Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi

Fevralın 7-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin bu gün Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Mərasimdə cənab İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içib. Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq, Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına və onları daim uca tutacağına and içib.

Biz də Azərbaycan Dövlət Film Fondu adından cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində müvəffəqiyyətlər arzu edirik!