Martın 5-də Azərbaycandakı kino ittifaqları – Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) rəsmi surətdə birləşdi.
Konfransda Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ittifaq haqqında fikirlərini səsləndirib: “Qeyd olunub ki, yeni yaradılmış ittifaqa 2 il təcrübəsi olan şəxs qəbul edilə bilər. Bu, əgər yaradıcı ittifaqdırsa, meyarları ciddiləşdirməliyik. Ciddi meyarlar tərtib olunmalıdır. Hər kəs ittifaqa üzv ola bilməməlidir. Vaxtilə Lətif Səfərov tərəfindən yaradılmış kino ittifaqının çox qiymətli ənənələri olub. Biz o ənənələrdən faydalanmalıyıq”.
Konfransda iştirak edən Xalq artisti Şəfiqə Məmmədova ittifaq sədrliyinə namizədliyini geri götürüb.
Sonra Xalq artisti Rasim Balayev birləşmiş qurum olan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Aktyor hər kəsə öz təşəkkürünü bildirib: “Bilirəm ki, Azərbaycan kinosunun layiqli davamçıları var. Mən hamınıza uğur diləyirəm və bilin ki, bu ittifaq təkcə 2-3 nəfərin yox, hamımızındır. Lazım gələndə nazirliyə də öz tələblərimizi irəli sürəcəyik. Hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, AKİ İdarə heyətinin yeni üzvləri sırasında Xalq artistləri Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, Vaqif Mustafayev, Həmidə Ömərova, Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Rafael Qəmbərov, Nizami Abbas və digər kino xadimləri yer alıb.