Lətifə Əliyeva – 80

Sənətə sevərək sarılmaq, rollarını inandırıcı, səmimi təqdim etmək, fərdiyyətçilik yaratmağa imkan verir, özünəməxsusluğunu təsdiqləməyə yol açır. Xalq artisti Lətifə Əliyeva da teatr və ekran obrazlarını orijinal üslubda təqdim edib, fərdi dəst-xəttinə görə diqqət çəkən, seçilən ifasına görə tamaşaçıların rəğbətini qazanıb. İstedadlı aktrisamız bu il yubiley yaşını qeyd edir. Kinosevərlər və Dövlət Film Fondunun əməkdaşları adından Lətifə xanımı ürəkdən təbrik edirik. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Lətifə Cahandar qızı Əliyeva 1944-cü iyulun 1-də Qazax rayonunun Yuxarı Salahlı kəndində müəllim ailəsində dünyaya göz açan Lətifə Əliyeva hələ kiçik yaşlarından sənətə, ədəbiyyata maraq göstərib. Atası Cahandar Kalayev respublikanın qocaman müəllimlərindən olub. Onun bir neçə povestlər kitabı işıq üzü görüb. O, digər qızları kimi Lətifə Əliyevanı müəllim görmək istəyib. Lakin Lətifə xanım Bakıda sənət məktəbində mürəttib sənətinə yiyələnib, bir müddət toxuculuq kombinatında fəhlə işləyib. Atasının təkidi ilə 1964-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub. Lakin orada bir il oxuyub. Ailəsindən xəbərsiz təhsilini Azərbaycan Dövlət Teatr  İnstitutunun dram və kino aktyorluğu fakültəsində davam etdirib.

Lətifə Əliyeva hələ orta məktəbdə oxuyarkən sənət duyumuna görə həmyaşıdlarından seçilərmiş. Onun bu bacarığı şagird və müəllim heyətinin də diqqətindən yayınmazmış. Daxili istəklərini, arzularını hər kəsdən gizli saxlayan sənətsevər xanım institutda oxuyarkən rejissor, pedaqoq Zəfər Nemətovun dəvəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına gəlib, burada hazırlanan 60-dan artıq tamaşada bir-birindən maraqlı obrazlar yaradıb, rolların fərdi xarakterlərini məharətlə çatdırıb. Aktrisanın teatrda təbii, inandırıcı oyunu ilə seçilən rollarından – Sənubər və rəqqasə Xatun (“Mənim nəğməkar bibim”), Ana (“Danışan gəlincik”), Gülcamal (“Komsomol poeması”), Səkinə (“Mən səni sevirəm”), Şərəf (“Məkkəyə gedən yol”), dəyirmançının arvadı (“Viktoriya”), Gövhər (“Məhəbbət bir bəladır”), nənə (“Güc birlikdədir”), Teyyubə xanım (“Hacı Qara”), Zeynəb (“Cavanlığı yada salaq”) və digər rolları ədəbi əsərlərin səhnə həyatının uğurlu olmasına, teatrın repertuar zənginliyinə imkan yaradıb.

Teatr yaradıcılığı ilə paralel olaraq, televiziya ilə də əməkdaşlıq edən Lətifə Əliyeva ilk dəfə 1966-cı ildə Alberto Moravianın “Tufan” əsəri əsasında hazırlanan tamaşada çıxış edib. Bundan sonra bir sıra televiziya tamaşalarında maraqlı rollar yaradıb. Tədricən kinoya dəvət alan istedadlı aktrisa debüt rolunu görkəmli kinorejissor Rasim Ocaqovun quruluş verdiyi “İstintaq” (1979) kinodramında edib, epizod rola çəkilib. Bundan sonra müxtəlif janrlı ekran əsərlərində bir sıra maraqlı, məzmunlu obrazlar canlandırıb. Aktrisanın ekran personajlarından – Sədəf (“Tənha narın nağılı”), Həsənin anası (“Bəyin oğurlanması”), Musanın arvadı (“Bircəciyim”), satıcı Qəndab (“Kişi sözü”), Aliyə xanım (“Gənc qadının kişisi”), ana (“Lətifə”), qonşu (“Təxribat”), şəfqət bacısı (“Şahid qız”), Tükəz (“Hacı Qara”), Qədirin arvadı (“Sarı gəlin”), əsgər anası (“Ağ atlı oğlan”), Gülbalanın anası (“Yapon və yaponiyalı”), falçı (“Girişmə, öldürər”), ana (“O dünyadan salam”), dilənçi (“Koma 0,1 saniyədə”), Məsmə (“Yalan”) və  digər rolları ilə ekran hadisələrinin axıcılığına, mövzunun qavranılmasına imkan yaradıb, tərəf-müqabillərinin istək və məqsədlərinin dolğunluqla əks olunmasına əsas verib.

Lətifə Əliyevanın təkcə “Bəyin oğurlanması” kinokomediyasında təqdim etdiyi ana obrazını yada salmaq kifayət edir ki, sənət texnikasının biliciliyini, hadisələrin dərinliyinə nüfuz etmə qabiliyyətini hiss edəsən, duyasan.

Hadisələrin gedişatından məlum olur ki, ana gənc yaşlarında qonşu oğlan İsrafili sevib. Lakin valideynlərin günahı ucbatından onlar sevgilərinə qovuşa bilməyiblər. İllər sonra dul qalan cütlüklər ailə qurmaq istəsə də, övladlarının bir-birinə olan sevgisinə görə yenə də ayrı yaşamaq məcburiyyətində qalırlar. Beləcə, filmdə arxa planda və incə ştrixlərlə vurğulanan dramatik həyat hekayəsi komik hadisələr içərisində itib-batmır, ananın kədərli baxışları, susqun davranışları fonunda ailələrdə yaşanan situasiyalar, adətlər, ənənələr xatırlanır, öz dövrünün gənclərinin həyat faktlarını göz önündə canlandırır.

Və yaxud “Kişi sözü” kinokomediyasındakı sağıcı Qəndab kənd adamıdır. Ananın arzusu boya-başa çatdırdığı qızını ailə sahibi etmək, xoşbəxt görməkdir. Burada da Lətifə Əliyeva Qəndabın xarakterik xüsusiyyətlərini, daxili duyğularını  bacarıqla açıb göstərməyə nail olub.

“Yapon və yaponiyalı” filmində ana rolu da aktrisanın təqdim etdiyi maraqlı obrazlardandır. Görmə qabiliyyətini itirən ana İkinci dünya müharibəsində iştirak edən oğlunun yolunu həsrətlə gözləyir. Xəzər dənizi üzərində görünən yapon təyyarəsi vurulub yerə salınır. Gənc əsgər sağ qalıb sahilə çıxanda kor qadının kiçik oğlu onu evinə gətirir. Ana əvvəlcə əsgəri oğlu hesab edir. Sonra başa düşür ki, səhv edib. Aktrisa kor qadının güclü hissiyatını davranış və jestlərində, mimika cizgilərində bildirməyə, personajın yaşam tərzini, vəziyyətini inandırıcı formada çatdırmağa müvəffəq olub.

Lətifə Əliyevanın maraqlı və məzmunlu ekran obrazları filmlərin aparıcı qüvvəsi olaraq maraqla izlənilir. Uğurlu təqdimatı fonunda da sənətə olan sonsuz sevgisini bir daha təcəssüm və təsdiq edir. Lətifə xanıma tükənməz tamaşaçı sevgisi diləyir, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Dövlət Film Fondu