İstedad və bacarığına, özünəməxsus yaradıcılıq üslubuna görə seçilən, sevilən aktyorlarımızdan olan Telman Adıgözəlovun anadan olmasından 71 il ötür (17.07.1953). Yaradıcılıq qismətinə düşən irili-xırdalı rollarını yüksək sənətkarlıq keyfiyyəti ilə canlandıran, rollarının təfsirində ekran hadisələrinin məzmununu aydınladan, rejissor ideyasının dolğun təcəssümünə, təsdiqini tapmasına nail olan aktyorumuzun xatirəsisənətsevərlər üçün həmişə əzizdir.
Ömür yalnız illərdən yox, illəri mənalandıran, yaddaşlara yazan nəcib əməllərlərdən ibarətdir. Zəhmətlə istedad üst-üstə düşəndə, fərdiyyətçiliyi büruzə verən xüsusiyyətlər daha çox olanda insanın şəxsiyyəti və sənəti daha çox xatırlanır, unudulmur. İstedadlı aktyor Telman Adıgözəlov da teatr və kino obrazlarının təfsirində əməksevərliyini dönə-dönə təsdiqlədi. Ünsiyyətcil, mehriban xüsusiyyətlərinə görə isə həmkarlarının, dost və doğmalarının rəğbətini qazandı.
Həyata, insanlara olan sevgisini, səmimi münasibətini sənətinə yansıdan, dolğun yaradıcılığı fonunda məsləyinin vurğunu olduğunu hər bir ifasında təsdiqləyən Telman Adıgözəlov Azərbaycan kinosunda 30-a yaxın bədii filmdə və bir sıra “Mozalan” satirik kinosüjetində çəkilib. Kiçik yaşlarından sənətə vurulan gələcəyin məşhur aktyorunun sənətlə tanışlığı orta məktəbdə oxuyarkən başlayıb, burada aktyorluq kurslarına gedib. Məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) verib, dram və kino aktyorluğu fakültəsində sənətin sirlərinə bələd olub (1975).
Həyatını sənətdən kənarda təsəvvür etməyən tələbənin yaradıcılıq eşqini görən rejissorlar hələ tələbəlik illərindən onu filmlərinə dəvət etməyə başlayıblar. “Xatirələr sahili” (1972) filmində debüt rolunu (Şamil) oynayan gənc aktyor bu filmdən sonra “Nəsimi” tarixi-bioqrafik filmində hürufi, “Anlamaq istəyirəm” kinodramında Camal, “Çətirimiz buludlardır” filmində Bəkir, “Dörd bazar günü” filmində Murad, “Yol əhvalatı” kinokomediyasında tələbə, “Günaydın, mələyim!” məhəbbət dramında teatr rejissoru və digər filmlərdə yaddaqalan rollar ifa edib, həmçinin “Mozalan” satirik kinosüjetlərində (rəisin oğlu-“Arşınmalçı”, abituriyent-“İmtahan” və s.) maraqlı obrazlar canlandırıb.
1980-ci ildən Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif xarakterli rollara imza atan, tərəf-müqabilləri ilə uğurlu yaradıcılıq tandemi yaradan aktyor həmçinin, Azərbaycan Televiziyasında hazırlanan tamaşalarda rəngarəng rollar canlandırıb. Personajların fərdi xüsusiyyətini, daxili aləmini, fərqli psixologiyasını aydınlıqla çatdırıb, maraqlı jest və ifalardan istifadə etməklə obrazlarını yaddaşlara yazıb, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Telman Adıgözəlovun televiziya tamaşalarında özünəməxsus üslubda təqdim etdiyi kolorotli, bənzərsiz rolları yaradıcılıq kredosunu bir daha təsdiqləyib, bacarığını sübut edib. Sənət duyumu güclü olan aktyorun televiziya tamaşalarında böyük şövqlə oynadığı Kamil (“Evləri köndələn yar”), rəqs müəllimi (“Yaşıl eynəkli adam”), Zaman (“Yarımştat”), rəqs müəllimi (“Ordan-burdan”), Hüseyn (“Nigarançılıq”) və digər yaddaqalımlı obrazları vəziyyətin ab-havasını aydınlıqla çatdırıb, tərəf-müqabilləri ilə olan yaradıcılıq ünsiyyəti müxtəlif dövr hadisələrini realist səpkidə təqdim edib.
Unudulmaz kinorejissor Səməd Mərdanov: “Həyat özü komik və dramatik elementlərin bir-birilə üzvi bağlı olduğunu sənətkara diktə edir”, – deyirdi. Telman Adıgözəlovun irili-xırdalı rolları da müxtəlif dövr hadisələrinə şahidlik edir, müasirlərinin xarakteri realist, səmimi ifada tamaşaçıya çatdırılır.
Kinoda əsasən dramatik obrazlar canlandıran aktyor televiziya tamaşalarında duzlu-məzəli, komik surətlər yaradıb. Müxtəlif dövr müasirlərinin qəribə, məzəli cəhətlərini etik dəyərlər çərçivəsində incə yumorla təqdim edib, gülüş hədəfinə çevirib.
Həyata, insanlara olan sevgisini, hadisələrə fərdi münasibətini sənətinə yansıdan Telman Adıgözəlov böyük səmimiyyətə, mədəniyyətə malik insan idi. Buna görə də nəcib xüsusiyyətlərindən, səmimiyyətindən rollarına pay bölürdü. Qəribə davranışlarına görə cəmiyyətin qınağına səbəb olan prototiplərin gülüş doğuran cəhətlərini böyük mədəniyyətlə, yumorla təqdim edirdi. Aktyorun məharətlə, xarakterik cizgilərlə təqdim etdiyi komik rollarının təfsirində avam, işində naşı, məqsədyönlü tipajlar tənqid hədəfinə çevirilir, personajların həyat mövqeyi, məqsəd və niyyəti komik nüanslarla təhlil edilirdi.
Ekran hadisələrindəki mövzunun mahiyyətini, personajın məqsəd və niyyətini dolğun çatdıran, bənzərsiz replika və improvizələri ilə vəziyyətdən yaranan komik, dramatik situasiyaları dəqiqliklə göstərən aktyor, müəlliflərin ideyalarını məntiqi əsaslarla (jest, nitq, plastika) təqdim edib, sənətin həyat üçün vacibliyini hər bir çıxışında təsdiqləyib.
Sənətini daim yüksək peşəkarlıqla təqdim edən, həyatdan götürülən və yaxud düşünülən xarakterləri orijinal üslubda şərh edən aktyorun səmimi, mehriban cəhəti onu insanlara daha yaxın edir, auditoriyasını genişləndirir, milyonların sevgisi ilə əhatələnir, sevilirdi.
Sənəti yüksək qiymətləndirilən istedad sahibi 2000-ci ildə Əməkdar, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Həyata daim sevgi ilə baxan, rollarında əməlisaleh, insansevər yaşamağın vacibliyini vurğulayan, şəxsiyyəti və sənəti ilə insanlara xoş ovqat, sevinc bəxş edən aktyorun yaradıcılıq eşqi ilə döyünən qəlbi 2010-cu ilin 15 aprel tarixində dayandı, 57 yaşında ürək çatışmazlığından vəfat etdi. Müsbət insani keyfiyyətlərinə, sənətdəki peşəkarlığa görə unudulmadı, əziz xatirəsi hörmətlə anıldı.
Dövlət Film Fondu