Aktyor Hamlet Xanızadənin doğum günüdür

Sənəti və sənətkarı xalq sevir, dəyərləndirir, ucaldır, yaşadır. Azərbaycan teatr, kino sənətində özünəməxsus yaradıcılıq nümayiş etdirən, qəlblərə yol tapan Əməkdar artist Hamlet Xanızadə də maraqlı, baxımlı obrazlarına, sənətin ali məqsədini, mühüm mahiyyətini peşəkarlıqla çatdırdığına, yüksək sənətkarlıq keyfiyyətini hər bir təqdimatında  təsdiqlədiyinə görə sənətsevərlərin qəlbində əbədi taxt qurub, ölməz sənətinə, sevilən şəxsiyyətinə görə unudulmayıb.

Hamlet Xanızadə potensialından, istedadından pay böldüyü müxtəlif xarakterli, koloritli rolları ilə sənət zirvəsinə addım-addım yaxınlaşdı. Zəhməti, çalışqanlığı sayəsində milyonların rəğbətini qram-qram, zərrə-zərrə qazandı. Xalqının sevimli artisti olmaq, yaddaşlarda əbədiləşmək, qəlbləri fəth etmək, iştirak etdiyi filmlərin adı çəkiləndə varlığını xatırlatmaq üçün gecəsini gündüzünə qatdı, yorulmadan, usanmadan çalışdı. Televiziya tamaşalarında, filmlərdə, “Mozalan” satirik kinojurnalında maraqlı, rəngarəng, xarakterik rollar yaratdı. Dublyaj studiyasında potensial və bacarığı sayəsində yüksək peşəkarlıqla xarici və yerli filmərdə fərqli obrazlar səsləndirdi. Ekrandakı hər bir görünüşü, ahəngdar səsi ilə dönə-dönə alqışlandı, sənətin mahiyyətini təsdiqləyən yaradıcılığı yoxluğunda belə minnətdarlıq hissi ilə xatırlandı.

Bəli, o, sənət üçün doğulmuşdu (05.06.1941). Cəsarətli yaradıcılığında həyatın mühüm məsələlərini qabardaraq, insanlığın vacib keyfiyyətlərini təbliğ edərək zirvəyə doğru üz tutmuşdu. Qismətinə yazılan 49 illik ömür payının 29 ilini həsr etdiyi sənətində  həyat müşahidələrindən yaranan nigarançılığını yaradıcılığında dəqiqliklə təhlil edib, həssaslıqla çatdırmışdı.

Dövlət Teatr İnstitutunda təhsil aldığı (1961-1965) ərəfədə, üçüncü kursda oxuyarkən peşəkar səhnəyə çıxan Hamlet Xanızadə davamlı olaraq milli teatr və kino sənətimizin keşiyində durdu, vətəndaşlıq mövqeyindən çıxış edərək məsləyini ali səviyyədə təqdim etdi. Milli Dram Teatrında işlədiyi vaxtlarda çağdaş və klassik əsərlər əsasında hazırlanan tamaşalarda zəngin yaradıcılıq bioqrafiyasını yaratdı, paralel olaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərə dəvət aldı. 80-ə yaxın filmdə (həm də “Mozalan” süjetlərində) maraqlı, koloritli ekran personajları ərsəyə gətirdi.

Aktyorun uzun illik teatr təcrübəsi televiziya tamaşalarında xarakterik rolların öhdəsindən məharətlə gəlməsinə imkan verdi. Unudulmaz, xarakterik rolları (Qasım kişi – “Qatarda”, Əmir Teymur – “Topal Teymur”), eləcə də dublyaj fəaliyyəti (“Gözlə məni”də bəy, “Dədə Qorqud”da Qıpçaq Məlik və s.) fərdi istedadını, sənət bilgisini dönə-dönə sübut etdi.

Hamlet Xanızadəni görkəmli kinorejissor Həsən Seyidbəylinin kinoda kəşfi adlandırmaq olar. Belə ki, rejissorun ekranlaşdırığı “Möcüzələr adası” (1963) filmində debüt rolunu (Sadıq) oynayan aktyorun kiçikplanlı personajla olan uğurlu başlanğıcı rejissorun digər ekran əsərlərində (“Bizim Cəbiş müəllim” – kapitan, “O qızı tapın” – Dadaş Salayev) yaddaqalan obrazlar yaratmasına imkan verdi. Aktyorun növbəti filmlərdə  özünəməxsus üslubda canlandırdığı İmaş (“Arxadan vurulan zərbə”), Xəlifə Mötəsim (“Babək”), Gizir (“Yeddi oğul istərəm”), bolşevik  (“Qatır Məmməd”), Talıbov (“Axırıncı aşırım”), Məcidov (“Bircəciyim”), raykom katibi (“Köhnə bərə”), Raki (“Qərib cinlər diyarında”), Qiyas (“İmtahan”), xəstə; Sədi Əfəndi; şair (“Qətl günü”) və digər ekran obrazları müxtəlif dövr (real və düşünülmüş) hadisələrinin inandırıcı təsir bağışlamasına, dövr və mühit haqqında məlumatlanmağımıza, tərəf-müqabillərinin fikir və duyğularının aydınlıqla çatdırılmasına səbəb oldu.

Göründüyü kimi aktyorun uğurlu ekran obrazları ayrı-ayrılıqda təhlil obyektidir. İrili-xırdalı rollarının xarakterik cizgilərini doğru mizanlarda cilalayan Hamlet Xanızadə  ömrü boyu sənətinə sadiq qaldı, müxtəlif cəhətli personajların təfsirində yüksək mənəvi dəyərlərin, insanlıq xüsusiyyətlərinin təbliğatçısı kimi tanındı, sevildi. 1990-cı ilin 3 fevral tarixində dünyasını dəyişən böyük istedad sahibi məhsuldar yaradıcılığına, dərin sənət bilgisinə, nümunəvi şəxsi keyfiyyətlərinə görə qəlblərdə, yaddaşlarda yaşadı, xatirəsi daim əziz tutuldu, unudulmadı.

Dövlət Film Fondu