Həyat haqqındakı təsəvvürlərimizin formalaşmasında kino böyük rol oynayır. Real həyat hadisələrinin sənədli kinoda əksi tarixin salnaməsi, nəsillərə ötürülməsi deməkdir. Bu mənada həyat faktlarının sənədli kinoda əksi vacibdir, labüddür.
Azərbaycan sənədli kinosunun inkişafında rol oynayan kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Fərəcov da ekranlaşdırdığı 50-yə yaxın filmdə müxtəlif mövzuya müraciət edib, tamaşaçıların maarifləndirilməsi, dünyagörüşünün zənginləşməsi istiqamətində mühüm rol oynayıb.
Ölkənin iqtisadi və yaxud müxtəlif sahələrdəki fəaliyyətinə həsr etdiyi filmləri vasitəsilə kinosevərlərin zövqünü formalaşdırıb. Unudulmaz kinorejissorun xatirəsi kinosevərlər üçün həmişə əzizdir.
Cəmil Fərəcov Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində (1969) təhsil alıb. 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasının sənədli filmlər birliyində rejissor kimi fəaliyyətə başlayıb. Ali kino təhsili almaq məqsədi ilə 1974-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsinə daxil olub. Uzun illər sənədli kino sahəsində uğurlu layihələrə imza atıb, maraqlı filmlər ərsəyə gətirib.
1997-2002-ci illərdə “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002-2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.
Fəaliyyəti dövründə onlarla sənədli filmin (“Azərbaycan məktəbi yüksəlişdə” (1972), “Mikayıl Abdullayev” (1972), “Suvenir” (1972), “Qızıl balıqlar” (1975), “Yeraltı əhvalat” (1975), “Azərbaycan”da dəniz səyahəti” (1976), “Həmrəylik məşəli” (1976), “Zamanın əsas yolu” (1977), “Azərbaycan” dünyanı gəzir” (1984), “Azərbaycan və Nobel qardaşları” (1991), “Neft maşınqayırmasının flaqmanı” (1992), “Azərbaycan kinosu-80” (1996), “Azərbaycan-alman dostluq əlaqələri” (2007), “Mən Bakını sevirəm” (2014), “Tarixin daş salnaməsi” (2014), “Əbədiyyətə uçuş” (2019) və digər sənədli filmləri ərsəyə gətirib. Həmçinin 30-dan çox bədii və sənədli süjetlərin, xronikal kino jurnallarının rejissoru olub. Rejissorun yaradıcılığında “Ağır şkaf”, “Xəzinə”, “Arvadım mənim, uşaqlarım mənim” qısametrajlı, həmçinin bir sıra “Mozalan” satirik kinojurnalı üçün çəkdiyi bədii süjetlər də var.
Müxtəlif mövzulara müraciət edən rejissor istər portret, istər sosial, istərsə də iqtisadi, mədəni sahələrdə baş verən prosesləri dəqiq müşahidə edər, mövzulara müəllif münasibəti bildirərək geniş təhlil obyektinə çevirər, cəmiyyətin mühakiməsinə verərdi. Filmlərin məzmununu daha çox doğma vətənin tərənnümü, paytaxt Bakının gözəlləşməsi üstünlük təşkil edən rejissor, həmçinin ölkə adət-ənənələrini özündə əks etdirən, neft sənayesi və digər sahələrdə olan perspektivlərdən də söhbət açıb.
Rejissorun 1976-cı ildə çəkdiyi “Azərbaycan”da dəniz səyahəti” filmində Qara Dəniz Gəmiçiliyinə məxsus rahat “Azərbaycan” teploxodunda xarici turistlərin əyləncəli dəniz səyahətinə çıxmalarından, İspaniyada, Kanar adalarında, Seneqalda, Mərakeş və digər ölkələrdə olmalarından danışılır. “Azərbaycan məktəbi yüksəlişdə” filmində isə xalq maarifi sistemində qabaqcıl təcrübənin tətbiqindən söhbət gedir. “Həmrəylik günü” filmində Asiya və Afrika ölkələri xalqlarının həmrəyliyinin IV sovet konfransından bəhs olunur.
“Musaküçənin sahibləri” filmində Masallı rayonundakı Musaküçə kənd ağsaqqalının qayğılarından, xüsusilə kənddə aparılan abadlıq işlərindən danışılır. “Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri” başlığı altında təqdim olunan tədris filmində isə ölkənin neft və qaz çıxarılan bölgələrində hər cür təbii fəlakətlərin və baş verə biləcək qəzaların qarşısını almaq üçün görülən tədbirlərdən – xilasedici və qəza bərpa işlərindən söhbət açılır. “Sənin həyat mövqeyin” filmində Bakıda keçirilən “Fəal həyat mövqeyinin formalaşması: mənəvi tərbiyənin təcrübə və aktual problemləri” mövzusunda Ümumittifaq elmi-praktik konfransdan danışılır. “Azərbaycan dünyanı gəzir” sənədli filmində rejissor müxtəlif peşə sahibləri olan 500 nəfər tanınmış azərbaycanlı turisti “Azərbaycan” teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxarmaqla tamaşaçısını əyləncəli və maraqlı səfərə dəvət edir, turistlərin həyatını göstərir. “Əbədiyyətə uçuş” sənədli filmi Milli Qəhrəman Viktor Seryoginə həsr olunub.
Göründüyü kimi filmlərin məzmununu müxtəlif sahələrdə çalışan insanların həyatı, əməyi, zəhməti təşkil edib. Hər bir hadisənin və xarakterin mahiyyətini, insanlar, cəmiyyət üçün lazımlı tərəflərini kino dilinə çevirən, sənədli kino estetikasının qanunları çərçivəsində açan rejissor hər filmində kinonun mahiyyətini vurğulayıb, həyat üçün vacib məqamlarını göstərməyə nail olub. Cəmiyyəti düşündürən, narahat edən məsələləri gündəmə gətirib, sənətini həyatının mənasına çevirib. Müxtəlif həyat faktlarını tarixin salnaməsinə çevirib, nəsillərin yaddaşında əbədiləşdirib. Sənəti, şəxsiyyəti unudulmayıb, xatirəsi daim əziz tutulub.
Dövlət Film Fondu