Milli kino sənətimizin tanınmış nümayəndələrindən olan, özünəməxsus yaradıcılıq nümayiş etdirən, Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin anadan olmasından 87 il ötür (24.07.1937). Kinosevərlərin yaddaşında istedadlı rejissor, həmkarlarının, dostlarının və yaxınlarının hafizəsində müsbət şəxsi keyfiyyətə malik insan kimi qalan rejissorun əziz xatirəsini dərin ehtiramla yad edirik, yaradıcılıq yoluna qısa nəzər salırıq.
Kinoda çalışmaq, fərqlənmək, potensialını təsdiqləmək xüsusi bacarıq, istedad və intuitiv yanaşma tələb edir. Böyük zəhmət, qabiliyyət tələb edən kinonu seçənlər müəyyən müddətdən sonra mütləq şəkildə onun ayrılmaz bir parçasına çevrilir, iştirak etdikləri filmlər vasitəsilə qəlblərimizdə, yaddaşlarımızda iz salırlar. Azərbaycan kinematoqrafiyasının inkişafında əhəmiyyətli rol oynayan kinorejissor Yalçın Əfəndiyev də yüksək sənətkarlıq keyfiyyətinə və müsbət şəxsi cəhətlərinə görə unudulmayan, xatirəsi əziz tutulan kinematoqrafçılarımızdandır.
Yalçın Əfəndiyev hələ erkən yaşlarından kinonun vurğunu olub. Buna görə də həyat eşqini, görüb-bildiklərini filmlərinə köçürmək, insanlara çatdırmaq, onlarla bölüşmək qərarına gəlib. Lakin o, valideynlərinin arzusuna görə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsini (1954-1960) bitirib. Kinematoqrafçı olmaq istəyi böyük olduğundan ikinci ali təhsil almaq qərarına gəlib. 1962-1967-ci illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Orada görkəmli sovet kinorejissorları Lev Kuleşovdan, Boris Belokurovdan peşə sirlərini öyrənib. Diplom işi kimi “Azərbaycanın palçıq vulkanları” elmi-kütləvi filmini çəkib. Ali kino məktəbini bitirdikdən sonra vətənə qayıdıb, “Azərbaycanfilm” kinostudiyasında bir il rejissor assistenti kimi fəaliyyət göstərib. Sonra isə ardıcıl olaraq müxtəlif mövzulu filmlər (sənədli) ekranlaşdırıb.
Milli kino salnaməmizdə özünəməxsus yeri olan rejissor kinostudiyadakı ilkin fəaliyyəti dövründə “Səməd Vurğun” (1966; E. Quliyevlə birgə), “Bakı haqqında 10 dəqiqə” sənədli filmlərini çəkib. Bundan sonra “Azadlıq məşəli” (1967), “Qayıdacağına inanırdı” (1968), “Azərbaycan, Azərbaycan” (1970), “Odla təmasda” (1972) və digər sənədli filmlər ekranlaşdırıb. Azərbaycanın elm və mədəniyyət tarixinin görkəmli simalarına, xalqımızın mədəni irsinə, mənəvi dəyərlərimizə həsr etdiyi bədii, sənədli ekran əsərləri ilə geniş şöhrət qazanıb.
1973-cü ildə çəkdiyi “Naxışların yaddaşı” filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq Kinofestivalında mükafat əldə edib. “Neft Akademiyası” (1974) filmi isə 1975-ci ildə Kişinyovda keçirilən VIII Ümumittifaq Kinofestivalında xüsusi diplom alıb. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” (1976) bioqrafik sənədli filminin yaradıcı heyəti – ssenari müəllifi İsmayıl Şıxlı, rejissoru Yalçın Əfəndiyev və operatoru Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan komsomolu mükafatına layiq görülüblər. Həmçinin film 1977-ci ildə Riqada keçirilən X Ümumittifaq Kinofestivalında xüsusi diploma layiq görülüb.
