Natiq Rəsulzadə – 75

Azərbaycanın xalq yazıçısı Natiq Rəsulzadənin 75 yaşı tamam olur.

Natiq Rəsul oğlu Rəsulzadə 1949-cu ildə Bakıda anadan olub, 1975-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. O, 55 ildən artıqdır ki, yaradıcılıqla məşğul olur.

1999-cu ildə Ümummilli Lider Heydər Əliyev ədəbiyyat və kino sahəsində qazandığı uğurlara görə Natiq Rəsulzadəyə “Əməkdar incəsənət xadimi” fəxri adını verib. Yazıçının 2019-cu ildə keçirilən 70 illik yubileyində isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ona “Xalq yazıçısı” fəxri adı verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən yazıçı, həm də PEN-klub Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan şöbəsinin vitse-prezidentidir.

Natiq Rəsulzadənin yaradıcılığı, ilk növbədə, həyat haqqında ciddi düşüncələri, mürəkkəb dövrümüzlə bağlı fəlsəfi-bədii ümumiləşdirmələri, pərdəarxası insan münasibətləri ilə diqqəti cəlb edir. Bu mənada onun ilk əsərlərindən birini – “Gecədə atlı” povestini göstərmək olar. “Gecədə atlı” povestindən sonra yazıçı çoxlu romanlar, povestlər, hekayələr, o cümlədən “Uzunqulaq”, “Ulduzların altında yol”, “İntihar edənin qeydləri”, “Dekabr”, “Ev”, “Üçgünlük hava”, “Cazibə”, “Duel”, “Payız”, Yeddinci gecə”, “Tramvay”, “Ruhlar arasında, “Kabuslar arasında” və başqa əsərləri qələmə alıb.

Ədəbiyyatın gənc nəslin dünyagörüşünün genişləndirilməsində, düzgün təfəkkürün və ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadığına inanan Natiq Rəsulzadə mənəvi dəyərləri yaradıcılığının əsas kredosuna çevirib.

Bakıda, Rusiyada, Avropa ölkələrində və bir çox başqa ölkələrdə çap olunmuş əllidən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatı Natiq Rəsulzadə “Hüqo” ədəbi mükafatına (ABŞ) ən yaxşı bədii əsər nominasiyası üzrə namizəd olub.

Yazıçının istedadlı, maraqlı ssenarilərlə zəngin olan yaradıcılığında kinematoqrafiya böyük yer tutur. Bu ssenarilər əsasında çəkilən “Bayramda yağış”, “Yaşa, qızıl balıq”, “Gecə qatarında qətl”, “Vahimə”, “Nə gözəldir bu dünya…”, “Ovsunçu”, “Girov”, “Biz qayıdacağıq” və s. filmlər tamaşaçıların sevgisini qazanıb.

Azərbaycan Dövlət Film Fondu yubilyarı 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır.