Haqlı olaraq deyirlər ki, aktyorların həyatı dünyalarını dəyişdikdən sonra başlayır. Məzmun və mahiyyət etibarilə həyat faktlarına aydınlıq gətirən, həmsöhbətimiz olan personajlar bir çox məqamlarda reallıqla əlaqələndirilir, həyat məsələlərinin həlli istiqamətində mayaka çevrilir. Dolğunluğuna, inandırıcılığına görə yaddaşlarda əbədiləşir, aktyor yaradıcılığının yüksək qiymətləndirilməsini tələb və təmin edir. Beləcə, filmlər rolları, obrazlar sənətkar mövqeyini, ümumilikdə yaradıcılıq bioqrafiyasını xatırlamağımıza imkan yaradır.
Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətləri olan xarakterik rollar usatası, Xalq artisti Məlik Dadaşov da yaddaqalan obrazların qabarıq təcəssümünü verən, bitkin personajlar yaradan sənətkarlarımızdandır. Aktyorun zəngin həyat təcrübəsi, çoxillik teatr fəaliyyəti, peşəkar kino yaradıcılığı sənət yoluna bir daha nəzər salmağımıza səbəb yaradır.
Bakıda yüksək mədəniyyətli bir ailədə dünyaya göz açan (07.06.1924) Məlik Dadaşovun mayası, necə deyərlər, sənətlə yoğrulub. Sənət sevgisi elə doğuşdan qanına, canına hopub. Körpəsinin beşiyi başından həzin laylalarını əksik etməyən anası Xeyransa xanım qarmonda gözəl mahnılar ifa edib, hətta kiçik musiqi əsərləri də yazıb. Xalası Hökümə Nəcəfova bəstəkar olub. Atası Yusif kişi Bakının sayılıb seçilən neft sahiblərindən biri kimi tanınıb. Hacı Zeynalabdin Tağıyevin yaxın dostlarından biri olub. Daim qonaqlı-qaralı, kübar, mədəni bir ailədə böyüyən Məlik Dadaşovun zəngin dünyagörüşü, yetkin təfəkkürü, sənətə sevgisi onun aktyorluq peşəsini seçməsinə səbəb yaradıb. Çünki həyatı sevən, ona fərqli yanaşan, ətrafdakıların münasibətini diqqətlə müşahidə, təhlil edən istedadlı gənc həyat fəlsəfəsini, düşüncələrini yalnız bu sənətdə görüb-duyduğu kimi göstərə, fərqli xarakterləri bir ömrə sığdıra bilərdi.
İkinci Dünya müharibəsindəki (1941-1945) iştirakı həssas, duyumlu qəlbə, fərqli düşüncəyə malik gəncə zamanın gərdişini incəliklə cilalamaq, həyat fəlsəfəsini dərindən anlamaq şansı verdi. Elə buna görə də Məlik Dadaşov imzası sevib-seçdiyi məsləyində çox tez parladı, tanındı, teatr və kino salnaməmizə qızıl hərflərlə yazıldı.
1950-ci ildən Akademik Dram Teatrında fəaliyyətə başlayan aktyor oynadığı hər bir rolunu teatrsevərlərə sevdirməyə nail oldu. Fərqli teatrlarda (Gənc Tamaşaçılar Teatrı-1945, Zaqatala Dövlət Teatrı-1946, Şəmkir Dövlət Dram Teatrı-1946, Rus Dram Teatrı- 1989-1991, direktor-bədii rəhbər), eləcə də televiziya tamaşalarında canlandırdığı uğurlu rolları kinematoqrafçıların diqqətindən yayınmadı.
Bənzərsiz xarakterlər üçün səciyyəvi cizgilər tapan, orijinal ifalar nümayiş etdirən istedad sahibi sözün əsl mənasında teatr, kino aləmi üçün bir tapıntı idi. O, teatrda olduğu kimi kinoda da istedadını əhatəli şəkildə təsdiqlədi, rollarının yaşarı, real alınması üçün potensialını səfərbər etdi. Məlik Dadaşov yaxşı bilirdi ki, qəlbini, ruhunu dinc buraxmayan sənət düşüncələrini insanlara canlı, emosional çatdırması üçün kino ona daha böyük şans verəcək, məşhurluğunu daha da artıracaq, genişləndirəcək. Buna görə də ilk kino obrazından etibarən (“Bir məhəllədən iki nəfər” filmində Nazif) tipik xarakter ustası olduğunu kiçikplanlı rolu ilə bəyan etdi, xarakterlər ustası olaraq milli kinomuzun simasına çevrildi.
Azərbaycan kinosunda 30-dan artıq filmdə irili-xırdalı rol alan aktyorun ekran obrazlarını xatırladıqca obrazlara uyğunlaşdırdığı səsi, xarakterik cizgiləri yada düşür. “Bir qalanın sirri” nağıl filmində dərviş, “Uşaqlığın son gecəsi”ndə Nağıyev, “Bizim küçənin oğlanları” filmində Əbdül, “Təhminə”də Murtuz, “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində sərhədpozan və başqa rolları formaca və məzmunca fərqlidir, bənzərsizdir.
