Aktrisa Mirvari Novruzovanın doğum günüdür

Yaradıcılıq zəhmət və istedadın cəmində ərsəyə gəlir. İnandırıcı, məntiqli təqdimatın fonunda isə cəmiyyətin maariflənməsi, bir sıra həyat yüklü məsələlər həllini tapır. Sənət biliciliyi ilə yanaşı, xarakter üstünlüyünü, könül gözəlliyini, həyata, insanlara olan sevgisini yaradıcılığına yansıdan sənət adamlarının yüksək səviyyəli fəaliyyəti həyat fəlsəfəsini təhlil edir, düşüncələri formalaşdırır, incəsənətin gözəlliyini, mühüm missiyasını təsdiqləyir. Bu mənada qəlbləri fəth edən sənət adamları diqqət mərkəzində olur, sevilir, yaradıcılığı və şəxsiyyəti daim hörmətlə xatırlanır.

Azərbaycan teatr, kino sənətində özünəməxsus yaradıcılıq üslubu ilə geniş tamaşaçı auditoriyasının hörmətini, rəğbətini qazanan Əməkdar artist Mirvari Novruzova da (1923-1994) sonsuz sənət sevgisinə görə teatr və ekran rollarını inandırıcı təqdim edib, müxtəlif səpkili obrazların fərdi cəhətlərini bitkin, koloritli, dolğun yaradıb. Sənətdəki yüksək peşəkarlığına, obrazların ifasını səmimi, inandırıcı, maraqlı və məzmunlu çatdırdığına görə də tamaşaçıların sevimlisinə çevrilib.

Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakıda dünyaya göz açıb. Atasını 10 yaşında itirən yeniyetmə qız çətinliyin nә demәk olduğunu erkən yaşlarından hiss edib. Ailənin güzəranı ağırlaşdığına görə evin mәişәt problemlәri onun üzәrinә düşüb. Həyatının nicatını da hələ kiçik yaşlarından həvəs göstərdiyi sənətdə, səhnədə tapıb.

Teatr sənətini böyük məhəbbətlə sevən, sənət adamlarının yaradıcılığını şövqlə izləyən, əzbər bilən gələcəyin məşhur aktrisası səhnəyə olan böyük sevgisinə görə Bakı Teatr Texnikumuna qəbul olub. Burada oxuduğu illərdə paralel olaraq, Azərbaycan Dövlət Dram Teatrında müxtəlif xarakterli obrazlar canlandırıb. Texnikumu bitirdikdən sonra Dövlət Dram Teatrında fəaliyyət göstərməyə başlayıb, sənət təcrübəsini artırıb. Burada yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda xarakterik rollar ifa edib. Yaradıcılıq qismətinə düşən hər bir rolun öhdəsindən bacarıqla gəlib, obrazların fərdi cəhətlərini, psixologiyasını, fikir və düşüncəsini   böyük şövqlə canlandırıb. Səhnə və kino sənəti məhz bu kimi sənət adamlarının istedadı sayəsində təkmilləşib, baxılıb, sevilib.

Aktrisanın səhnədə canlandırdığı rolları, həmçinin məxməri səsi  kinorejissorların da diqqətindən yayınmayıb. Onu filmlərə dəvət etməklə yanaşı, dublyaj studiyasında səsləndirilən filmlərdə iştirak etməyə dəvət ediblər.

Kinoda ilk dəfə “Səbuhi” tarixi-bioqrafik filmində (1941) Gülüş rolunda çəkilən aktrisa bundan sonra “Sovet pəhləvanı” (1942) filmində Gülsüm rolunu canlandırıb. Bundan sonra “Ömrün səhifələri” kinoalmanaxına daxil olan “Baladadaşın ilk məhəbbəti” novellasında (1974) Sevincin anası, “Güllələnmə təxirə salınır!…” kinodramında (2002) Xanın anası rollarına çəkilib. Müxtəlif dövrlərin müasirlərinin xarakterini, fikir və davranışlarını, xarakterlərini dolğun, realist təqdimatda ifa edib.

Kinonun ayrılmaz qolu olan dublyaj sənəti aktyorların potensialını, fərdi istedadını, sənət duyumunu təsdiqləyən sahədir. Məxməri, ahəngdar səsin sehri ilə bir sıra ekran obrazlarını ustalıqla səsləndirən aktrisa vəziyyətə, xarakterlərə uyğunlaşdırdığı səs tembri ilə hadisələrin dəqiq təhlilinə, münasibətlərin açılmasına zəmin yaradıb, filmlərin baxımlılığını artırıb. “Əhməd haradadır?” kinokomediyasında Nərgiz xala (aktrisa Nəcibə Məlikova), “Arxadan vurulan zərbə” detektiv dramında  Cəbinin anası (aktrisa Firəngiz Abbasova), “Qaraca qız” novellasında Pəricahan xanım (aktrisa Şəfiqə Məmmədova), “Alma almaya bənzər” kinokomediyasında Güllü (aktrisa Firəngiz Abbasova), “Üzeyir ömrü” bioqrafik filmində Həsən bəy Zərdabinin həyat yoldaşı (aktrisa Firəngiz Şərifova), “Bəyin oğurlanması” kinokomediyasında Bibixanım (aktrisa Nəcibə Behbudova), “Kişi sözü” filmində Nübar (aktrisa Cəvahir Bayramova), “Sehrlənmiş küpə” animasiya filmində nənə və digər yaddaqalımlı ekran personajları aktrisanın məxməri, obrazlı səsi ilə yaddaşlarda iz salıb.

