Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm xidmətləri olan, bənzərsiz rollarına, məxməri səs tembrinə görə milyonların sevgisini qazanan görkəmli sənətkar, Xalq artisti Əliabbas Qədirovun anadan olmasından 78 il ötür. Aktyorun tükənməz sənət eşqi ona həvalə olunan rolları peşəkarlıqla canlandırmasına, səsləndirməsinə səbəb olub.
Əliabbas Qədirovun kinoda debüt rolu tanınmış kinorejissor Yalçın Əfəndiyevin quruluş verdiyi “Xatirələr sahili” kinodramındakı İmran Zahidov obrazıdır. Film uşaqlıq illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf edən, çətin günlərin acısını yaşayan, müharibədən sonra müxtəlif sahələrdə çalışan dostların həyat tərzindən, keçmişləri haqqındakı düşüncələrindən, həyata olan baxışlarından, baş verən hadisələrə münasibətindən bəhs edir. İnsanın cəmiyyətdəki rolunun müəyyənləşdirilməsi, məsuliyyətli davranışın, mənəvi təmizliyin, nümunəvi vətəndaş mövqeyinin zəruriliyi filmin leytmotivini təşkil edir.
Baş qəhrəmanlarından biri olan İmran Zahidov balıqçılıq sənayesinin çoxaldılması üzrə mütəxəssisdir. O, balıqçılıq fermasında süni göl yaradaraq balıqların çoxaldılmasına, nərə balıqlarının artırılmasına çalışır. Əməyi insan həyatının mənası bilən İmran dostu Səlimin dövlət malını mənimsəməsinə nümunəvi həyat mövqeyi ilə cavab verir. Ətrafındakıların gözündən düşməməyin yeganə yolunun düzlükdə, zəhmətdə olduğunu göstərir. Obrazın həyat mövqeyini, fikir və amalını özünəməxsus dəst-xətlə çatdıran, inandırıcı təqdim edən aktyorun sənəti duyma bacarığı rejissorların diqqətindən yayınmır. Bu filmdən sonra o, ardıcıl olaraq müxtəlif janrlı filmlərə dəvət alır, forma və məzmun baxımından maraqlı obrazlar yaradır, həmçinin yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak edir. Bəzən şaqraq, bəzən mülayim, bəzən titrək, bəzənsə kövrək səs tembrini obrazların istək və məqsədinə ustalıqla uyğunlaşdırır, dublyaj sənətinin vacibliyini hər bir çıxışında bəyan edir.
Əliabbas Qədirov sənət üçün doğulmuşdu. Onun sənət və həyat missiyası cəmiyyəti maarifləndirmək, tamaşaçını ədəbi materialın reallığına inandırmaq, eləcə də kinokameranın qarşısında hər hansı bir həyat hekayəsinin sərbəst şərhini vermək, çoxşaxəli yaradıcılığı fonunda insanlara doğru həyat istiqaməti vermək idi.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə, o cümlədən, “İşarəni dənizdən gözləyin”də Sultanov, “Babək” tarixi-bioqrafik filmində Fəzl, “Sevinc buxtası”nda Nazim (filminin 5 nəfər üzvü, həmçinin Əliabbas Qədirov Azərbaycan Dövlət mükafatına layiq görülüb), “Qızıl uçurum”da Cəlil və başqa yaddaqalan rollar yaradan aktyor eyni zamanda 30-dan artıq yerli filmdə personajları ustalıqla səsləndirməklə ekran obrazlarına ifaçılar qədər uğur qazandırıb. “Dədə Qorqud” filmində Yalıncıq (Əli Haqverdiyev), “Dərviş Parisi partladır”da Şahbaz bəy (Ənvər Həsənov), “Həyat bizi sınayır”da Fərəc (Ömür Nağıyev), “Yeddi oğul istərəm”də Cəlal (Ənvər Həsənov), “Yol əhvalatı” filmində İbadulla (Ceyhun Mirzəyev) və başqa aktyorların ifalarına peşəkarlıqla uyğunlaşdırdığı səs tembri ilə personajların həyat mövqeyini bəzən ahəngdar, bəzən iddialı, bəzən kədərli, bəzən baməzə, bəzənsə ironik təqdim edib, rolların uğurlu təqdimatını verib.
Azərbaycan dublyaj sənətində nümunəvi yaradıcılıq ərsəyə gətirən aktyorlar tamaşaçıların yaddaşında əbədi iz salıblar. Xarici filmləri doğma dilimizdə səsləndirən və yaxud yerli filmlərdə digər ifaçıların rolunu qüsursuz dublyaj edən aktyorlar xalqın sevimlisinə çevriliblər. 70-ci illərdən etibarən dublyaj studiyasında fəal iştirak edən Əliabbas Qədirov bu sənətə müəllimi Müxlis Cənizadənin məsləhəti ilə gəlib. Dublyaj sənətinin vacibliyini, kinonun ayrılmaz hissəsi olduğunu hər bir çıxışı ilə sübut edib, qüsursuz diksiya və danışıq texnikasına görə Azərbaycan dilinin istifadə qaydalarının tənzimlənməsində mühüm rol oynayıb.
Çoxşaxəli yaradıcılığında teatrın, kinonun maarifləndirici təbliğat vasitəsi olduğunu isbatlayan aktyorun bacarığı, bir ömürdə onlarla personajın xarakterini yaratmaq, nəzərləri səhnəyə yönəltmək, tamaşaçıları nəfəs çəkmədən izləməyə vadar etmək, inandırmaq, məsləyini peşəkarlığına rəğmən milyonlara sevdirmək xoşbəxtliyi hər aktyora nəsib olmur.
Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan aktyorun sənət uğurunun başlıca səbəbi ixtisas üzrə kurs rəhbərinin Xalq artisti, professor Mehdi Məmmədov olması, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadədən sənət sirlərini öyrənməsi idi. Aktyorun çağdaş və klassik əsərlər əsasında hazırlanan müxtəlif mövzulu tamaşalardakı iştirakı isə yaradıcılıq manerasının zənginləşdirdi, kino üçün lazımlı, vacib kadr kimi yetişməsinə səbəb oldu.
Kino yaradıcılığında xarakterik rollar çoxluq təşkil edən aktyor eyni zamanda bir neçə “Mozalan” satirik kinosüjetinə də çəkilib, sənədli filmlərin mətnini ahəngdar səsi ilə oxuyub. Kinorejissor Nicat Feyzullayevin çəkdiyi “Küçələrə su səpmişəm” (2004) filmində oynadığı Çərkəz dayı obrazı kinoda sonuncu rolu olub.
Əliabbas Qədirov sənətdə göstərdiyi xidmətlərə görə də 1982-ci ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Görkəmli sənətkar sevdiyi, böyük məsuliyyətlə yanaşdığı sənətini hər zaman ali səviyyədə təqdim edib, məsləyinin təəssübkeşi olaraq milli teatr, kino sənətimizin keşiyində durub.
Dövlət Film Fondu