İyunun 12-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun 110 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında məlumat verdi, aktyorla “Alma almaya bənzər” filminin çəkilişində ünsiyyətindən bəhs etdi. Sonra Xalq artistləri Tariyel Qasımov, Cəfər Namiq Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy H.Sadıqov haqqında xatirələrini bölüşdülər. Çıxış edənlər tanınmış aktyorun xatirəsini əziz tutduğuna və tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdilər.
Tədbir boyu sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.