O, kinoya 40 yaşında gəldi, çəkildi, tanındı, sevildi. Hər bir obrazını da yüksək sənət keyfiyyəti ilə, xarakterik ekran personajı səviyyəsində təqdim etdi, filmlərin aparıcı qüvvəsi olmağa nail oldu. Elə buna görə də uğurlu obrazlarını Azərbaycan ailəsi haqqında dolğun məlumat verən, ətrafı, mühiti barədə vacib mesajları çatdıran rol kimi qəbul etdik, əziz xatirəsini daim minnətdarlıq hissi ilə xatırladıq. Söhbət Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli sənətkar Məmmədrza Şeyxzamanovdan gedir.
Məmmədrza İsa oğlu Şeyxzamanov 4 avqust 1915-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. İki yaşı olanda həyatın sərt üzü ilə qarşılaşıb, gözlənilmədən atası vəfat edib. Ailənin dolanışığı anası Böyükxanımın üzərinə düşüb. Anasına kömək etmək üçün bir müddət sonra o, toxuculuq fabrikində işə düzəlib. Bununla belə, dövrünün qadası, qovğası ailənin vəziyyətinin daha da pisləşməsinə səbəb olub. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Şeyxzamanovun babası – Cümhuriyyət dövründə mühüm dövlət vəzifəsində çalışmış Nağı Şeyxzamanlı və yaxın qohumlarının repressiyaya məruz qalması onların vəziyyətini daha da ağırlaşdırıb.
Məmmədrza Şeyxzamanov 1929-cu ildə ibtidai məktəbi bitirib, orta məktəbə daxil olub. İlk gündən şagirdlər arasında istedadı ilə seçilməyə başlayıb. Həmçinin ictimai işlərdə fəallığını göstərib. Həmin illərdən onda aktyorluq sənətinə həvəs yaranıb. Orta məktəbdə oxuyarkən teatr studiyasına daxil olub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə bu sənət ocağına dəvət edilib. İlk dəfə türk dramaturqu Əbdülhəq Hamidin “Hind qızı” tamaşasında kiçik rolda çıxış edib. Bu, onun professional səhnəyə gedən yolda ilk uğuru olub. Teatrda işləyərkən aktyorluq sənətinin sirlərini mənimsəyib. “Vaqif” (Eldar), “Fərhad və Şirin” (Fərhad), “Yaşar” (İmamyar), “İki qardaş” (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. Səhnədə çıxışları alqışlarla qarşılanıb. Tədricən daha mürəkkəb xarakterli rollar ifa edib.
Bir müddət sonra paytaxta gələn aktyor 1954-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında işləməyə başlayıb. Yaradıcılıq qismətinə düşən müxtəlif xarakterli obrazların öhdəsindən bacarıqla gəlib. Xarici görünüşü, yüksək mədəniyyəti, təmkini ilə teatr ictimaiyyətinin, tamaşaçıların böyük rəğbətini qazanıb. 30 ilə yaxın çalışdığı bu mədəniyyət ocağında dünya klassiklərinin əsərlərində müxtəlif xarakterli rolların uğurlu ifaçısı kimi tanınıb. Qacar, Xosrov (“Vaqif”, “Fərhad və Şirin”), İmamyar, Aydın (“Yaşar”, “Aydın”), Edqar (“Antoni və Kleopatra”), Hacı Həsən (“Ölülər”), İxtiyar (“İblis”) və başqa rolları ona böyük şöhrət qazandırıb. Aydın diksiya və obraza girmək bacarığı yaradıcılığı üçün xarakterik əlamətlər olub.
Azərbaycan teatrında məktəb yaradan Məmmədrza Şeyxzamanovun şəxsi üstünlükləri onu ətrafındakılara, həmkarlarına daha da sevdirib. Qayğıkeş sənətkar, müdrik ağsaqqal kimi həmişə insanların köməyinə gəlib. Sadə, təvazökar və digər üstün keyfiyyətlərindən bir çox ekran obrazlarına da pay bölüb.
Aktyor kinoda debüt rolunu (professor) 1955-ci ildə görkəmli kinorejissor Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” kinokomediyasında canlandırıb.
