Hacı Murad Yagizarov – 85

İstedadlı aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı Murad Yagizarov 85 yaşını qeyd edir. Teatr və kino ictimaiyyətinin, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan aktyor ömrü boyu məsləyinin keşiyində durub, istedadı, bacarığı sayəsində yaradıcılığını zənginləşdirib. Hacı Murad Yagizarovu yubiley yaşı münasibətilə ürəkdən təbrik edirik, həyat və yaradıcılıq yolunda yeni-yeni nailiyyətlər arzulayırıq.

1939-cu il iyulun 18-də Bakıda dünyaya gələn gələcəyin məşhur aktyoru orta məktəbi 1957-ci ildə bitirib. Hələ məktəbdə oxuyarkən dram dərnəklərinə gedib, müxtəlif tamaşalarda çıxış edib. Sənətə olan sevgisinə görə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962). Qəlbi, ruhu yaradıcılıq eşqi ilə alışıb yanan gənc aktyorun bəxti onda gətirib ki, görkəmli kinorejissor Tofiq Tağızadənin diqqətini çəkib, onun quruluş verdiyi “Uzaq sahillərdə” (1958) filmində debüt rolunu (partizan) ifa edib. Bunun ardınca isə kinorejissor Həbib İsmayılovun quruluş verdiyi “Ögey ana” filmində çoban Ayaz roluna çəkilib. Peşəkar kinematoqrafçılarla çiyin-çiyinə çalışması onun kinoya marağını daha da artırıb. 1962-ci ildə ali sənət məktəbini bitirdikdən sonra Səməd Vurğun adına Rus Dram Teatrında aktyorluq fəaliyyətinə başlayan gənc aktyor 1960-70-ci illərdə teatrın səhnəsində oynanılan bir sıra məşhur tamaşalarda (“Sən niyə yaşayırsan?”, “Həyat necə də qısadır”, “Öz yolunla”, “Şeyx Sənan”, “Arzu tramvayı” və s.) rol alıb. Əsas yaradıcılıq prinsipini teatr fəaliyyəti təşkil edən aktyor Azərbaycan və xarici dramaturqların əsərləri əsasında hazırlanan 200-dən çox rola səhnə həyatı verib.

Murad Yagizarovu kinorejissor Tofiq Tağızadənin kəşfi adlandıra bilərik. Aktyorun “Uzaq sahillərdə” filmində oynadığı partizan rolu kiçikplanlı olsa da uğurludur. Sonralar “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə görkəmli kinorejissorların Yagizarov yaradıcılığına ardıcıl olaraq müraciət etməsi heç də təsadüfi deyildi. Tanınmış kinorejissorlardan Eldar Quliyev, Arif Babayev, Ənvər Əbluc və digərlərinin filmlərində dönə-dönə rol almaq kinoda sənət biliciliyini təsdiqləmək, rejissorların rəğbətini qazanmaq deməkdir.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan 30-dan artıq filmdə çəkilən aktyor “Arşın mal alan” kinokomediyasında Süleyman, “Babək” tarixi bioqrafik filmində Xəlifə Məmun, “Bağ mövsümü”ndə Kələntər, “Bir cənub şəhərində” lirik-psixoloji dramında Cahangir, “Birisigün, gecəyarısı…”nda Məmmədov, “Ən vacib müsahibə” filmində Zaur Xəlilbəyli, “İnsan məskən salır”da Murad, “Qara gölün cəngavərləri”ndə Fəttahov, “Ulduz” kinokomediyasında Bəxtiyar, “Nizami”  film-pritçasında Qızıl Arslan, “Bizi bağışlayın”da Valid və digər ekran əsərlərində koloritli rollar canlandırıb. Həmçinin xarici kinostudiyaların istehsalı olan filmlərlə yanaşı (Çexiya, Gürcüstan, Almaniya), 40-dan çox ekran əsərində yaddaqalan, xarakterik obrazlar yaradıb.

Görkəmli kinorejissor Tofiq Tağızadə quruluş verdiyi “Arşın mal alan” (1965) filmində aktyora Süleyman rolunu tapşırmaqla filmə dəvət etdiyi aktyor ansamblının seçimində yanlmadığını bir daha sübut etdi. Filmin baxımlılığını artıran peşəkarlar arasında Yagizarovun olması aktyorun kino karyerasının uğuru, digər ekran əsərlərində çəkilməsi üçün şansının artması, həmçinin Azərbaycan kinosunun simasına çevrilməsi demək idi.

Hər bir ekran personajını özünəməxsus cizgilərlə, maraqlı jestlərlə təqdim edən  aktyorun işıqlı, nurani çöhrəsi daha çox müsbət ekran qəhrəmanları yaratmasına imkan versə də, yaradıcılıq filmoqrafiyasında mənfi rolların az olmadığı da nəzərdən yayınmır  (Kələntər, Murad, Fəttahov və s.). Bunu isə kinorejissorların aktyorun yaradıcılıq imkanlarının çoxşaxəliliyini göstərmək məqsədi ilə xarakterizə etmək olar.

Romantik və realist sənət məktəbinin davamçısı olan Murad Yagizarovun kinodakı uğurlu rollarından biri də “Bir cənub şəhərində” (1969) filmində canlandırdığı Cahangir obrazıdır. Rol ilk növbədə ətrafdakılara biganə münasibət göstərən təsiri bağışlasa da, onun müşayiəti ilə izlədiyimiz mühit və insanlarla tanışlığımız Cahangirin neytral davranışlarına haqq qazandırır. Çünki onu ətrafındakılardan fərqləndirən və məhəlləsindəki gərgin situasiyalardan qoruyan məhz intellekti, təhsili, həyata fərqli, ayıq nəzərlərlə baxmasıdır. Beləliklə, biz jurnalist həmkarına (Rənaya) məhəllə qanunlarını anladan Cahangirin vasitəsilə ətrafında baş verən gərgin hadisələrin şahidi oluruq.

Ümumiyyətlə, Murad Yagizarovun mövzuları dərindən qavrama, rollarının daxili aləmini duyma, xarakterlərini dəqiq mizanlama, təhlil etmə bacarığı maraqlı ekran təhkiyəsini yaratmağa və tamaşaçını vizual hadisələr haqqında düşünməyə vadar edir. Fikrimizin təsdiqini aktyorun “Ən vacib müsahibə” filmində canlandırdığı Zaur Xəlilbəyli, “İnsan məskən salır” filmində oynadığı Murad rollarının təfsirində də görmək mümkündür. Hər iki filmdəki personajların həyat mövqeyi ibrətamiz olmasa da, xarakter dəyişkənlikləri, dostları qarşısında duyduqları peşmanlıq hissi, yaxınlarına olan etirafları tamaşaçını həyatın dərin qatlarına baş vurmasına, hadisələrin mahiyyətini dərk etməsinə, düşünməyə vadar edir. Sənətkarın böyüklüyü də həyatı sənətdə göstərməsi, sənəti yaradıcılığında yaşatmasıdır. Hacı Murad Yagizarova bir daha cansağlığı, işlərində nailiyyətlər diləyirik.

Dövlət Film Fondu