2 avqust – Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olundu

Azərbaycan Kinosu Günü çərçivəsində Nizami Kino Mərkəzinin önündə kino eksponatları, filmlərdə istifadə olunmuş geyimlər və kino afişalarının sərgisi təşkil olunub. Azərbaycan Dövlət Film Fondu və “Azərbaycanfilm” kinostudiyasında qorunan eksponatların sərgidə nümayişindən sonra tədbir mərkəzin zalında konsert proqramı ilə davam edib.

Tədbirdə ilk olaraq Prezident İlham Əliyevin 1 avqust 2024 tarixli sərəncamı ilə təltif edilən kino işçilərinin adları elan olunub və təbriklər çatdırılıb.

Açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu il 126 yaşını qeyd edən Azərbaycan kinosu dünya kinosunun tarixi ilə təxminən bərabər yaranaraq paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbyacan kinosu çoxlu eniş və yoxuşlar yaşayıb, müxtəlif transformasiyalara məruz qalıb. Amma həmişə öz milli ənənələrinə, yüksək mənəvi dəyərlərinə, sənət sevgisinə sadiq qalıb: “Müasir Azərbaycan kinosunun inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. 1970-ci illər Azərbaycan kinosunun ən parlaq dövrü hesab olunur. Məhz onun dəstəyi ilə aparılan araşdırmalar nəticəsində kino tariximizin əsl yaşı müəyyən edilib və ilk filmin – “Balaxanıda neft fontanı” filminin nümayiş tarixi 1898-ci il avqustun 2-si kino günü elan edilib. Artıq 24 ildir ki, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 avqust – kino işçilərinin peşə bayramı, Azərbaycan Kinosu Günü kimi qeyd edilir”.

Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyev bu irsin davamçısı olaraq, kino sənətimizi daima diqqətdə saxlayır: “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi, kinostudiyaların maddi-texniki bazasının gücləndirilməsi, 1993-cü ildə Ulu öndərin tapşırığı ilə yaradılan və milli kino sənətinin qorunub saxlanması məqsədi daşıyan Azərbaycan Dövlət Film Fondu üçün yeni, müasir standartlara cavab verən binanın tikilməsi, hal-hazırda tədbirin keçirildiyi Nizami Kino Mərkəzinin yenidən bərpa olunması, Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin yaradılması, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi məqsədi ilə hər il Prezidentin ehtiyat fondundan filmlərin istehsalı üçün maliyyənin ayrılması kinoya dövlət dəstəyinin bariz nümunəsidir. Son 20 il ərzində Azərbaycan kinosunun inkişafına 100 milyondan çox vəsait ayrılıb, 1763 bədii, sənədli, animasiya və s. filmlər çəkilib”.

Azərbaycan Kinomatoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev və Xalq artisti, kinorejissor Oqtay Mirqasımov ölkəmizdə kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan işlərdən məmnunluqlarını bildirərək kino xadimlərinə uğurlar arzulayıblar.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu qurumun fəaliyyətindən söz açıb.

Çıxışlardan sonra ARKA-nın fəaliyyəti ilə bağlı, həmçinin yubilyar filmlərdən ibarət videomateriallar nümayiş etdirilib.

Yubilyar filmlərdə çəkilmiş aktyorlar çıxış edərək ürək sözlərini bölüşüblər.

Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Ramil Qasımov, solistlər Mirələm Mirələmov, Elgün Hüseynov, həmçinin “Mirvari” rəqs ansamblı və müstəqil “Oyuq” Uşaq Teatrının balaca aktyorları yubilyar filmlərdən musiqilər ifa ediblər.

Daha sonra AKİ-nin müxtəlif nominasiyalar üzrə ənənəvi mükafatı sahiblərinə təqdim olunub. Gecədə həmçinin AKİ tərəfindən keçirilən “Arxa cəbhənin insanları” qısametrajlı bədii film üzrə ssenari müsabiqəsinin qalibləri elan olunaraq təltif edilib.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup kino xadimi Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb.

Sonda “Tənha insanın monoloqu” adlı qısametrajlı film nümayiş etdirilib. Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyevdir. Filmdə əsas rolları Mahir Dərviş və Elşən Əsgərov ifa ediblər.