Sənətdə olmaq, təfəkkürünün məhsulu olaraq hər hansı bir iş ərsəyə gətirmək, özünəməxsus dəst-xəttini təsdiqləmək, bütün ömrünü yaradıcılıq axtarışlarına sərf etmək özü cəfakeşlikdir. İstedaddan əlavə, intuitiv yanaşma, böyük yaradıcılıq eşqi tələb edən kino sənəti bu mənada cəfakeşlər məskənidir.
Azərbaycan kino salnaməsini özünəməxsus yaradıcılıq üslubu ilə zənginləşdirən, müxtəlif mövzulu həyat hadisələrini təhlil obyektinə çevirən kinooperator, kinorejissor, Əməkdar incəsənət xadimi Ələkbər Muradov da maraqlı, məzmunlu filmləri ilə tamaşaçıların rəğbətini qazanan kinematoqrafçılarımızdandır. Doğum və anım günü eyni tarixə təsadüf edən kino fədaisini təqvimin yaddaşına istinadən yox (01.08.1948 – 01.08.2013), məhsuldar yaradıcılığına, maraqlı ömür yoluna görə xatırlamağı özümüzə borc bilirik.
Ömrün hesabatını illərə yansıyan əməyin nəticəsi, uğurun cəmi verir. Ələkbər Muradovun yaradıcılıq bioqrafiyasındakı 40-dan artıq film də istedad və zəhmətinin bariz nümunəsidir. Sənətdə təsadüfi olmadığını yaradıcılığında dönə-dönə təsdiqləyən kino sevdalısının operatorluq peşəsinə olan sevgisi atası Yunus kişidən keçmişdi. Yunus kişi fotoqrafiya sənətinə hələ erkən yaşlarından maraq göstərib, kəndlərində foto dərnəklərinə rəhbərlik edib, az müddət ərzində kinomexanik kimi tanınıb. Hətta Əmircan klubunda ilk dəfə səsli film nümayiş etdirib. Sonralar Bakı kinostudiyasında kinolent emalı laboratoriyasında mexanik, kinolentlərin emalı laboratoriyasında böyük texniki rəhbər vəzifəsində çalışıb.
Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) təhsil alıb, bir müddət sonra həmin institutun avtomatika və telemexanika kafedrasında işləyib, həmçinin “Azərbaycanfilm”də rəngli kinolent emal edən avadanlıqların qurulub işə salınması ilə məşğul olub.
Kinonun texniki təchizatını dərindən bilən Yunus Muradovun oğlu Ələkbər Muradov da təbii ki, sənətə biganə qala bilməzdi, sadə yaradıcılıq təqdim etməzdi. Bacarıqlı operator kimi tez bir zamanda tanınan Ələkbər Muradov istər sənədli, istərsə də bədii kinoda yanaşdığı hər bir mövzuya dərindən nüfuz edib, ekran əsərlərinin məna və mahiyyətini göstərməyə nail olub.
Murad Muradovun xatirələri atası haqqında daha ətraflı məlumat əldə etməyimizə imkan yaradır: “Atamın hələ kiçik yaşlarından kinoya həvəsi olub. 10-cu sinifdə oxuyarkən babam ona kinokamera alıb. İlk dəfə əlinə kameranı alanda da Əmircan kəndindəki tanınmış qoşa minarəli məscidi çəkib.
Atam Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alarkən də kino dərnəyinə gedib. Həmin institutu bitirdikdən sonra isə kinodan ayrı qala bilməyəcəyini anladığından sənədlərini Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verib və kinooperatorluq fakültəsinə daxil olub.
Atam ali kino təhsili almaq istəyini bildirəndə babam inanmayıb ki, o, həmin instituta daxil ola bilər. Buna görə də ona ancaq yolpulu verib yola salıb.
Atamın bəxti onda gətirib ki, institutda məşhur kinooperator Aleksandr Qalperinin kursunda oxuyub, ondan peşə sirlərini öyrənib. İnstitutda seçilən tələbələrdən olub, əla qiymətlərlə də bitirib.
