Xalq artisti Süleyman Ələsgərovun (20.06.1915-10.12.1998) anadan olmasından 109 il ötür. Unudulmaz aktyorun Azərbaycan teatr və kino sənətində xidmətləri danılmazdır. Taleyinə yazılan 83 illik ömür payının 65 ilini Gənc Tamaşaçılar Teatrının inkişafına həsr edən aktyor “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 20-yə yaxın filmdə rol alıb, yerli və xarici filmlərin səsləndirilməsində iştirak edib.
Süleyman Ələsgərovun səhnə sənəti ilə tanışılığı 18 yaşında olub. Həmin ildə o, Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində ilk dəfə səhnəyə çıxıb. 1936-cı ildə müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına aktyor kimi cəlb olunub. Burada oynadığı maraqlı, koloritli rollarına görə kinorejissorların diqqətini cəlb edib. Kinoda debüt rolunu görkəmli kinorejissor Lətif Səfərovun 1955-ci ildə quruluş verdiyi “Bəxtiyar” kinokomediyasında edib, klub müdiri obrazını oynayıb. Epizod rolun maraqlı təqdimatından sonra “İstintaq davam edir” detektiv dramında Səlimin atası, “Bir ailəlik bağ evi” filmində ata, “Bizi bağışlayın” filmində Adil, “Dağlarda döyüş” macəra dramında mayor Poladov, “Xatirələr sahili” kinodramında Yusifov, “Qızıl qaz” kinopovestində kənd sakini, “Köhnə bərə” filmində İlyas, “Şahid qız” detektiv dramında Rzayev, “Etiraf” kinodramında axund Əli və digər rolları ilə filmlərin baxılmasına, ekran hadisələrinin maraqla izlənilməsinə səbəb yaradıb.
Ekran personajlarını xarakter səviyyəsində təqdim edən aktyor ona həvalə olunan hər bir rolun öhdəsindən bacarıqla gəlir, yaddaqalımlı olmasına, filmin aparıcı qüvvəsi kimi qəbul olunmasına nail olurdu. Çalışqanlığına əsasən də rejissorlar ekran personajlarının daxili mənini, istək və məqsədini dərindən duyan, rollarını inandırıcı canlandıran aktyorun xətrini çox istəyir, filmərinə böyük məmnuniyyətlə dəvət edirdilər.
Görkəmli kinorejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı “Bizim Cəbiş müəllim” filmi Süleyman Ələsgərovun şöhrətini daha da artırdı. Aktyorun sözügedən filmdə canlandırdığı Cəbiş müəllim obrazı müəlliflərin fikir və məqsədlərinin dolğunluqla çatdırılmasına, filmin məzmun tamlığının təmin olunmasına, tərəf-müqabillərinin yaradıcılıq keyfiyyətinin qabarıq əksinə imkan yaratdı. Rolun fərdi keyfiyyətlərini orijinal, səmimi cizgilərlə canlandıran aktyor kinodramın mühüm mesajlarının psixoloji nüanslarla çatdırılmasına nail oldu. İkinci Dünya müharibəsi illərində arxa cəbhədə olan insanların çətin, kədərli yaşayış tərzini, dövrün acınacaqlı əhval-ruhiyyəsini dolğun, realist səpkidə təcəssüm etdirməyi bacardı.
İkinci Dünya müharibəsi illərində çətinliklər içərisində yaşayan, lakin hər nə olursa-olsun, ailəsini halal zəhmətlə dolandıran, vətənin azadlığını hər şeydən yüksək tutan, bu istiqamətdə də şagirdlərini, övladlarını tərbiyə edən Cəbiş müəllim mənəvi keyfiyyətlərin üstünlüyünü, mədəniyyət etalonu olma fikrini daşıyan personaj kimi kino tarixində əbədi iz saldı, qəlblərdə məskunlaşdı.
Süleyman Ələsgərovun Cəbiş müəllim obrazı üçün tapdığı fərdi cizgilər heyrətamizdir. Tərəddüdlər, düşüncələr, kədər içərisində gəzib dolaşan, lakin daxili sarsıntılarını, qənaətlərini büruzə verməməyə çalışan, eyni zamanda insanları, ailəsini ruhlandıran, onları sülhün, əmin-amanlığın yaxınlaşdığına inandıran cılız cüssəli, böyük qəlbli insanın möhkəm iradəsi, göz, könül toxluğu, mənəvi dünyasının zənginliyi tamaşaçını insan şəxsiyyətinin bütövlüyü və personajın nümunəvi cəhətləri haqqında düşünməyə vadar edir.
