Zemfira Sadıqova – 85

Tələbkar tamaşaçı qarşısında çıxış etmək, hər hansı bir dövrün müasirinin fərdi xüsusiyyətlərini tanıtmaq, tərəf-müqabillərlə səmimi ünsiyyət qurmaq, hadisələrin məzmununu həqiqi həyat faktı kimi qəbul etdirmək, yaddaşlarda iz qoymaq istedadla yanaşı böyük məharət, bacarıq tələb edir. Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Sadıqova da filmlərdə canlandırdığı rollarını məzmunlu, ifadəli təqdim etdiyinə görə geniş tamaşaçı rəğbəti qazanıb, kino ailəsinin arzuolunan üzvünə çevrilib. Sevimli aktrisamızın bu il 85 yaşı tamam olur. Bu münasibətlə Zemfira xanımı çoxsaylı kinosevərlər və Dövlət Film Fondunun əməkdaşları adından yubiley yaşı münasibətilə təbrik edirik. Ona cansağlığı, müvəfəqiyyətlər arzulayırıq.

Zemfira Sadıqova 1939-cu il iyun ayının 17-də Bakıda anadan olub. Orta məktəbdə oxuyarkən idmana daha çox maraq göstərib, qılıncoynatma dərslərinə və gimnastikaya gedib. At sürməyi, musiqi dinləməyi sevib. İncəsənətə, şeirə, ədəbiyyata hələ kiçik yaşlarından həvəs göstərib. Məktəbi bitirdikdən sonra ailəsinin istəyinə əsasən sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsinə verib. Lakin burada yarım semestr oxuduqdan sonra özündə cəsarət taparaq sənədlərini geri götürüb və Teatr İnstitutuna verib. 1961–1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Görkəmli sənətkarlar Adil İsgəndərov, Məlik Dadaşov, Müxlis Cənizadə, Rza Təhmasib və digərlərinin sənət bilgisindən bəhrələnib.

İnstitutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilən aktrisa burada Xalq artisti Yusif Vəliyevlə tanış olub. Bir müddətdən sonra bu tanışlıq onların izdivacına səbəb olub. Aktrisa teatrda iki il işlədikdən sonra həyat yoldaşının istəyinə əsasən teatrdan uzaqlaşıb. Lakin filmlərə dəvət alıb, Azərbaycan kinosunda 30-a yaxın filmdə irili-xırdalı rol canlandırıb. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

Aktrisanın kinoda debüt rolu “İnsan məskən salır” (1967) kinodramındakı tibb bacısı obrazıdır. Bundan başqa görkəmli kinorejissorların filmlərində bir sıra maraqlı rollar canlandıran Zemfira xanım müxtəlif xarakterli, koloritli ekran personajlarını filmlərin aparıcı qüvvəsi kimi təqdim etməyə, sənət nailiyyəti qazanmağa müvəffəq olub. Aktrisanın maraqlı ekran obrazlarından olan Fatma (“Torpaq. Dəniz. Od. Səma”), Mələk (“Dəli Kür”), Firuzə (“Ulduzlar sönmür”), Əminə (“Xatirələr sahili”), Haşımın arvadı (“Alma almaya bənzər”), Xədicə (“Tütək səsi”), Nazlı xanım (“Üzü küləyə”), ana (“Evin kişisi”), Fəridə (“Anlamaq istəyirəm”), Fatma (“Qara gölün cəngavərləri”), Fəridə xanım (“Əlavə təsir”), Lətifə (“Axırıncı dayanacaq”), Şəfiqə xanım (“Dmitrov küçəsi 86”) və digər rolları filmlərin məzmunun şərhinə, həyat mövqeyinin aydınlanmasına zəmin yaradıb.

Zemfira Sadıqovanın yaddaqalan ekran personajlarından biri də unudulmaz sənətkar Tofiq Tağızadənin ekranlaşdırdığı “Bağ mövsümü” kinodramındakı Ağabacı roludur. Filmdə Bakı bağlarının birində yaşayan avtobus sürücüsü Ağababa (Həsən Məmmədov) və onun ailəsindən, həmçinin mənəvi dəyərlərin yüksəkliyinin vacibliyindən söhbət açılır. Halal zəhməti ilə ailəsini dolandıran Ağababa xanımı Ağabacıya və övladlarına qarşı mehriban olduğu qədər tələbkardır. Bir gün Ağabacı ailənin maddi vəziyyətlərinin yaxşılaşması məqsədi ilə evlərinin bir hissəsini şəhərdən gələn digər bir ailəyə kirayə verir. Tədricən bu qərarında yanıldığını anlayır. Çünki qonaqların hər gün həyətlərində yaratdıqları səs-küy uşaqlarının və ailəyə sadiq olan itlərinin dinc həyat tərzini pozur. Bundan xəbər tutan Ağababa qonaqları həyətindən qovmaq məcburiyyətində qalır və onları evlərinə yerləşdirdiyinə görə Ağabacını qınayır.

