Tanınmış kino təşkilatçısı, ssenarist, filologiya elmləri namizədi (1970) Fərəməz Səfiyevin anadan olmasından 95 il ötür. “Azərbaycanfilm” kinostudiyasında 40 ildən artıq fəaliyyət göstərən kino xadiminin yaradıcılıq yoluna qısa nəzər salırıq.
Fərəməz Səfiyev 1929-cu il iyun ayının 25-də Şəmkir rayonunun Seyfəli kəndində dünyaya göz açıb. 1952-ci ildə indiki Bakı Dövlət Universitetini bitirib. Həmin ildən etibarən “Azərbaycan pioneri” qəzetində xüsusi müxbir kimi əmək fəaliyyətinə başlayıb. Qısa müddət ərzində Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, 1953-cü ildən təqaüdə çıxanadək (1994) Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında xronika şöbəsinin rəisi, daha sonra yaradıcılıq birliyinin direktoru vəzifələrində işləyib.
Fərəməz Səfiyev “Azərbaycanfilm”dəki fəaliyyəti dövründə sənədli filmlər istehsalının texnologiyasını yaxşı öyrənib və Azərbaycan sənədli kinosunun inkişafında mühüm xidmətləri olub. Xronikal-sənədli filmlər birliyində çalışdığı müddətdə operativ fəaliyyəti ilə diqqət çəkib. Bacarıqlı təşkilatçı kimi kollektivin böyük hörmətini qazanıb.
Respublikada keçirilən dövlət tədbirlərinə operator qrupunu səfərbər edən Fərəməz Səfiyev kinooperatorları şəhərin müxtəlif guşələrində yerləşdirərək, çəkiliş aparatlarını kinolentlə təchiz edər, aparılan çəkilişlərin yüksək keyfiyyətli olmasına zəmin yaradarmış.
Üzərinə götürdüyü hər bir işin öhdəsindən bacarıqla gələn Fərəməz Səfiyev inzibati işlərlə yanaşı, həm də kinodramaturq kimi fəaliyyət göstərib, tanınıb. Onun ssenariləri əsasında “Azərbaycanfilm” kinostudiyasında və “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli film çəkilib. Filmlərin məzmununu Azərbaycanın füsunkar təbiəti, insanları – tanınmış şəxsiyyətləri, zəhmət adamları və digər maraqlı mövzular təşkil edib.
Ssenariləri əsasında tanınmış şəxsiyyətlər mövzusunda “General Həzi Aslanov”, “Sürəyya”, “Torpağın sahibi”; Azərbaycanın bölgələri mövzusunda “Xudafərin olan yerdə”, “Sabirabad”, “Divlər sarayı”, “Bakıda “Mosfilm” günləri”, “Əməkçi insanlar” mövzusunda “Biz şmidtçilərik”, “Dalğalar dənizə qayıdır”, “Şərəfli yol”, “Bizim qayğılarımız”, “Bizim kolxoz”; Azərbaycan idmanı mövzusunda “Çempion”, “Kamandar Olimpiya çempionudur”, “Azərbaycan idmanı dünən, bu gün”, “Varis”, “Həyat mübarizədir”, “Dissonans”, “Azərbaycan pəhləvanları”, Böyük Vətən müharibəsi mövzusunda “Bizim 416”, “General Həzi Aslanov”, “İgidliyin əbədidir sənin” və başqa filmlər çəkilib.
Onu da qeyd edək ki, Fərəməz Səfiyev dövri kinojurnallar üçün 150-dən artıq yüksək peşəkarlıqla yazılmış mətnin müəllifidir. Həmçinin dövri mətbuatda hekayələri, sənədli kinonun problemləri və kino xadimləri haqqında çox sayda məqalələri çap edilib.
Dövlət Film Fondu