Barat Şəkinskaya – 110

Xalq artisti Barat Şəkinskayanın adı çəkiləndə maraqlı ekran obrazları göz önündə canlanır, dəyərli sənət nümunələri yada düşür. Yaradıcılığının əsasını teatr fəaliyyəti təşkil edən, Akademik Milli Dram Teatrının aparıcı aktrisalarından olan Barat xanımın Azərbaycan teatr sənətinin inikafında rolu böyükdür. Bununla yanaşı, milli kinomuzda canlandırdığı orijinal rolları sənətsevərlərin marağına səbəb olub, şöhrətini artırıb. Ana, nənə rollarının mahir ifaçısı kimi tanınan unudulmaz aktrisamızı anadan olmasının 110 illiyi ərəfəsində dərin ehtiramla yad edirik.

“İnsanın evi könlünün bağlı olduğu yerdir” deyirlər. Ömrünü sevdiyi sənətə həsr edən Barat xanım da səhnəyə, sənətə erkən yaşlarından bağlanıb, teatrı ikinci evi bilib. Peşəsini zəngin dünyagörüşü və intuisiyası sayəsində yüksək səviyyədə təqdim edib. İstedad və bacarığı sayəsində sənətsevərlərin sevgisini qazanıb.

Barat Şəkinskaya on üç yaşı olanda Gəncədəki Qadınlar Klubunun dram dərnəyində iştirak edib. 1929-cu ildən 1933-cü ilədək Gəncə İşçi Klubunda müxtəlif tamaşalarda oynayıb. Həmin ildən Gəncə Dövlət İşçi Teatrında yerli dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda baş və aparıcı rolları ifa edib. 1935-ci ildə Bakıya gəlib, yaradıcılıq taleyini Akademik Milli Dram Teatrı ilə bağlayıb. Həmin teatrın səhnəsində ona yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan məzmunlu rollar həvalə olunub. Aktrisanın zəngin yaradıcılıq dövrü məhz bu teatrda başlayıb.

Barat xanım Azərbaycan teatr səhnəsində ilk travesti aktrisa kimi də yadda qalıb. O, Gəncə teatrında oynadığı Kostya (“Partizan Kostya”) və Akademik Teatrda ifa etdiyi Napoleon (“Ögey ana”), eləcə də bir sıra uşaq obrazları ilə teatr ictimaiyyətinin, sənətşünasların diqqətini çəkib, rəğbətini qazanıb. Həzin, lirik səsə malik olan aktrisanın teatrın səhnəsində peşəkarlıqla təqdim etdiyi koloritli rolları kino rejissorlarımızın da diqqətindən yayınmayıb. Aktrisaya səkkiz filmdə irili-xırdalı rol həvalə ediliblər. Barat xanımın “Görüş” kinokomediyasında canlandırdığı Şövkət, “O olmasın, bu olsun” filmindəki Sənəm, “Qızmar günəş altında” kinopovestində Sərdarovun arvadı, “Kölgələr sürünür” kinodramında katibə, “Qəribə əhvalat”da Tükəzban, “Telefonçu qız”da Sürəyya,  “Evin kişisi” filmində Rövşənin anası, “Onun bəlalı sevgisi” filmində canlandırdığı nənə obrazları ekran təhkiyəsinin tamlığını, inandırıcılığını və reallığını təmin edən personajlardır.

Geniş sənət təcrübəsinə malik olan aktrisanın yaradıcılıq imkanlarından təəssüflər olsun ki, kino çox az bəhrələndi. Teatrda daha çox dramatik obrazların iştirakçısı kimi tanınan aktrisa iyirmi il sonra dəvət aldığı kinoda yaradıcılıq qismətinə düşən  obrazları böyük məharət və bənzərsiz çalarlarla təqdim etdi.

