Aktyor Muxtar Maniyevin doğum günüdür

“Əsl sənət sənətkardakı qarşısıalınmaz istəkdən yaranır” deyirlər. Xalq artisti, istedadlı aktyor Muxtar Maniyevin Azərbaycan kinosunda canlandırdığı bir-birindən maraqlı, məzmunlu ekran obrazları da sənətinə olan böyük sevgisindən, məsuliyyətindən, həyata olan fərqli baxışından, dəqiq müşahidələrindən yaranıb.

Müxtəlif xarakterli rolları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Muxtar Maniyevin dünyaya gəlişi 1935-ci ilə təsadüf edib. Bakıda doğulan gələcəyin məşhur aktyoru ilk təhsilini şəhərin 199 saylı orta məktəbində alıb. Buranı bitirdikdən sonra Neft-Kimya İnstitutunda mühəndis ixtisasına yiyələnib. Lakin kinoya olan vurğunluğu, aktyorluq sənətinə olan sevgisi bir an da olsa onu sakit buraxmayıb. Buna görə də aktyor olmaq qərarını verib. Mühəndis diplomu aldıqdan sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ikinci ali təhsil alıb, aktyorluq peşəsinə yiyələnib.

Muxtar Maniyevin kinoda debütü “Onu bağışlamaq olarmı?” (1959) kinodramında (milis serjantı) olub. Bundan sonra “Koroğlu” filmində dəmirçi Polad roluna çəkilib, paralel olaraq sözügedən filmdə çapar və qapıçı rolunu  canlandırıb. Sonrakı illərdə bir-birinin ardınca maraqlı ekran əsərlərində rol alıb, o cümlədən “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Qızıl uçurum”, “Qərib cinlər diyarında”, “Gözlə məni”, “Xoşbəxtlik qayğıları”, “Ölsəm… bağışla”, “Sizi dünyalar qədər sevirdim”, “Nizami” və digər filmlərdə çəkilib.

Muxtar Maniyev aktyorluq sənətini seçməkdə heç də yanılmamışdı. O, sənətə qarşı olan sevgisini hər bir oyununda bəyan etdi, geniş potensialı, realist təqdimatı fonunda ekran personajlarının mənəvi keyfiyyətlərini büruzə verməklə bəzən qəliz, bəzən məkrli, bəzən hiyləgər, bəzən komik, bəzənsə qəddar xüsusiyyətlərini böyük ustalıqla çatdırmağa müvəffəq oldu.

Aktyorun rolun mövqeyinə uyğunlaşdırdığı doğru mizanları, orijinal  tapıntıları rejissorları qane edir, tərəf-müqabilləri ilə yaradıcılıq sazişində ərsəyə gətirdiyi realist oyunu maraqlı personajların yaranmasına səbəb olurdu.

Bədii filmlərlə yanaşı, “Mozalan” satirik kinojurnalının bədii süjetlərinə, televiziya tamaşalarına dəvət alan aktyor Azərbaycan kinosunda ümumilikdə 100-dən artıq filmdə yaddaqalan obrazlar yaradıb. İstər sosial mövzulu, istərsə də tarixi  filmlərdə bənzərsiz oyun nümayiş etdirib, ekran hadisələrinin gerçəkliyinə, filmlərin baxımlılığına rəvac verib.

Böyük istedad sahibinin bəxti onda gətirdi ki, milli kinomuzda çalışan görkəmli kinorejissorların filmlərinə dəvət aldı, aktyorluq bacarığını, başqalaşmaq, vəziyyətin ab-havasını çatdırmaq, obrazın daxili aləmini açmaq keyfiyyətini lazımınca dəyərləndirdi, ekran personajlarının təfsirində sənətkarlıq keyfiyyətini təsdiqlədi.

“Nəsimi” tarixi-bioqrafik filmində oynadığı Miranşah obrazı aktyorun uğur zirvələrindən biri olaraq yaradıcılıq palitrasını zənginləşdirir. Əmir Teymurun oğlu Miranşah dövrünün zalım sərkərdələrindən biri kimi tarixə düşüb. Hürufi təriqətinə qənim kəsilən sərkərdənin amansızlığı filmdə bir neçə epizodda göstərilib.