Daha sonra “Qızmar günəş altında” kinodramında Alı kişi, “Leyli və Məcnun”da dərviş, “Bir qalanın sirri”ndə Həkim Eldostu, “Onu bağışlamaq olarmı?” filmində polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm, “Tütək səsi” müharibə dramında İsfəndiyar kişi və digər məzmunlu rolları ilə kinosevərlərin qəlbini ovsunlayıb, Azərbaycan kinosunun simasına çevrilib.
Aktyorun hər bir ekran personajı yaddaqalımlı, bənzərsiz və məzmunludur. Rolları böyük ustalıqla özününküləşdirən, intuitiv yanaşmasına, orijinal təqdimatına görə filmlərin aparıcı qüvvəsinə çevrilən sənət bilicisi rolları vasitəsilə həyat üçün vacib mesajları verib, filmlərin ideya məzmununun açılmasına, aydınlanmasına imkan yaradıb.
Şeyxzamanovun uğurlu ekran rollarından biri də kinorejissor Həbib İsmayılovun quruluş verdiyi “Böyük dayaq” filmindəki Rayon Partiya Komitəsinin katibi obrazıdır. Kolxoz sədri Rüstəm kişinin cəbhə dostu olan Şərəfoğlu yaranmış çətin vəziyyətdən çıxmaq üçün ona məsləhətlərini verir. Rüstəm kişinin düşmənlərini ortaya çıxarır. Bununla belə: “Xalqa söykənmək lazımdır”, – deyərək dostuna da öz iradını bildirir. Obrazın mülayim, həmçinin işində peşəkar xüsusiyyətləri, insanlarla olan xoş davranışı peşə məsuliyyəti ilə yanaşı, vətəndaşlıq keyfiyyətini, yüksək mənəvi üstünlüyünü göstərir. Tövsiyələri yaddaşlara həkk olunur, nümunəvi mövqeyi, peşəkar təqdimatı filmin aparıcı qüvvəsi səviyyəsində qəbul edilir.
“Tütək səsi” filminin kədərli motivini xatırladan, filmin təsirli səhnələrindən olan “Ruhani” havasının təqdimatı İsfəndiyar kişinin sonsuz ağrısının ifadəsi kimi yaddaşlara həkk olunub, filmin ideya məzmununun tamlıqla açılmasına səbəb yaradıb.
“Onu bağışlamaq olarmı?” filmində polkovnik Qurbanov isə qanun keşikçisi olaraq cəmiyyətin təhlükəsizliyi istiqamətində vacib işlər görür, caninin zərərsizləşdirilməsi istiqamətində məsləkdaşlarına lazımi təlimatları verir, vəziyyətin stabilləşməsinə nail olur.
“Qızmar günəş altında” kinodramında Əmir dayı oğlu Eldarın həyatının qaydaya düşməsi və kəndinin su ilə təmin olunması üçün nigarandır. Hadisələrin həlli yolunu da Bakıdan gələn həkim Aydın Zeynalovun oğlunu tezliklə sağaltmasında, Eldarın su qaynağını tapıb kəndi çarəsizlikdən qurtarmasında görür.
Aktyorun kino yaradıcılığında xüsusi yer tutan “Nəsimi” tarixi-bioqrafik filmindəki Şeyx Əzəm obrazı insan zəkasının, istedadının tərənnümçüsü Nəsimiyə və hürufi təriqətinə qarşıdır. Teymurləngə canla-başla qulluq edən Şeyx Əzəm zülmü ərşə çəkilən sərkərdəyə sadiqliyini sübut etmək üçün Nəsimini güdaza vermək yolunda övladını da tələf edir.
Göründüyü kimi mövzu və məzmun baxımından fərqli ekran əsərlərində bənzərsiz rollar yaradan aktyor hər bir rolun istək və məqsədini, hadisələrə münasibətini, mühiti, dövrü üçün mövqeyini tamlıqla xarakterizə edib.
Məmmədrza Şeyxzamanov sənəti, təqdimatı bütün dövrlər üçün müasir, aktual, gənc aktyor nəslinin sənətdə püxtələşməsi, yetişməsi istiqamətində isə məktəbdir. Bu mənada ustad sənətkarın ekran rolları unudulmaz, həyat mövqeyi ibrətamiz, xatirəsi əzizdir.
Dövlət Film Fondu