Aktrisanın kinoda debüt rolu “Görüş” kinokomediyasındakı Şövkət obrazıdır. Rolu özünəməxsus ştrixlərlə çatdıran sənət bilicisi personajın fərdi cəhətlərini vəziyyətə uyğun formada şərh edib, hadisələrdəki komik situasiyanı təkmilləşdirib, ziddiyyətləri kəskinləşdirərək digər komik personajların məzəli, gülüş doğuran xarakterlərinin açılmasına imkan yaradıb. Zəngin həyat müşahidəsini, bilgisini sənət dili ilə ekranda cilalayan aktrisanın sənət təcrübəsi digər kino obrazlarını da dəqiq, dolğun və koloritli yaratmasına səbəb olub.

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasındakı Sənəm obrazı dövrünün haqsızlığını, qadın hüquqsuzluğunu ürək yanğısı ilə çatdıran, qınaq obyektinə çevirən personajdır. Rüstəm bəyin evində qulluqçu işləyən Sənəm özgə həyatını yaşamağa məhkum olmuş kölədir. Onun həyat mövqeyinin, söz haqqının olmamasının, tənhalığının, daxili kədərinin tam təəssüratını Barat xanımın ifasında dolğun və aydın şəkildə hiss edirik. Peşəkar təqdimat rolun mövqeyini, filmin mahiyyətini şərh edir, dövrün aktual məsələsini real əks etdirir. Sənətkar yaradıcılığının təfsirində sözün əsl mənasında ekranda həyatın bədii inikası yaranır, rolların forma və məzmunu hadisələrin məna və çalarını dəqiq göstərir.

“Qızmar günəş altında” filmində aktrisanın yaradıcılıq əzminin məhsulu olan  növbəti uğurlu rolunu (Sərdarovun arvadı) izləyirik. Sərdarovun arvadı Şövkətdən fərqli olaraq, ailə hüzurunu qorumağı qətiyyən ağlından keçirmir. Onun əsas məqsədi əri Sərdarovun kənddə sədrlik etməsi və qardaşı savadsız Mürsəlin həkim kimi tanınmasıdır. Şöhrətpərəst qadın daim evdə hay-küy qaldırır, həyat yoldaşını səriştəsizlikdə və qorxaqlıqda günahlandırır. Kəndə yeni gələn bacarıqlı həkim Aydın Zeynalovun tezliklə oradan getməsinə çalışır. Beləliklə də kiçikplanlı rol kimi nəzərdə tutulan Sərdarovun arvadı obrazı aktrisanın sənət biliciliyindən irəli gələn səbəblərdən filmdəki ziddiyyətləri kəskinləşdirən, gərginliyi artıran aparıcı personaja çevrilir. Rolun dolğun təqdimatı hadisələrin məna və mahiyyətinin açılmasına imkan yaradır, filmin təsir gücünü artırır, vacib və dəyərli keyfiyyətlərini üzə çıxarır.

Barat xanım kinoda böyük şövq və sevgi ilə yaratdığı müxtəlif xarakterli rollarını  filmlərin janrına müvafiq olaraq yüksək peşəkarlıqla canlandırıb. Personajların vacib xüsusiyyətlərini dəqiq və koloritli təqdim edib, hər bir çıxışında qismətinə düşən ekran obrazlarının yaradıcılıq potensialına dar gəldiyini, daha genişplanlı rolların öhdəsindən bacarıqla gələ biləcəyini anons edib. Çünki Barat xanımın yüksək sənətkarlıq xüsusiyyəti, yaradıcılıq keyfiyyəti potensial imkanını baş və aparıcı rollarda əks etdirməsinə imkan verirdi. Bu baxımdan səhnə ustasının peşəkarlığından kinoda az istifadə edilməsi təəssüf doğurur. Bununla belə, unudulmaz sənətkarın kino ilə tamaşaçı arasında yaradıcılıq əlaqəsi yaratmağı bacarması, seyrçini ekranda baş verən hadisələrin reallığına, kinonun həyatın inikası olduğuna inandırması böyük sevgiyə, hörmətə və tükənməz alqışa layiqdir.

Dövlət Film Fondu