Əmir Teymurun əmrlərini icra edən Miranşah zəbt etdiyi ölkələrdə qan tökməkdən, qətllər törətməkdən bezmir, usanmır. Bununla yanaşı, o, ayaq basdığı hər bir məkana bəla gətirir. Miranşahın faciə saçan daha bir xüsusiyyəti Şeyx Əzəmin qızı Şəmsin ölümünə bais olmasıdır. Filmdə yaddaqalan səhnələrdən biri də Miranşahın Şəmslə ratslaşmasıdır. Şeyxin qonağı olduğu gün Şəmsi görməsi,  ailəsindən güclə ayırması, qətlə yetirdiyi Dövlət bəyin başını Şəmsin qarşısına ataraq qürurunu sındırmaq cəhdi, Teymurlənglə söhbətlərində təlaşlı, hiyləgər vəziyyəti cılız xüsusiyyətlərini, mənəvi düşkünlüyünü bəyan edir. Qısa epizodlarda şərh etdiyi tarixi obrazın fərdi keyfiyyətləri fonunda dövrünün haqsızlığı, qan içində boğulması, mühitin ab-havası haqqında məlumatlanmağımızı təmin edir. Rolun xarakterini bəyan edən vəhşət, hiylə dolu baxışları, dramatik situasiyaların bolluğuna səbəb yaradan qəddarlığı həyəcan, qorxu saçan gözlərində, sifət cizgilərində əksini tapır. İddialı, hikkəli davranışları personajın daxili mənini tanıdır, nəinki dövrünün, insanlığın bəlası olduğunu tamlıqla göstərir.

“Babək” tarixi-bioqrafik filmindəki İbn Muaz obrazı da Muxtar Maniyevin uğurlu təqdimatlarındandır. Xürrəmilər üsyanının qarşısını almaq məqsədilə xəlifə Məmunun təlimatına əsasən İbn Muaz Babək və onun tərəfdaşlarının üzərinə nizami ordu ilə çıxır və məğlub olur. Babək tərəfdaşları ilə üz-üzə gələn, məğlubiyyətini anlayan, dövrünün amansız qanunlarının icraçısı olan İbn Muazla tanışlığımız aktyorun inandırıcı, dolğun təqdimatında, davranış və jestlərində təsdiqini tapır, həyat və şəxsiyyəti haqqında məlumatlanmağımıza imkan yaradır.

Dramatik obrazları fonunda filmlərin mahiyyət və mənasını tamlıqla çatdıran aktyor, bir sıra “Mozalan” süjetlərində canlandırdığı personajlar vasitəsilə komik situasiyaların ironik mənasını aydınladıb.

Rejissor Şərif Qurbanəliyevin yazıçısı, dramaturq Əli Əmirlinin əsəri əsasında ekranlaşdırdığı “Bala – başa bəla!” televiziya tamaşasındakı Qədir obrazı vəziyyət komediyasının gülüş doğuran xüsusiyyətlərini üzə çıxarır, digər personajların xarakterlərinin açılmasına, hadisələrin çatdırılmasına imkan yaradır. Qədirin pula, vara hərisliyini, vəziyyətə uyğun məqamda xarakterini dəyişməsini cılız cəhətləri fonunda üzə çıxarır. Personajın keyfiyyətsiz xarakteri fonunda şəxsiyyət cılızlığını gülüş doğuracaq səbəblərdən biri kimi səciyyələndirir.

“Bəyin oğurlanması” kinokomediyasında toya gələn təsadüfi qonağın tanımadığı insanlarla hay-küylə görüşməsi toy iştirakçıları qədər tamaşaçıları da təəccübləndirir. Filmin maraqlı hadisələrindən biri və baməzə xarakterli personaj kimi yaddaqalan obraz final kadrlarına xüsusi kolorit, baxımlılıq gətirir. Kinokomediyanın pozitiv notlarla tamamlanmasına, kadrların dolğunluğuna, xarakter bolluğuna səbəb yaradır. Özünəməxsus təqdimatı fonunda hadisələrin təbəssümlə, pozitiv notlarla tamamlanmasına nail olur.

Azərbaycan kino səltənətini bənzərsiz, özünəməxsus yaradıcılığı ilə zənginləşdirən. ampluasız aktyor kimi tanınan, müxtəlif xarakterli rolların öhdəsindən ustalıqla gələn Muxtar Maniyevin hər bir personaja öz münasibəti, öz yanaşması vardı. Buna görə də canlandırdığı rolları inandırıcı, səmimi alınırdı. Həyatın inikası olan kinodan, dövrlərin müasirlərini həmsöhbətimizə çevirən aktyorlardan birinci gözlənti də həyat faktlarının dolğunluğudur, obrazların səmimiliyidir. Əsl sənətkarlıq qüdrəti də sənətin tələblərinə yüksək səviyyədə cavab vermək, tamaşaçını ovusunlamaq, yaddaşında əbədiləşmək, qəlbində kök salmaqdır. Xalqın artisti Muxtar Maniyev kimi.

Dövlət Film Fondu