Mənəvi-psixoloji ziddiyyət üzərində qurulan hadisələr fonunda Ağabacı obrazı hadisələrin ardıcıllığının təmin edilməsində və ziddiyyətlərin yaranmasında əsas vasitə kimi çıxış edir. Səmimi, sadə xarakteri fonunda ətrafındakıların (Ağamirzənin, Əminənin və s.) davranış və psixologiyalarının açılmasına şərait yaradır, həmçinin filmin ideya məzmununun doğlun, dəqiq çatdırılmasına nail olur.

Zemfira Sadıqovanın məşhur kino rollarından biri də görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “Dəli Kür” kinodramındakı Mələk roludur. XX əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən bəhs edən filmdəki epizod rol  xarakterik obraz kimi yadda qaldı, məşhurlaşdı, sevildi.

Mələk filmin baş qəhrəmanı Cahandar ağanın sevdiyi, dəyər verdiyi qadındır. Gözəlliyi ilə onun diqqətini çəkən Mələyi bir gün Cahandar ağa qaçıraraq evinə gətirir. Bu evdə ona qarşı hiddət və saymazlıq olsa da, Mələk özünü qorumağı bacarır, qürurunun sınmasına icazə vermir. Beləliklə də, kiçikplanlı rolun təfsirində Cahandar ağaya qarşı biganə olmadığını, onu sevdiyini bəyan edir, ətrafdakılara bildirməkdən çəkinmir. Qadınların hisslərinin büruzə verilməsinin mümkün olmadığı bir dövrdə Mələyin Cahandar ağaya qarşı olan sevgisini açıq-aydın etiraf etməsi, üsyankar xüsusiyyəti ictimai qınağa qətiyyən əhəmiyyət verməməsi daxili cəsarətinin təsdiqi kimi əks olunur.

İstedadı ilə yanaşı, gözəlliyi, nəcibliyi ilə də daim diqqət çəkən Zemfira Sadıqova ana və nənə rollarının mahir ifaçısı kimi böyük hörmət qazandı. Kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun aktrisa haqqındakı fikirləri yerinə düşür: “Zemfira xanım bizim kinonun xanım-xatın aktrisasıdır. Onunla mən hələ yeniyetmə dövründən tanışam. Hətta ilk tanışlığımızdan sonra mən biləndə ki, Zemfira xanım məşhur “Dəli Kür” filmində Mələk rolunu canlandırıb, təəccüblənmişdim də. O, həmişə kübar əhval-ruhiyyədə olan bir xanımdır. Onun həyat yoldaşı, unudulmaz aktyorumuz Yusif Vəliyevə Allahdan rəhmət diləyirəm. Onunla birlikdə kinostudiyanın dublyaj studiyasında çox sayda film səsləndirmişəm. Onlar mənim yeniyetməlik dövrümdən tanıdığım yaradıcı cütlük olub.

 Sonra “Bağ mövsümü” filmində Zemfira xanımla birgə çəkildik. Sənətinə məsuliyyətli yanaşan istedadlı aktrisadır. İllər sonra onunla “Əlavə təsir” filminin çəkilişləri zamanı görüşdük. Mən bir rejissor kimi bu filmdə onunla işləyəndə daha çox onun şəxsi keyfiyyətlərinə arxalanıb ona xanım-xatın rol verdim. O, kamera qarşısına da olduğu kimi çıxdı. Xanım-xatın, mehriban bir ana rolu canlandırdı.

Bizim Zemfira xanımla ailəvi dostluğumuz var. Mənim həyat yoldaşım Gülzar Qurbanova ilə Zemfira xanım demək olar ki, tez-tez görüşürlər, müxtəlif tədbirlərdə bir yerdə olurlar. Zemfira xanım Gülzar xanımın rol aldığı tamaşalara gedib baxır. Təcrübəli sənət adamı olaraq öz fikirlərini bildirir, dəyərləndirir.

Mən bir daha qeyd edirəm ki, Zemfira xanım Azərbaycan kinosunun xanım-xatın aktrisasıdır. Onu yubiley yaşı münasibətilə təbrik edirəm. Cansağlığı, yaradıcılıq uğurları arzulayıram”.

Dövlət Film Fondu