Yaradıcılıq filmoqrafiyasında 30-dan artıq film olan Yalçın Əfəndiyev həm də çəkdiyi filmlərin əksəriyyətinin ssenari müəllifidir. Mövzu və məzmun baxımından diqqət çəkən, sənədli kino estetikasının incəliklərini yaradıcılığında göstərən rejissor müraciət etdiyi hər hansı bir mövzunun mahiyyətini açmağa müvəffəq olub, maarifpərvər yaradıcılığına görə tamaşaçıların rəğbətini qazanıb.
Sənədli kinoda cəmiyyət üçün dəyərli filmlər ərsəyə gətirən rejissorun yeganə tammetrajlı bədii filmi “Xatirələr sahili” kinodramıdır. Həmçinin o, 1969-cu ildə Azərbaycan xalq nağılının motivləri əsasında “Cırtdan” animasiya filmini çəkib.
1983-1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında Xronikal-sənədli filmlər birliyinin direktoru vəzifəsində çalışan Yalçın Əfəndiyev 1991-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətinin “Azərbaycantelefilm” studiyasında bədii rəhbər və rejissor kimi fəaliyyətini davam etdirib, 1994-2002-ci illərdə isə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ali dərəcəli rejissoru vəzifəsini tutub.
Yalçın Əfəndiyev rejissorluq fəaliyyətindən əlavə, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub, gənc kinematoqrafçılar nəslinin yetişdirilməsi, peşəkar kadrların hazırlanması işinə mühüm töhfələr verib. Rejissor Röyal Əliyevin xatirələri yerinə düşür: “Yalçın müəllim tələbələrinin uğuruna həmişə sevinirdi. İnstitutu bitirən tələbələri ilə də mütəmadi olaraq əlaqə saxlayırdı və onlarla dostluq edirdi. Məzun tələbələrinin filmləri festivallarda iştirak edirdisə, mükafata layiq görülürdüsə, mütləq onlarla bizi tanış edirdi və filmini nümunə olaraq göstərirdi.
İnstitutu bitirdikdən sonra mən də Yalçın müəllimə zəng edirdim, əlaqə saxlayırdım. Bəzən montaj prosesi zamanı qarşılaşdığım problemin həllini ondan soruşurdum. Çəkdiyim filmlər efirdə göstəriləndə zəng edib vaxtını ona bildirirdim və bir iradı olarsa mənə söyləməsini xahiş edirdim. O da çəkdiyim filmə diqqətlə baxırdı, lazım olan yerləri dəftərçəsində qeyd edib mənə söyləyirdi. Bunu ona zəng edəndə anlayırdım. Çünki onunla danışanda: “Gözlə oğul, filminlə bağlı qeydlərim var, onları gətirim”, – deyirdi və məsləhətlərini verirdi.
Yalçın müəllim mülayim xasiyyətli adam idi. Bu kimi xüsusiyyətindən istifadə edən, dərsə gəlməyən tələbələr institutu bitirdikdən bir neçə il sonra Yalçın müəllimin müdrikliyini, onlara olan qayğısını dərk edirdilər. Bəzən mənə zəng edərək: “Bizim üzümüz yoxdur Yalçın müəllimə zəng edək, əhvalını soruşaq. O, necədir?”, – deyə onun haqqında məlumat almaq istəyirdilər.
Mən hər həftə müəllimimə zəng etməyi özümə borc bilirdim. Onun geyim, danışıq, savad, davranış, təhsil, mədəniyyəti bizim üçün mayak idi. Bu kimi örnək timsallı xüsusiyyətlərini görməmək mümkün deyildi. Ondan öyrənəcək çox şey var idi. Özünəməxsus yerişi, təmkinli davranışı belə insana xoş təsir bağışlayırdı. Yüksək mədəniyyətinə, gözəl xasiyyətinə, zəngin sənət bilgisinə görə biz tələbələri onu çox sevirdik. Allah ona rəhmət eləsin”.
Göründüyü kimi, ömür illərlə deyil, əməllərlə ölçülür. Tanınmış kinorejissor, səmimi insan, peşəkar pedaqoq Yalçın Əfəndiyev də peşəsində qazandığı nailiyyətlərə görə sənətsevərlərin hafizəsində, göstərdiyi insanpərvərliyə görə isə onu tanıyanların qəlbindədir.
Dövlət Film Fondu