Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda Özbəkistan Kino Günlərinin təntənəli açılışı olub.
Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Əvəzxan Tacixanov çıxış ediblər.
Azərbaycanda Özbəkistan Kino Günlərini açıq elan edən Murad Hüseynov iki ölkə xalqları arasında dostluq əlaqələrini, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığı qeyd edib. Nazir müavini, həmçinin qeyd edib ki, Azərbaycan Dövlət Film Fondunun arxivində 100-dən çox Özbəkistan bədii filmi və digər materiallar saxlanılır. Onların arasında Şöhrət Abbasovun, Əli Xamrayevin, Lətif Fayziyevin əsərləri var. Bildirilib ki, Hüseyn Seyidzadənin rejissoru olduğu “Qayınana” filmi özbək tamaşaçılarının xüsusi rəğbətini qazanıb. Murad Hüseynov çıxışının sonunda qonaqları və kinosevərləri Azərbaycanda Özbəkistan Kinosu Günləri münasibətilə bir daha təbrik edib, onlara xoş seyrlər arzulayıb.
Öz növbəsində Əvəzxan Tacixanov Azərbaycan xalqını türk dünyasının nümayəndəsi, özbək xalqına məsafəcə uzaq, lakin qəlbən yaxın və qohum kimi salamlayıb. Hər iki ölkədə mədəniyyət günlərinin böyük uğurla keçirildiyini qeyd edib. Azərbaycan və Özbəkistanın maraqları çərçivəsində gələcək layihələrə toxunub.
Açılış mərasimi çərçivəsində “Təkamül” bədii filmi nümayiş etdirilib. Rejissor Yolkin Tuyçiyevin çəkdiyi döyüş dramı sovet ordusu sıralarına çağırılan və qaynar nöqtələrdən birinin qəhrəmanına çevrilmiş özbək gəncinin taleyindən bəhs edir. Müharibə onun və ətrafındakıların həyatını dəyişir, keçmiş əsgər xaricə gedir və illər sonra vətəni Özbəkistana qayıtmaq qərarına gəlir. “Təkamül” Asiyanın ən böyük kinofestivalının – XXVII Busan Beynəlxalq Film Festivalının “KIM Jiseok” mükafatı kateqoriyasında qalibidir. Bu mükafat festivalın “Asiya kinosuna pəncərə” bölməsində ən istedadlı Asiya rejissorlarının işini təqdir edir. Çəkilişlər Özbəkistan, Əfqanıstan, Misir və Böyük Britaniyada aparılıb. Rollarda Almas Urayev, Bəhram Matçonov, Batır Əbdürrəhmanov, Jurabəy Arziyev, Elmira Rəhimcanova, Ulduz Rəcəbova, İqor Buxaidze, Yevgeni Moskviçev və başqaları rol alıblar.