Düzdür, atam daha çox sənədli kinoda işləyib, amma bədii kinoda da uğurlu işləri var. Ssenarini oxuyanda mövzu onun üçün maraqlı olurdusa, operator kimi çalışmağa razılıq verirdi. Kinonun bütün janrlarını sevirdi. Onun üçün əsas olan çalışdığı filmlərdə operator işinin incəliklərini göstərmək, peşəkarlıq nümayiş etdirmək idi”.
Ələkbər Muradovun filmoqrafiyasına nəzər salanda onun bir ildə bir neçə film üzərində işlədiyini görürük. Bu isə kinorejissorların onun bacarığına güvənməsi, filmlərinin taleyini ona həvalə etməsi deməkdir. Gənc operator kino fəaliyyətinin ilkin mərhələsində “Mozalan” kinojurnalı üçün “Məhəbbətin familiyası” süjetində müstəqil operator kimi çalışıb. “Qərib cinlər diyarında” bədii filmində operator assistenti kimi işləyib. Bundan sonra “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm!” filmlərində ikinci operator olub, “Qaladan tapılan mücrü” (Valeri Kərimovla birgə), “O dünyadan salam” və digər bədii filmlərə operator kimi quruluş verib.
Əməkdar artist Suğra Bağırzadənin xatirələrindən: “Ələkbər Muradovla iki filmdə işləmişəm. Operatorluqdan, rejissorluqdan əlavə, o həm də gözəl rəssam idi. Filmlərin biri üçün iki otaqda elə fərqli obyektlər yaratmışdı ki, baxanda heç kim başa düşə bilməzdi ki, müxtəlif çəkilişlər məhz bu iki otaqda çəkilib. O, işinə həddindən artıq həssas və peşəkarcasına yanaşırdı”.
Murad atasının rəssamlıq bacarığından da bəhs etdi: “Azərbaycanın tanınmış rəssamı Səttar Bəhlulzadə atamgilin qohumu idi. Onlara tez-tez gedib-gələrmiş. Atam da uşaqlıqdan rəssamlıqla məşğul olmağa başlayıb. Çəkdiyi rəsmləri hər dəfə Səttar Bəhlulzadəyə göstərərmiş. O da öz fikirlərini atama bildirərmiş, məsləhətlərini verərmiş. Beləliklə, atamın rəssamlıq bacarığı üzə çıxıb.
Atam dostcanlı olduğuna görə dostları çox idi. Onların evlərində, şəxsi kolleksiyasında atamın əsərləri bu gün də saxlanılır. Hətta İranda sərgisi keçirilmişdi. Qayıdanda mükafatlarla gəlmişdi”.
Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Nizami Abbasın dediklərindən: “Ələkbəri 1976-cı ildən tanıyırdım. Həmin dövrdə o, “Azərbaycanfilm” kinostudiyasında ikinci operator kimi fəaliyyətə başlamışdı. Tədricən münasibətlərimiz daha da yaxşılaşdı. Mən ali kino təhsili almağa getməmişdən əvvəl Ələkbərdən çox məsləhətlər almışdım.
Tale elə gətirdi ki, mən özüm də Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu operatorluq ixtisası üzrə bitirdim və “Azərbaycanfilm”də çalışmağa başladım. Onunla hətta bir neçə dəfə Rusiyaya ezamiyyətə də getdim. İnsanlarla isti münasibəti vardı. Moskvada olanda birinci növbədə dostlarını axtarıb tapırdı, görüşürdü. Yaxın dostlarından biri də Gürcüstanın məşhur kinooperatoru Giya Kusraşvili idi. Onun vasitəsilə Kusraşvili ilə dost oldum. Giya ilə söhbət edəndə elə an olmayıb ki, Ələkbəri xatırlamayaq.
Ələkbərin çox maraqlı rəsm əsərləri var. Bacarıqlı insan idi. Təəssüf ki, öz dəyərini bilmirdi, potensialını qiymətləndirmirdi. Özünəməxsus danışığı, zarafatları onu sevdirirdi, yumor hissi güclü idi. Haqsızlığa qarşı olduğunu açıq-aydın bildirirdi. Bu isə çoxlarının xoşuna gəlmirdi. İnsanların üzünə yalandan gülməzdi, kimin hansı xüsusiyyətini bəyənmirdisə, sözünü həmin dəqiqə deyirdi.