Cəbiş müəllim rolunu yaddaşlara, qəlblərə yazan, müharibə dəhşətlərinin dözülməzliyini topsuz, gülləsiz mono ifasında təsdiqləyən Cəbiş müəllim obrazı bu mənada bütün dövrlərin tərbiyəçisi, müəllimi kimi nəsillərin sevimli personajı olaraq qalır. Süleyman Ələsgərov kinoda heç bir rol oynamasaydı belə, yenə də Cəbiş müəllim rolu ilə kino salnaməmizdə vacib xarakter və fikirlərin daşıyıcı olan bir obrazın yaradıcısı kimi tamaşaçı yaddaşında əbədi iz salacaq, qəlblərdə yaşayacaqdı.
Aktyorun dublyaj fəaliyyətinə nəzər saldıqda isə məxməri səs ahəngi ilə kino personajlarına qazandırdığı növbəti uğurları ilə tanış oluruq. “Uşaqlığın son gecəsi” lirik kinodramında İsmayıl (Ələkbər Seyfi), “Uzaq sahillərdə” filmində Mazelli-(Andrey Fayt), “Yenilməz batalyon”da Əlimərdan (Şamil Mahmudbəyov), “Əmək və qızılgül” filmində Pavlov (Konstantin Bartaşeviç), “Telefonçu qız” filmində Mehribanın atası (Gündüz Abbasov), “Möcüzələr adası”nda Polyakov (Leonid Piroqov), “İnsan məskən salır” poetik kinodramında Şirəli (İsmayıl Əfəndiyev), “Torpaq. Dəniz. Od. Səma” filmində həkim (Pyotr Jarikov) və digər personajların həyat mövqeyi, psixologiyası, düşüncə və məqsədi Süleyman Ələsgərovun rollara uyğunlaşdırdığı səs çaları, intonasiyası ilə ustalıqla cilalanır, təhlil edilir. Dublyaj sənətinin spesifik keyfiyyətlərini sənət biliciliyi fonunda təsdiqləyən aktyor fərdi istedad və bacarığını dublyaj sahəsində təsdiqləməklə yanaşı, səsləndirmənin kino çəkilişi qədər vacib amil olduğunu sübut edib.
Süleyman Ələsgərovun Azərbaycan Televiziyasında yayımlanan “Komediyalar aləminə səyahət” yumoritsik səhnəciklərindəki rolları və televiziya tamaşalarında oynadığı personajlar (“Ağ atlar üçün vals”da Camal ata, “Astana”da ata və s.) onun yüksək sənətkarlıq keyfiyyətini bir daha təsdiqləyib.
Əməkdar artist Loğman Kərimovun sənət dostu haqqındakı fikirləri yerinə düşür: “Süleyman Ələsgərovla Gənc Tamaşaçılar Teatrında 20 il çalışmışam. Mən teatra gələndə Süleyman müəllim artıq tanınmış, məşhur aktyor idi. Bildiyimə görə teatrın səhnəsində 100-dən artıq rolda çıxış etmişdi. Onun tamaşalardakı çıxışlarına heyranlıqla baxırdım və çox şey öyrənirdim. Xarakterlər ustası kimi Azərbaycan teatr, kino sənətində, televiziya tamaşalarında, radioda, dublyajda öz imzasını qoymuşdu.
Ümumiyyətlə, onunla tərəf-müqabili olan aktyorlar həmişə ondan razılıq edirdilər. Süleyman müəllim həyatda da, səhnədə də dəqiq insan idi. Belə aktyorlarla işləmək daha rahatdır, daha xoşdur. Onunla bir neçə tamaşada tərəf-müqabili olmuşduq. Eyni zamanda “Ağ atlar üçün vals” televiziya tamaşasında birgə çalışdıq. O, öz rolunu olduqca peşəkar oynadı.
Sonralar mən teatrda rejissor kimi çalışanda, Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” tamaşasında ona baş rollardan biri olan vəzir rolunu həvalə etdim. Çox dəqiq insan idi. Məşqlərə müntəzəm olaraq gəlirdi, heç vaxt gecikməzdi, rolunu da böyük həvəslə hazırlayırdı.
Təəssüflər olsun ki, premyeraya bir bir neçə gün qalmış bizi tərk etdi. O, Azərbaycan teatrında, kinosunda əvəzsiz xidmətləri olan aktyorlarımızdandır. Teatrda onu tez-tez xatırlayırıq. Çalışırıq ki, Süleyman Ələsgərovu və onun kimi fədakar sənətkarlarımızın sənətini, ümumilikdə teatrımızın uğurlarını davam etdirək”.
Dövlət Film Fondu