Mirvari xanımın bir sıra televiziya tamaşalarında özünəməxsus üslubda oynadığı rolları onu sənətsevərlərə daha da sevdirdi, məşhurlaşdırdı. Təqdim etdiyi hər bir personajın təfsirində tamaşaçını düşündürən, vacib məsələlərin aktuallaşmasını səmimi təqdimatda təmin edən aktrisa, dövrlərin ab-havasını, mühitin əhval-ruhiyyəsini, tərəf-müqabillərinə olan münasibətini aydın, rəvan çatdırdı, ustalıqla şərh etdi.

Mirvari xanımın televiziya tamaşalarında oynadığı xarakterik rolları potensial imkanlarının, sənət axtarışlarının göstəricisidır. Aktrisa  tərəf-müqabilləri ilə apardığı yaradıcılıq həmrəyliyi nəticəsində müxtəlif dövr personajlarının həyat mövqeyini, düşüncə tərzini peşəkarlıqla müasirimizə, həmsöhbətimizə çevirib. Darçın (“Kişilər”), Sənəm xala (“Göz həkimi”), ana (“Pəncərədə işıq”), Həlimə xala (“Ağ atlar üçün vals”),  Güllübəyim (“Sarıköynəklə Valehin nağılı”) və digər televiziya tamaşalarında oynadığı rolları bu gün də maraqla izlənilən personajlardır.

Xalq artisti Səidə Quliyevanın həmkarı haqqındakı xatirələri yerinə düşür: “Mirvari xanımla Akademik Milli Dram Teatrında uzun müddət işləmişəm. Bir neçə tamaşada tərəf-müqabili olmuşam. O, ana rollarını dolğun oynayırdı. Bunlardan biri də yazıçı Anarın “Sizi deyib gəlmişəm” tamaşasıdır. Orada Məmmədhəsən əminin arvadı rolunu Mirvari xanım, Xudayar bəyin birinci arvadını isə mən oynayırdım. Rolu çox dəqiqliklə, incəliklə tamaşaçıya çatdırırdı. Səsini hələ də xatırlayıram.

Mirvari xanım çox böyük məktəb keçmişdi. Adil İsgəndərov kimi görkəmli sənətkarın quruluş verdiyi tamaşalarda oynamışdı, sənət təcrübəsi zəngin idi. Oynadığı rolları real personaj kimi qəbul edirdik.

Rus dramaturqu Aleksandr Ostrovskinin “Cehizsiz qız” əsərində Larisanın anasını o qədər dolğun, məzmunlu oynayırdı ki, rolu onun deyil, rus aktrisasının oynadığını zənn etmək olardı. Rolun öhdəsindən o qədər məharətlə gəlirdi ki, biz həm təəccüblənirdik, həm də öyrənirdik.

Mirvari xanımın fərqli və üstün cəhətlərindən biri də gənclərə qayğı ilə yanaşması idi. Ondan nəsə soruşanda o qədər incəliklə başa salırdı ki, biz ondan çox şey öyrənirdik. Teatra çox bağlı insan idi. Keçmişdə oynadığı tamaşalarından, sənət dostlarından  danışırdı.

Biz həmişə onunla söhbət etməyə can atırdıq. İncə qəlbli xanım, qayğıkeş ana idi. Övladlarından həmişə razılıq edirdi. Biş-düşündən, evdarlığından həvəslə danışırdı. Xörəkləri bişirmək haqqında ondan məsləhətlər alırdıq. Biz gənc aktrisalar ondan çox şey öyrənmişik. Çox yaxşı yol yoldaşlığı var idi. Bölgələrə tamaşa göstərməyə gedəndə elə bilirdik ki, anamız yanımızdadır. Bizə həmişə qayğı ilə yanaşırdı.

Bir vaxt eşitdik ki, infarkt keçirib. Bir müddət müalicələr aldı, tamaşalara gəlmədi. Amma teatrsız qala bilmirdi. Buna görə də bir müddətdən sonra tamaşalarda rol almağa başladı. Rejissorlara deyirdi: “Mənə elə rollar verin ki, həyəcan keçirməyim, səhhətimə ziyandır”. Təqaüdə çıxdığına görə teatrdan getdi. Amaliya xanım onu Bələdiyyə Teatrında işləməyə dəvət etdi. Bir müddət orada işləsə də, ora öyrəşə bilmədi. Akademik Teatrı ikinci evi bilirdi. O, bizim yaddaşımızda nəcib, mülayim xanım, sənətini gözəl bilən peşəkar aktrisa kimi qalıb”.

Dövlət Film Fondu