Məlik Dadaşovun amiranə səsi, zəngin plastikası, aktyor texnikasını dərindən bilməsi müxtəlif janrlı filmlərdə fərqli rollar yaratmasına imkan verib. Aktyorun “Birisigün, gecəyarısı…” filmindəki Nəriman Nərimanov rolu tamaşaçını vadar edir ki, mürəkkəb və ziddiyyətli yaxın keçmişə, tarixi faktlara dərindən nəzər salsın, həyat həqiqətlərini saf-çürük etsin. “Bizim küçənin oğlanları” filmindəki zəhmətkeş, mərd, xeyirxah xüsusiyyətli Əbdül isə, həyatın mənasını ailə tamlığında, uşaqların sevincində, doğmaların əhatəsində görməyi nəsihət edir. “Uşaqlığın son gecəsi” filmindəki Nağıyev obrazının təfsirində işgüzar, peşəkar və bacarıqlı kadrların önəmli olduğu fikri vurğulanır. Göründüyü kimi aktyorun kinoda yaratdığı bu və ya digər rollarının həyat mövqeyini xatırladıqca, həyat mövqeyini göz önünə gətirdikcə ekran əsərlərinin mənası, mahiyyəti yada düşür, məzmunlu filmlərin həyatımızdakı rolu müəyyənləşdikcə ustad sənətkara minnətdarlıq hissi ünvanlanır.
Sənəti daim yüksək səviyyədə təqdim edən Məlik Dadaşovun dublyaj sahəsindəki xidmətləri böyükdür. Bir qədər cingiltili, amiranə səs tembrinə malik sənətkar digər yerli və xarici ekran qəhrəmanlarının səsləndirilməsində də iştirak edib, “Mozalan” satirik kinojurnalının bir çox bədii süjetində müxtəlif rollar oynayıb.
Ömrünün sonuna qədər sənətinə sadiq qalan, bir müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) aktyorluq sənətinin sirlərini tələbələrə tədris edən Məlik Dadaşov təpədən-dırnağadək sənətə məxsus idi və ömrünü, varlığını sənətin aliliyinə, yüksəlişinə təslim etmişdi. Bunu isə sənətkarın həyat tarixçəsi, sənət yolu sübut edir.
Məlik Dadaşov kino fəaliyyətinə 1947-ci ildə başlayıb. “Fətəli xan” tarixi-bioqrafik filmində Həmzə rolunu səsləndirib. Aktyor kimi kinoda debütü isə “Bir məhəllədən iki nəfər” (1957) filmində Nazif roldur. Filmdəki hadisələrin gərginləşməsində ekran əsərinin dramatik yükünün artmasında əsas rol oynayan Nazif mənfi obrazdır. Sözügedən personaj konfliktləri kəskinləşdirir, dövrün düşünülmüş həyat hekayəsini ekran vasitəsilə bədii həqiqətə çevirir. Göründüyü kimi aktyorun kinoda yaradıcılıq qismətinə ilk olaraq mənfi rol yazılıb.
Məlik Dadaşovun ekranda canlandırdığı kiçikplanlı rolları belə filmin aparıcı qüvvəsinə çevrilir, məzmun yükünü tamlıqla anlamağımıza zəmin yaradır. Aktyor mənfi obrazların ekran hadisələrinin ardıcıllığını, ziddiyyətlərin kəskinləşməsini təşkil etdiyini, bu kimi xarakterlərin daha çox artistizm, bacarıq, istedad tələb etdiyini yaxşı bilirdi. Bu mənada yaradıcılığında ardıcıllıq təşkil edən mənfi personajlara daha maraqlı, fərdi ştrixlər axtarıb tapır, böyük coşqu və həvəslə onlara nəfəs, can verirdi. Çünki mənfi cəhətli insanları ictimai qınaq obyektinə çevrməyi sənət nailiyyəti hesab edirdi. Hətta “Axırıncı aşırım” filmində yaratdığı əzazil, qəddar Qəmlo obrazına ünvanlanan qəzəbli, tənəli baxışları sənətinin uğuru adlandırır və bildirirdi: “Mən öz ünvanıma deyilən xoşagəlməz replikaları alqış kimi qəbul edirəm”.
Məlik Dadaşovun “Dəli Kür” filmində oynadığı Molla Sadıq, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Fəryad” müharibə dramında Armen Xaçaturyans, “Güllələnmə təxirə salınır”da müstəntiq və digər mürəkkəb xarakterli rolları tamaşaçı yaddaşında kök salan, münasibətlərin kəskinləşməsinə səbəb olan qəliz cəhətli prototiplərdir. Aktyorun mənfi rollarının inandırıcılığı, yaddaqalımlı olması zəngin yaradıcılıq taktikasının göstəricisidir. Kamera qarşısında böyüq şövq və coşqu ilə rollarını canlandıran aktyor tərəf-müqabilindən də eyni coşqunu, təqdimatı tələb edirdi. Bu isə çəkiliş məqamında tərəfdaşından yüksək peşəkarlıq tələb etmək, enerji və emosiyalarının qarşılığını almaq, yüksək peşəkarlıq fonunda yaradıcılıq həmrəyliyi yaratmaq deməkdir.
Məlik Dadaşovun ifası və imzası hər hansı bir uğurlu filmin dəqiq ünvanıdır. Sənətkarın əldə etdiyi ən böyük mükafatı da çəkildiyi filmləri, bütünlükdə yaradıcı heyəti, tərəf-müqabillərini xatırladan, frazaları dillər əzbərinə çevrilən xarakterik ekran personajları və kinosevərlərin sonsuz sevgisidir. Bu isə ömrünü sənətə fəda etmək, sevilmək, minnətdarlıqla xatırlanmaq və unudulmamaq deməkdir.
Dövlət Film Fondu