Mayın 24-də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllim və tələbə heyəti Azərbaycan Dövlət Film Fondunun qonağı oldular.
Əvvəlcə tələbələrin iştirakı ilə kino zalında Xalq artisti, kinorejissor Xamis Muradovun “Natəvan” filminin (1982) nümayişi baş tutdu. Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan sənədli kinosu mövzusunda tələbələri maraqlandıran sualları cavablandırdı.
Sonra qonaqlar məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey, kino lentlərinin bərpa otağı və saxlanma boksları ilə tanış oldular. Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov qonaqlara qurumun yaranması, tarixi, fəaliyyəti və iş prinsipi haqqında ətraflı məlumat verdi.
Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti Dövlət Film Fondundakı ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.