Nizami Kino Mərkəzində Tacik Kinosu Günlərinin açılış mərasimi baş tutub.
Tədbirin açılışında çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, qardaş və dost respublikalarımız coğrafi baxımdan uzaq olsa da, uzun illər ərzində iki ölkə çox yaxın əməkdaşlıq edib. O, əlavə edib ki, kinematoqrafçılarımız arasında həmişə sıx münasibətlər olub.
Kinorejissor iki ölkənin mədəni əlaqələrinin tarixindən də söz açıb: “Azərbaycanda bugünkü Tacikistan Mədəniyyəti Günləri kinematoqrafçılarımız arasında mədəni münasibətlərin inkişafına daha böyük təkan verəcək”, – deyə Dövlət Film Fondunun direktoru bildirib.
“Tacikfilm”in baş direktoru Məhmədsəid Şahiyon qeyd edib ki, müstəqillik illərində Tacikistan və Azərbaycan arasında diplomatik münasibətlər dinamik inkişaf edib və bu gün qardaş xalqlarımızın xeyrinə mühüm nəticələr əldə olunub. “Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı yüksək səviyyəli, möhkəm və etibarlı təmaslar buna böyük töhfə verib. Tacikistan-Azərbaycan əlaqələri mədəniyyət, din, ədəbiyyat, incəsənət və kino sahələrində dərin tarixi köklərə malikdir. Əminəm ki, iki ölkə arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək”.
Tacikistan Kinematoqrafçılar İttifaqının sədri Səfər Hakdodovun sözlərinə görə, iki qardaş ölkə arasında əməkdaşlığın mədəniyyət günləri çərçivəsində davam etməsi sevindirici haldır. O, bu əlaqələrin gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Tacikistan tərəfi Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevə hədiyyə təqdim edib, Xalq artisti Tariyel Qasımova isə “Tacikistan kinosunun əlaçısı” medalı təqdim olunub.
Daha sonra rejissor Boris Kimyagərovun “Rüstəm və Söhrab” filmi nümayiş etdirilib.