Bir müddət kinostudiyadan ayrıldı. Mən deyərdim ki, o ayrılıq bəlkə də ömrünün çox hissəsini onun əlindən aldı. Yaxşı ki, “Azərbaycanfilm”də sənədli və bədii filmlərini ərsəyə gətirə bildi. Yaradıcılığı çox ola bilərdi, heyif ki, həyatdan tez köçdü”.
Ələkbər Muradovun bədii kinoda rejissor kimi ilk müstəqil işi “Güllələnmə təxirə salınır” kinodramıdır. İkinci Dünya müharibəsindən sonrakı illərdə mürəkkəb mühit, cəmiyyətdə baş verən gərgin hadisələr, insanların çətin sosial durumu filmin leytmotividir.
Gərgin hadisələri psixoloji nüanslarla əks etdirən, tamaşaçıları yaxın keçmişin müasirinə çevirən və hər bir kadrı ilə düşündürməyə vadar edən filmin çətinliklə ərsəyə gəlmə səbəbini də Muraddan öyrənirik: “Güllələnmə təxirə salınır” filminin çəkilişləri 1993-cü ildə başlamışdı. İlkin mərhələdə film sponsor dəstəyi ilə çəkilmişdi. Ancaq naməlum səbəblərə görə vəsait tam olaraq verilmədi, çəkilişlər dayandırıldı. Həmin dövrdə “Azərbaycanfilm” kinostudiyasında aşkarlama olmadığına görə film Ukraynaya aparıldı və orada aşkarlandı. Lentlər 10 il Ukraynada saxlanıldı. Nəhayət, 2002-ci ildə atam filmi almaq üçün Ukraynaya getdi. Lentlər normal şəraitdə saxlanılmadığına görə filmin neqativi zədələnmişdi.
Film təmizləndikdən sonra Azərbaycana gətirildi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə yarımçıq işləri (səsləndirmə və montaj) tamamlandı.
Mən özüm də filmdə Xanın uşaqlığını oynamışam. Tale elə gətirdi ki, filmin tamamlanma işləri olanda ikinci rejissor kimi də atama kömək etdim. Yaxşı yadımdadır, film “Nizami” kinoteatrının iki zalında uğurla nümayiş olundu. Zallar adamla dolu idi, nümayişlər anşlaqla keçirdi”.
Murad atasının onun bu sənətə gəlməyini istəməməsindən də danışdı: “Atam sənətin çətinliklərini bilirdi. Dostları bu sənəti seçdiyimi biləndə və ondan mənim haqqımda nəsə soruşanda: “Oğlumu oda atdım”, – deyirdi. Bu gün bu od məni yandırsa da, mən sənətimdən zövq alıram. Şadam ki, atamın davamçısıyam.
Atam işdə kollektivlə səmimi davranırdı. Heç vaxt ayrı-seçkilik etmirdi. Evdə isə çox ciddi və sərt idi. Biz onunla dost idik, bununla belə, aramızda böyük məsafə olub. Böyük qardaşım Elnur başqa peşənin sahibidir.
Atam iki dəfə ailə qurub. Birinci evliliyini valideynləri istəyib. O, Kinematoqrafiya İnstitutunda təhsil alacağını bildirsə də, valideynləri evləndirmək fikrindən vaz keçməyiblər. Birinci evliliyi uğursuz olub. Bir müddət sonra anamla ailə qurub. Anam ilk vaxtlar Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışıb. Mən doğulandan sonra işləməyib.
Biz sadə ailə olmuşuq. Çətin günlərimiz də olub, yaxşı günlərimiz də. Atam ailəcanlı idi. Bəzən işimdə nöqsan olanda məni danlayırdı, tənqid edirdi. Bilirdim ki, bunları mənim gələcəyim, yaxşılığım üçün edir. Buna görə də həmişə onunla razılaşırdım. Hərdən onun danlağı, tənqidləri üçün darıxıram. Sevinirəm ki, onun oğluyam və buna görə də qürur hissi keçirirəm”.
Dövlət Film Fondu