Xalq artisti, görkəmli sənətkar Hökümə Qurbanovanın adı Azərbaycan teatr, kino sənətinə qızıl hərflərlə yazılıb (1913-1988). Aktrisanın 1938-ci ildən etibarən Milli Dram Teatrının tamaşalarında oynadığı dolğun, koloritli obrazları, həmçinin kino rolları cəmiyyətin maariflənməsi, düşüncələrinin zənginləşməsi, formalaşması istiqamətində mühüm rol oynayıb, sənətin inkişafına təkan verib. Mənalı, zərif, cazibəli plastikaya, məlahətli səsə, xoş simaya, səhnəyə yaraşan qüsursuz gözəlliyə, fövqəladə istedada, yüksək sənət duyumuna malik aktrisa romantik yaradıcılığı fonunda imza atdığı hər bir işini peşəkarlıqla təqdim edib, teatral və ekran obrazlarını orijinal, yaddaqalan ştrixlərlə yaradıb.
Hökümə Qurbanova 1913-cü ildə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Ziyalı ailəsində böyüyüb, boya-başa çatan gələcəyin məşhur aktrisası sənətə, musiqiyə hələ kiçik yaşlarından maraq göstərib. Orta məktəbi bitirdikdən sonra Pedaqoji Texnikuma daxil olub, 1931-ci ildə buranı bitirib. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, fortepiano sinfində (1931–1932) oxuyub. Konservatoriyada təhsil alarkən yazıçı, dramaturq Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filminin çəkilişlərinə cəlb olunub, Yaxşı rolunu oynayıb.
30-cu illərin mühitini, ab-havasını, insanların çətin yaşayış tərzini, həyat şəraitini aydınlıqla şərh edən kinodramda dövrünün qadınlarının hüquqsuzluğu, o cümlədən Yaxşının cəmiyyətdəki mövqesizliyi, təzyiqlər altında yaşaması, haqsızlıqlarla qarşılaşması filmin süjet xəttini təşkil edir.
Azərbaycanın uzaq dağ kəndlərinin birində yaşayan Yaxşı kəndə işləməyə gələn gənc müəllimə Almaza dəstək olur, bir çoxlarından fərqli olaraq onun kəndə gəlməsinə sevinir, orada qalıb çalışmasına imkan yaradır. Bir müddət sonra Yaxşının kənd sovetinin katibi Şərif tərəfindən aldadıldığı məlum olur. Onun yeni dünyaya gələn körpəsini Almaz saxlamağa məcbur olur. Yaxşını və körpəsini qorumaq məqsədilə uşağın onun olduğunu deyən Almaz kənd sakinlərinin qınağına, tənəsinə tuş gəlir. Belə olan halda özünü günahkar hiss edən Yaxşı Almazı çətin vəziyyətə saldığı üçün əzab çəkir, vəziyyətdən çıxış yolu axtarır. Sonda kənd sakinlərinin qarşısında uşağın anası olduğunu, Şərif tərəfindən aldadıldığını etiraf edir.
Filmin əvvəlində mühitin qəddarlığı, cəhaləti altında əzilən Yaxşının dövrün haqsızlıqlarına boyun əydiyini, çarəsiz durumunu izləyiriksə, tədricən onun cəsarətli xüsusiyyətlərini görürük. Hadisələrin, vəziyyətin dramatik həddi, gərginliyin hüdudsuzluğu rolun təfsirində tamlıqla təsdiqini tapıb, mövzunun mahiyyəti, həyati əhəmiyyəti aktrisanın ifasında şərh olunub.
1940-cı illərdən başlayaraq Dram Teatrının repertuarında olan tamaşalarda baş və aparıcı rolları ustalıqla canlandıran Hökümə Qurbanova 50-ci illərdən etibarən bir neçə filmdə çəkildi. O cümlədən “Bir ailə” müharibə dramında Leyla, “İnsan məskən salır” kinodramında Şamama, “Onu bağışlamaq olarmı?” detektiv dramında Kəmalə xanım, “Əmək və qızılgül” filmində Bikətu və digər rolları bənzərsiz, orijinal üslubda canlandırdı.
Hökümə Qurbanovanın yüksək sənət biliciliyi, lirik-poetik yaradıcılıq üslubu onun dublyaj fəaliyyətinə də uğur gətirdi, sevənlərinin əhatə dairəsini bir daha genişləndirdi.
Müxtəlif xarakterli ekran personajlarının diqqətlə izlənilməsinə şərait yaradan, daxili aləmini dərindən duyan, məxməri, qulağa xoş gələn məlahətli səsi ilə emosionallıqla çatdıran, istək və məqsədlərini, düşüncə və amallarını həssaslıqla cilalayan aktrisa “Aygün” bədii televiziya filmində Aygün, “Bizim küçə” kinodramında Sara, “Böyük dayaq” filmində Maya, “Əhməd haradadır?” kinokomediyasında Leyla, “Kölgələr sürünür”də Afət, “Qara daşlar”da Lətifə, “Qızmar günəş altında” filmində Nərminə, “Onun böyük ürəyi” kinodramında Səmayə, “Ögey ana”da Dilarə, “Uzaq sahillərdə” müharibə dramında Anjelika və digər məşhur ekran personajlarını ustalıqla səsləndirib, rolların yaddaqalımlı olmasına, uğurlu təqdimatına ifaçılar qədər uğur gətirib.
Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarın teatrda, kinoda canlandırdığı hər bir rolu, dublyajda səsləndirdiyi hər bir personajı ekran, efir, filmlər vasitəsilə belə məktəbdir, örnəkdir, şəxsiyyəti unudulmaz, xatirəsi əzizdir.
Dövlət Film Fondu