıq bədii filmdə kiçikplanlı, epizod rollar yaradıb.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Rəqiblər” novellasında Ələsgər, “Alma almaya bənzər” lirik-macəra filmində doğum evində gözləyən adam, “Xoşbəxtlik qayğıları” filmində Əlövsət, “Qərib cinlər diyarında” nağıl-filmində cin Əsra, “Şir evdən getdi” müasir nağıl filmində yanğınsöndürən, “Yol əhvalatı” kinokomediyasında hava limanındakı adam və başqa rolları aktyorun fərdi yozum və mizanları sayəsində maraqla izlənilib, sevilib.

Göründüyü kimi sənətə olan hədsiz sevgisinə, personajlara intuitiv yanaşdığına,  obrazların daxili mənini tanıtdığına görə Əsgər Məmmədoğlu sənətdə seçilib tanınırdı. Hər bir rolunu yaddaşlara yazmağı, obrazlarını filmlərin və televiziya tamaşalarının aparıcı qüvvəsinə çevirməyi bacardığına görə də şəxsiyyətini və sənətini sevdirirdi, rəğbət qazanırdı. Bu mənada Əsgər Məmmədoğlunun xatirəsi sənətevərlər üçün həmişə əzizdir, unudulmazdır.

Dövlət Film Fondu