Mayın 29-da Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Əməkdar artist, kinorejissor, aktyor Elxan Qasımovun vəfatının ildönümü münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Əvvəlcə Əməkdar artist Elxan Qasımovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Xatirə gecəsini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, sənətkarın daima Fondda təşkil olunan yubiley və anım günlərində iştirak etdiyini, öz fikirlərini tamaşaçılarla bölüşdüyünü dedi, onun “Azərbaycanfilm” kinostudiyasının ən ağır günlərində oranı tərk etmədiyini, həmkarlarına hər zaman dayaq olduğunu vurğuladı.
Sonra gecədə iştirak edən Xalq artistləri Əbdül Mahmudov, Xamis Muradov, Oqtay Mirqasımov, Xalidə Quliyeva, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar artist Suğra Bağırzadə, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, rejissor Zamin Məmmədov və “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai təşkilatının prezidenti Tofiq Əlizadə E.Qasımov haqqında xatirələrini bölüşdülər. Sənətkarın ailə üzvləri adından qızı Kəmalə Qasımova çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.
Tədbirin sonunda kinorejissor Oqtay Mirqasımovun “Azərbaycan haqqında etüd” (1969) və Elxan Qasımovun “Nizami Gəncəvi” (1976) sənədli filmləri tamaşaçılara təqdim olundu. “Azərbaycan haqqında etüd” filmində çəkilmiş E. Qasımov eyni zamanda filmin rejissor assistentidir. Hər iki film “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş və Dövlət Film Fondu tərəfindən elektron bərpa olunmuşdur.