Xalq artisti Amaliya Pənahovanın doğum günüdür

Teatr və kino obrazlarını məntiqi cəhətdən mənalandıran, məzmun və mahiyyətini yüksək peşəkarlıqla təhlil edən, təsvir olunan hadisələrə estetik münasibət bildirən, “istedada zaval yoxdur” prinsipini əsas tutaraq sənətini daim zirvələrə doğru istiqamətləndirən Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 79 il ötür. Lirik-psixoloji aktyor məktəbinin davamçılarından olan aktrisanın yüksək peşəkarlıqla təqdim etdiyi koloritli obrazları sənətə gələn gənclər üçün sözün əsl mənasında məktəbdir.

Amaliya Pənahovanın adı çəkiləndə Azərbaycan teatr, kino sənətinin yaddaqalımlı, bədii cəhətdən yüksək keyfiyyətli səhnə və ekran əsərləri yada düşür. Azərbaycan mədəniyyətini ölkəmizdə və xaricdə layiqincə təmsil edən aktrisa ömrü boyu sənətinin fövqündə durdu, bənzərsiz, dolğun, parlaq sənət nümunələri ərsəyə gətirdi. Onun sənətə gəlişi, ələlxüsus da milli kinomuzda yaratdığı koloritli rolları tamaşaçılar üçün bir ərmağandır, töhfədir.

Sənət hisslərin tərənnümüdür. Gərgin yaradıcılıq axtarışlarının cəmidir, təntənəsidir.  Hisslərə toxunan, qəlbləri riqqətə gətirən yaradıcılıqlar isə cəmiyyətin istinad nöqtəsidir, mədəniyyət etalonudur. İbrətamiz sənət mühüm həyat məsələlərini təhlil vasitəsinə çevirir, ictimaiyyətin mühakiməsinə verir. Bənzərsiz yaradıcılıq təqdim edən sənət fədailəri isə tamaşaçıların sevimlisinə çevrilir, qəlblərdə əbədiləşir.

XX əsrin ikinci yarısında Azərbaycan dramaturgiyasında yeni tipli, müxtəlif xarakterli, müasir dövrün qadın obrazları (əsasən də romantik-poetik üslubda) yaradılırdı. Yüksək mənəvi əxlaqi dəyərləri təbliğ edən əsərlər əsasında dərin məzmunlu tamaşalar hazırlanırdı. Tamaşaçıların böyük marağına səbəb olan, maraqla izlənilən, həyat eşqi güclü, həyatsevər personajların bir çoxu məhz Amaliya Pənahovanın ifasında sevilirdi, böyük coşqu ilə qarşılanırdı. Anşlaqla izlənilən bir sıra tamaşaların (“Təhminə və Zaur”, “Nişanlı qız”, “Unuda bilmirəm”, “Mənim günahım”, “Büllur sarayda” və digər) uğur qazanmasında 60-cı illərdən etibarən səhnə ulduzuna çevrilən aktrisanın rolu danılmazdır, əvəzsizdir.

Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində sənət sirlərinə (1962-1966) yiyələnən aktrisa “Əhməd haradadır?” filmində debüt rolu (Məsmə) ilə kinosevərlərin görüşünə gəldi. Bundan sonra “Cazibə qüvvəsi” (idmançı) və “Sən niyə susursan?” (uşaqlı qadın) filmlərində kiçikplanlı rollara dəvət aldı. “Həyat bizi sınayır” (1972) ekran əsərində genişplanlı (Münəvvər) rolu ilə filmlərin özünə uğur gətirən aktrisa olduğunu bir daha vurğuladı. Əsasən teatrda püxtələşən, teatr rolları ilə tamaşaçıların qəlbini fəth edən sənət kraliçası bundan sonra kinosevərlərin də könlündə taxt qurmuş oldu.

Azərbaycan kino salnaməsinə adını qızıl hərflərlə yazan Amaliya Pənahova kino fəaliyyəti dövründə yaradıcılıq filmoqrafiyasına 50-dən artıq film daxil edib. Aktrisanın ekranda canlandırdığı rollarını göz önünə gətirdikcə orijinal, bənzərsiz ekran obrazlarının fərqliliyinə heyran olursan. Rollar forma və məzmun baxımından fərqlidir, cəzbedicidir, inandırıcıdır. Bu isə aktrisanın sənətin sirlərinə daha dərindən bələd olmasından, bütünlükdə həyatını, varlığını sənətinə sərf etməsindən irəli gəlirdi.

Aktrisanın Azərbaycan kinosunda yaratdığı “Xatirələr sahili” filmində Xalidə, “Qərib cinlər diyarında” nağıl filmində Zəri, “Arxadan vurulan zərbə” detektiv filmində Ziba, “Babək” tarixi-bioqrafik filmində Zərnisə, “Qəribə adam”da Fəridə, “Mən mahnı qoşuram”da Sonanın anası, “Gözlə məni” tarixi-inqilabi filmində Fəxrəndə, “Cavad xan” tarixi-bioqrafik filmində knyaginya Darya və başqa rolları kinosevərlər tərəfindən böyük maraqla qarşılanan, maraqla izlənilən dolğun, koloritli ekran personajlarıdır. Janr müxtəlifliyi fonunda mürəkkəb xarakterlərin öhdəsindən ustalıqla gələn aktrisanın zəngin kino fəaliyyətini kinorejissorlarının ona olan inamı, rəğbəti ilə əlaqələndirmək olar.

