Azərbaycan kinosunun görkəmli nümayəndəsi, kinorejissor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun anadan olmasından 88 il ötür (13.07.1936). İstedadlı kinematoqrafçının peşəkar müşahidə qabiliyyəti ekranlaşdırdığı filmlərdə həyat faktlarını məharətlə təhlil etməyə imkan yaradıb. Müxtəlif dövr müasirlərinin yaşayış tərzini, xüsusiyyətlərini, hadisələrə münasibətini dəqiqliklə göstərməsinə səbəb olub. Ustad sənətkarın imza atdığı filmləri izlədikcə düşünürük ki, həyatı nə qədər dərindən duyub, doğru nəticə çıxarıb, müdrik tövsiyələrini yaradıcılığına yansıtmaq imkanına malik olasan ki, yüksək mənəvi dəyərlərin, ibrətamiz xarakterlərin, keyfiyyət üstünlüyünün təbliğatçısı olasan, yüzlərlə insanın sevimlisinə çevriləsən. Tanınmış kino xadiminin əziz xatirəsini dərin ehtiramla yad edirik, fürsətdən istifadə edib sənət yoluna qısa nəzər salırıq.
XX əsrin birinci yarısında dünya kinosunda, həmçinin Azərbaycan filmlərində qəhrəmanların fərdi xarakterinin qabardılması faktı ekran əsərlərinin məzmununun açılmasına kömək edirdi. Personajların şəxsi keyfiyyətlərinin, eləcə də (vəziyyətdən çıxış edərəkdən) davranış qaydalarının (əxlaqi dəyərlərin) cəmi hadisələrin mahiyyətinin aydınlanmasına xidmət edir, mühitin ab-havası haqqında tamaşaçıda müəyyən təəssürat yaradır, məlumatlandırırdı. Cərəyan edən hadisələrin fon təsiri bağışlayan köməkçi təsvir vasitələri bütünlükdə, mərkəz xəttinin (baş qəhrəmanın) diqqətdə olmasına yönəlirdi. Bu mənada Rasim İsmayılovun quruluş verdiyi (əsasən də operator kimi) istər tarixi-bioqrafik janrlı, istərsə də ailə-məişət mövzusundan bəhs edən sadə süjetli lirik-dramatik filmlərin tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşlanmasının səbəbini (məkan və zamandan asılı olmayaraq) personajların şəxsiyyətinə böyük marağın olması faktı yaradır.
İstedadlı kinematoqrafçı müxtəlif həyat lövhələrinin məzmununu məntiqli təsvir vasitələri ilə şərh edib, ekran qəhrəmanları haqqındakı təsəvvürlərimizi məntiqli yaradıcılıq priyomları ilə zənginləşdirib. Kadrların yalnız təsvir illüstrasiyası yox, həmçinin müxtəlif dövr hadisələrinin şərhçisi olduğunu sübut edib. Bu isə vəzifə borcunu ləyaqətlə yerinə yetirən, tamaşaçıların rəğbətini qazanan sənətkarın hər addımda əldə etdiyi sənət uğuru, müvəffəqiyyəti idi.
Rəsm çəkməyə, kinoya hələ uşaq yaşlarından maraq göstərən Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda dünyaya göz açıb. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. Həyata baxışını, arzularını kinoda əks etdirmək istəyi və daha çox sənət təcrübəsi toplamaq məqsədi ilə sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verib, operatorluq fakültəsinə daxil olub. Ali kino məktəbini bitirdikdən sonra (1958-1962) vətənə qayıdıb, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi işləməyə başlayıb. 1963-1978-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. Paralel olaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, kino sənətinin sirlərini gənc kinematoqrafçılara tədris edib.
Rasim İsmayılovun yaradıcılıq filmoqrafiyasında 40-a yaxın, o cümlədən operator kimi 15, rejissor kimi 7 bədii, 3 animasiya (2-si rejissor, 1-i ssenari müəllifi kimi), 10 sənədli (4-ü rejissor, 5-i operator, 1-i ssenari müəllifi kimi) film var. Rejissorun fərdi yaradıcılıq üslubu, dərin sənət bilgisi, təcrübəsi müxtəlif janrlı ekran əsərlərinə böyük uğur gətirib, ədəbi əsərlərin ekran həllini tapmasına, personajların daxili məninin açılmasına, xarakterlərin tanıdılmasına imkan yaradıb. Müxtəlif rakurslu çəkilişləri (portret, iri plan, ümumi plan, orta plan və s.), uğurlu təsvir priyomları dövrün və mühitin əhval-ruhiyyəsini, sosial şəraitini ətraflı şəkildə təhlil edib, kino qəhrəmanlarının şəxsiyyətini, fəaliyyətini rəngarəng təqdimatda çatdırıb, maraqlı sənət nümunələri ərsəyə gətirib.
Yüksək mənəvi dəyərlərə malik olan sənətkarın insansevər, ünsiyyətcil xüsusiyyəti, mehriban davranışı daima çəkiliş meydançalarında xoş ovqat yaradıb, yaradıcı heyətin film üzərində həvəslə çalışmasına səbəb olub. Mərhum kinoaktyor, kinorejissor, Əməkdar artist Elxan Qasımovun sənət dostu haqqındakı xatirələrindən: “Rasim İsmayılovla ilk dəfə “Dağ meşəsindən keçərkən” filminin çəkilişləri zamanı görşmüşdük. Öz dövrü üçün çox müasir geyimli biri kimi yadımda qalmışdı. Həmişə dəbli (təyyarəçilərin, hərbçilərin gödəkçələrinə oxşayan) gödəkçələr geyinirdi. Əvvəllər elə bilirdim ki, hərbçi və yaxud təyyarəçi olub. Sonradan bildim ki, əvvəl təyyarəçi olmaq istəyib. Onun şəxsiyyətində, davranışında özünəməxsus qürur vardı.
Çəkiliş zamanı bizə həmişə sərbəstlik verirdi: “Necə istəyirsiniz, elə də hərəkət edin”, – deyirdi. Özü də çox sərbəst insan idi. Onunla işlədiyim sonrakı filmlərdə də bunu gördüm. Peşəsinə böyük məsuliyyətlə yanaşdığına görə filmlərə yalnız operator kimi yox, ikinci rejissor kimi can yandırırdı”.
Azərbaycan kinooperatorluq məktəbinin ustadlarından olan, rejissorluq fəaliyyəti dövründə mühüm mövzulara toxunan, tamaşaçıların diqqətini çəkən, düşündürən Rasim İsmayılovun yüksək sənətkarlıq keyfiyyəti düşüncələri formalaşdırıb, müsbət insani cəhətləri ətrafını, mühitini gözəlləşdirib. Bu mənada görkəmli kino xadiminin xatirəsi hər birimiz üçün daim əzizdir, şəxsiyyəti unudulmazdır, sənəti ölməzdir.
Dövlət Film Fondu