Haqlı olaraq deyirlər ki, sənətdə istedadlı olmaq azdır. Əsl sənət hünəri istedadla zəhməti qovuşdurmağı bacarmaq, istedadını, bacarığını incəsənətin yüksəlişinə sərf etməkdir. Xalq artisti, “Şöhrət” ordenli Həsən Turabov da geniş potensialı, istedad və bacarığı ilə Azərbaycan teatr, kino sənətinin inkişafına böyük töhfələr verdi. Milli kino sənətimizdə yaratdığı bir-birindən məzmunlu, koloritli rolları ilə yaddaşlarda iz saldı, sevildi, unudulmadı.
1938-ci il martın 24-də Bakıda dünyaya göz açan Həsən Turabov sənətə hələ uşaq yaşlarından həvəs göstərib. 31 saylı orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini, Mehdi Məmmədovun kursunu bitirib. Tələbəlik illərində Azərbaycan radiosunda və televiziyasında diktor işləyib. Uzun illər radioda şeir və qəzəllər deyib, bu gün də həmin şeir və qəzəllər dövlət radiosunun qızıl fondunda qorunub saxlanılır.
İnstitutu bitirdikdən sonra Akademik Milli Dram Teatrında çalışan aktyor kinoda ilk dəfə “Qara daşlar” bədii filmində kiçik epizodda – rabitəçi Hüseyn rolunda çəkilib. Bu filmdən sonra “Telefonçu qız”da Hüseyn, “Yun şal” televiziya filmində Cəlal, “İstintaq davam edir” detektiv macəra filmində Quliyev, “Sən niyə susursan?” filmində milis mayoru, “Sevil” film-operasında Rüstəmov rollarını ifa edib.
Aktyorun teatrda illərlə qazandığı zəngin sənət təcrübəsi kino rollarının daha da dolğunlaşmasına, müəlliflərin ideyasını təsdiqləməsinə, filmlərin baxımlı olmasına səbəb yaradıb. Sənət bilgisinin, potensialının çoxluğuna görə də ardıcıl olaraq görkəmli kinorejissorların filmlərində rol alıb.
Filmoqrafiyasına 50-dən artıq film daxil olan aktyorun yaradıcılıq bioqrafiyasını maraqlı, yaddaqalan, məzmunlu rollar təşkil edir. Gəray bəy (“Yeddi oğul istərəm”), Kəbirlinski (“Dantenin yubileyi”), Afşin (“Babək”), Cəfər (“Qorxma, mən səninləyəm”), Qaçaq Nəbi (“Atları yəhərləyin”), Əsəd (“Bəyin oğurlanması”), Qəzənfər Mamedoviç (“Yaramaz”) və digər ekran personajları aktyorun kino fəaliyyətində əhəmiyyətli yer tutur.
Həsən Turabovun “Sevinc buxtası” filmində oynadığı Əlizadə, “Gözlə məni”də Böyük bəy, “Ürək… Ürək…” filmində Murad, “Dərviş Parisi partladır” kinokomediyasında Rəşid bəy, “Səmt küləyi”ndə Biçeraxov, “Axrıncı aşırım”da Xəlil və digər rolları forma və məzmun etibarı ilə fərqlidir, orijinaldır.
Yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılan “Dantenin yubileyi” televiziya bədii filmində H.Turabov Feyzulla Kəbirlinski rolunu oynayır. Film sənətə sonsuz məhəbbətlə xidmət edən aktyor Kəbirlinskinin həyatından bəhs edir. Həsənağa Turabov Kəbirlinskinin xarakterik cizgilərini, sadəlövh, utancaq, mülayim xasiyyətini personajın daxili dünyasına, psixologiyasına uyğunlaşdırdığı cəhətlərlə səciyyələndirib.
Azərbaycan kinosunda uğurlu ekran həllini tapan, maraqla izlənilən, böyük sərkərdə, siyasi xadim Babəkin ərəb xilafətinə qarşı mübarizəsindən bəhs edən “Babək” tarixi filmində isə tamamilə fərqli, orijinal çalarla ərəb sərkərdəsi Afşin rolunu canlandırıb. Afşin hiyləgərdir, şöhrətpərəst və lovğadır. İstər xəlifə Mötəsimin hüzurunda, istərsə də Babəklə görüşlərində Afşinin hiyləgər niyyəti bəlli olur, məkrli sərkərdə kimi yadda qalır. Aktyor rolun psixoloji gərginliyini, niyyət və məqsədini ustalıqla çatdırır, tarixin gərginliklərlə dolu hadisələrinin məntiqli şərhini verir, filmin ideyasının dolğun çatdırılmasına, ekran əsərinin sevilərək izlənməsinə səbəb yaradır.
Həsən Turabovun yaddaqalan ekran personajlarından biri də “Nizami” tarixi- bioqrafik filmindəki Müzəffəri obrazıdır. Dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş filmdə aktyorun yaratdığı obraz saray şairidir. Müzəffəri tamahkardır, kinlidir, şöhrət düşkünüdür. Rolun təəccüblü və maraq doğuran cəhətləri H.Turabovun orijinal təqdimatında əksini tapıb.
“Atları yəhərləyin” filmində öz xalqının əmin-amanlığı naminə mübarizə aparan Qaçaq Nəbinin qəhrəmanlığı, dövrünün hadisələrinə fərqli və fərdi yanaşması, yenilməzliyi aktyorun rol üçün tapdığı, inandırıcı, parlaq, xarakterik cizgilərlə təqdim olunub, maraqlı mizanlarla göstərilib.
İstedadlı sənətkarın digər filmlərdə canlandırdığı Şəmsi (“Var olun, qızlar”), Kamran (“Xatirələr sahili”), Mehdi Mehdiyev (“Ömrün ilk saatı”), Səlimov (“Qatır Məmməd”), Adil (“Çarvadarların izi ilə”), Qəyyum (“Qaladan tapılan mücrü”) , Mirzə Cəlil (“Qəm pəncərəsi”), baş nazir (“İşarəni dənizdən gözləyin”), Əsəd müəllim (“Bəyin oğurlanması”), müstəntiq (“Nə gözəldir bu dünya”) və başqa rolları müxtəlif dövrlərin müasirlərinin düşüncə və psixologiyasını, cəmiyyətdəki yeri və rolunu müəyyənləşdirib, kinonun həyatın inikası olduğunu vacib nüanslarla, incə ştrixlərlə vurğulayıb.
Teatr, kino fəaliyyəti ilə paralel olaraq dublyaj studiyasında çalışan aktyor xarici və yerli filmərdəki personajları ustalıqla səsləndirib, dublyaj sənətinin kino üçün vacibliyini hər bir təqdimatında vurğulayıb.
Teatrda illərlə qazandığı sənət təcrübəsi kino fəaliyyətinə böyük təkan verən Həsənağa Turabov uzun illər rol aldığı Akademik Dram Teatrına 1987-ci ildə direktor seçilib, 1989-cu ildə eyni zamanda bədii rəhbər təyin (2001-ci ilə kimi) olunub. 1991-2003-cü illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti olub. 1994-cü ildə Avropa Tükləri İslam Birliyinin Qızıl medalı ilə təltif edilib.
Dövlət Film Fondu