Kinorejissor Xəyyam Abdullayev quruluş verdiyi (rejissor Elməddin Alıyevlə birgə, 2007) “Nəfəs” filmində Amaliya xanımın canlandırdığı Ağabəyim rolunu və sənətə yanaşma tərzini dərin rəğbət hissi ilə xatırladı: “Nəfəs” filmi debüt filmimiz idi. Yaradıcılığımızın başlanğıcında o, bizə çox dəstək oldu. Onun bu filmdə çəkilməsi bizə nəticənin gözəl olması üçün növbəti işlərimizdə hansı insanlarla çalışmaq lazım olduğunu öyrətdi. Biz ondan çox şey öyrəndik. Çəkilişlərdə yaradıcılıq baxımından elə maraqlı hadisələr baş verirdi ki, bu, sonrakı işlərim üzərində necə ciddi məşğul olmağımı mənə öyrədirdi.

Amaliya xanım yaxşı xüsusiyyətləri ilə bizi çox təəccübləndirirdi. Filmdə belə bir epizod var ki, Ağabəyim əlində dəhrə ilə gəlinini (aktrisa Vəfa Zeynalova) təqib edir. Yer xəzəllə örtülmüşdü, təbii ki, hamar deyildi. Birdən Amaliya xanım yıxıldı. Biz tez hamımız onu qaldırmaq üçün qaçdıq, ancaq biz çatana kimi o, özü qalxdı. Çatanda soruşdum ki, nəsə olub? Dedi, yox, heç nə olmayıb. Amma gördüm ki, əlini sıxıb. Biz həmin epizodu çəkib bitirdik. Mən epizod çəkildikdən sonra yenə ona yaxınlaşdım ki, Amaliya xanım əlinizə deyəsən, nəsə olub. O, yavaş səslə bildirdi ki, Xəyyam, ciddi bir şey yoxdur, amma çağıraq əlimə bir baxsınlar. O, əlini açdıqda gördüm ki, dəhrənin uc hissəsi əlində çox dərin bir yara açıb. Biz tez lazımi tibbi yardımı göstərdik”.

Bəli, sənət, yaradıcılıq, şöhrət, məşhurluq heç də asan başa gəlmir. Çəkiliş meydançası yalnız kameradan, işıqlardan və yaradıcı heyətdən ibarət deyil. Yayın istisinə, qışın soyuğuna, hər fəslin özünəməxsus şıltaqlığına dözmək sənət adamından rolların fərdi keyfiyyətini, daxili dünyasını dolğunluqla çatdırmaqdan əlavə, dözüm, əzmkarlıq, zəhmət tələb edib. Amaliya xanımın zəngin filmoqrafiyasını nəzərdən keçirdikdə isə onu sənət zirvəsinə çatdıran dəmir iradəsinin, sənətə olan sevgisinin sonsuzluğunun bir daha şahidi oluruq.

Kinonun ayrılmaz hissəsi olan dublyaj sənəti filmlərin bədii keyfiyyətini, uğurunu artırır. Bu mənada dublyaj fəaliyyəti ilə kinonun baxılmasını təmin edən, səs və intonasiyaları ilə rolların həyat mövqeyinin emosional və dəqiq çatdırılmasına imkan yaradan aktyorların zəhməti əvəzsizdir. Amaliya Pənahovanın yerli və xarici filmlərin səsləndirilməsində, eləcə də xarici filmləri doğma dilimizdə geniş tamaşaçı auditoriyasına sevdirməsində rolu böyükdür.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İstintaq davam edir” detektiv filmində Tatyana Ostapenko (aktrisa Lüdmila Şlyaxtur), “Gün keçdi”də Əsmər (aktrisa Leyla Şıxlinskaya), “Var olun, qızlar…”da Sona (aktrisa Alyona Çuxray), “Bizim küçənin oğlanları” filmində Elmira (aktrisa Sədaqət Dadaşova), “Dədə Qorqud”da Selcan (aktrisa İnarə Quliyeva), “Alma almaya bənzər”də Aişə (aktrisa İnarə Quliyeva), “Qızıl uçurum”da Ağbəniz (aktrisa Yelena Qabets) və digər kino obrazlarının hiss və həyəcanlarını, məqsəd və məramlarını, tərəfdaşlarına olan münasibətlərini istedadlı aktrisa özünəməxsus coşqu, emosional səsi ilə təqdim edib, ekran personajlarının uğur qazanmasına ifaçılar qədər nail olub. Sözügedən rolların bəzən titrək, bəzən mülayim, bəzən həyəcanlı, bəzənsə həzin səs tonlarını yada saldıqca obrazların xarakterinə uyğunlaşdırılmış intonasiyaların qüsursuzluğu və personajların uğur səbəbi bir daha aydınlanır, yaddaqalan ekran obrazları fonunda dublyaj sənətinin mahiyyəti təsdiqini tapır.

Bəli, məhz bu mənada kino kollektiv əməyin məhsuludur. Amaliya Pənahova kimi sənət aşiqləri isə sənətin bütün sahələrinə yüksək keyfiyyət bəxş edən, alilik gətirən korifeylərdir.

Dövlət Film Fondu