Tanınmış animasiya rejissoru və rəssamı Nazim Məmmədovun anadan olmasının 90 illiyidir (03.07.1934-29.10.2004). Məzmunlu yaradıcılığı ilə Azərbaycan animasiya kinosunun inkişafına təkan verən, düşündürücü mövzuları yaradıcılığının qayəsinə çevirən kinematoqrafçının ərsəyə gətirdiyi bir sıra animasiya filmləri bu gün də kiçik yaşlı tamaşaçıların həyat bilgisini artırır, ekran həllini uğurla yaşadır.
Nazim Məmmədov 1934-cü il iyul ayının 3-də Bakıda anadan olub. Rəsm çəkməyə hələ kiçik yaşlarından həvəs göstərib. Rəssamlıq sənətinə olan vurğunluğuna görə də sevdiyi peşəni həyatının mənasına çevirib. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Kollecində təhsil alıb. Bir müddət sonra sənətini püxtələşdirmək məqsədilə Moskvaya gedib, “Soyuzmultfilm” kinostudiyasında animator kurslarını bitirib. 1961-ci ildə vətənə qayıdan gənc kinematoqrafçı “Azərbaycanfilm” kinostudiyasında əvvəlcə animator, 1970-ci ildən isə rejissor kimi işləməyə başlayıb.
Nazim Məmmədov rejissor debütünü 1970-ci ildə edib, “Ayı və siçan” animasiya filmini çəkib. Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi Seyid Əzim Şirvaninin eyniadlı təmsili əsasında ərsəyə gələn qısametrajlı animasiya filmində ayı ilə siçanın təsadüfi görüşü, dialoqu fonunda xeyirxahlığın vacibliyi fikri önə çəkilir, dar günlərdə hər kəsin əlindən gəldiyi qədər bir-birinə kömək etməsinin labüdlüyü vurğulanır. Bundan sonra o, 20-yə yaxın animasiya filmində rejissor və rəssam kimi işləyib. Anlaşıqlı, səmimi təqdimatda yaratdığı müxtəlif mövzulu filmləri ilə uşaqların düşüncələrinin formalaşmasına, zənginləşməsinə imkan yaradan filmlər yaradıb, alleqorik personajların dili ilə dostluğun üstün keyfiyyətlərini təbliğ edib. Həmçinin “Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları” sənədli, “Qozbeli qəbir düzəldərmi?” (№ 6, 1-ci süjet-Bəhmən Əliyevlə birgə), “Yerli kadr təsdiqə gedir” (№ 10, 2-ci süjet) “Mozalan” satirik kinosüjetlərinin rejissoru olub.
İstedadlı rəssamın potensial və yaradıcılıq imkanlarını daha çox animasiya kinosuna sərf etməsini, diqqət çəkən mövzulara müraciət etməsini kiçik yaşlı izləyicilərinə olan sevgisi və rəğbəti ilə də əlaqələndirmək olar. Çünki kino sənətinin əsas növlərindən olan animasiya kinosu əsasən uşaqlar üçün nəzərdə tutulur və onların həyat haqqındakı anlayışlarının əhatələnməsinə zəmin yaradır.
Nazim Məmmədovun filmoqrafiyasında məzmun etibarilə diqqət çəkən filmlərdən “Tülkü həccə gedir” (Bəhmən Əliyevlə birgə, həm də rəssam kimi), “Cırtdanın yeni sərgüzəşti” (Bəhmən Əliyevlə), “Toplan və kölgəsi”, “Sehrlənmiş küpə” (həm də rəssam), “Xeyir və Şər”, “Şah və xidmətçi” (Bəhmən Əliyevlə birgə), “Sonrakı peşmançılıq”, “Şahzadə-qara qızıl” (Bəhmən Əliyevlə birgə), “Karvan” (həm də rəssam) və digər maraqlı animasiya filmləri var. Onu da qeyd edək ki, Nazim Məmmədov animasiya kinosunda ilk beşhissəli “Göyçək Fatma” (1988) cizgi filminin rejissorudur. Həm də bir sıra uşaq kitabının illüstrasiyalarını çəkib, paralel olaraq dəzgah rəssamı kimi işləyib.
Peşəsinə daim böyük məsuliyyətlə yanaşan, maraqlı yaradıcılıq nümunələri ərsəyə gətirən kinematoqrafçı 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.
Dövlət Film Fondu