Özbəkistan kinematoqrafçıları Azərbaycan Dövlət Film Fondunun qonağı oldular

İyulun 20-də Bakıda keçirilən Özbək Kinosu Günlərində iştirak edən Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Əvəzxan Tacixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Film Fondunun qonağı oldu. Qonaqlara qurumun fəaliyyəti, filmlərin burada qorunub saxlanılması və bərpası haqqında ətraflı məlumat verildi.

Sonra qonaqlar Artefaktlar muzeyinə baxış keçirdilər, Dövlət Film Fondunda saxlanılan Özbəkistan kinematoqrafiyasına aid film və arxiv materialları ilə tanış oldular. Zəngin kino arxivinin bugünədək qorunub saxlanılmasını fədakarlıq kimi qiymətləndirən nümayəndə heyəti bu işdə əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər. Sonra Fondun kino zalında qonaqlara Azərbaycan və Özbəkistan əlaqələrini özündə əks etdirən nadir xronikal süjetlər nümayiş etdirildi.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin iştirakı ilə kinematoqrafiya sahəsində ölkələrin qarşılıqlı əlaqələri xatırlandı, gələcəkdə Azərbaycan və Özbəkistan kinematoqrafiyasının qarşılıqlı təbliği və arxiv mübadiləsi haqqında müzakirələr aparıldı.

Görüşün sonunda qonaqların Azərbaycan Dövlət Film Fonduna bağışladıqları xatirə hədiyyəsi Əməkdar incəsənət xadimi Cəmil Quliyevə təqdim olundu.

Özbəkistan kinematoqrafçılarından ibarət nümayəndə heyəti Dövlət Film Fondundakı görüşdən xoş təəssüratlarla ayrıldılar.