Aktyor Ramiz Məlikin doğum günüdür

Kino özünəməxsusluğu, bənzərsiz təqdimatı sevir, yaşadır. Kino obrazlarını yaddaqalımlı təqdim edən, bənzərsiz jest və maneralarla çatdıran Xalq artisti Ramiz Məlik də yaradıcı sənətkar kimi ekran personajlarını filmlərin aparıcı qüvvəsinə çevirib, sənətsevərlərin böyük diqqət və rəğbətini qazanıb. Mərhum sənətkarın anadan olmasından 81 il ötür. Unudulmaz aktyorun kino fəaliyyətinə qısa nəzər salır, əziz xatirəsini ehtiramla yad edirik.

Ramiz Məlik 1943-cü ilin 4 avqust tarixində Bakıda dünyaya göz açıb. Onun haqqında danışanda bir çox həmkarı kimi “sənətə hələ kiçik yaşlarından vurulmuşdu” sözlərini deyə bilməsək də, “məzmunlu, məntiqli teatr və kino obrazlarına görə sənətsevərlərin böyük rəğbətini qazanmışdı” fikrini əminliklə vurğulayırıq. Orta məktəbi bitirdikdən sonra sənədlərini Neft Akademiyasına verən gənc (1961) instituta qəbul oluna bilmədiyinə görə növbəti dəfə İncəsənət İnstitutuna üz tutub, aktyorluq peşəsini seçib. Müsahibələrinin birində isə sənətə gəlməyinə aydınlıq gətirib: “Orta məktəbi bitirən kimi sənədlərimi Neft-Kimya İnstitutuna verdim, axırıncı imtahandan kəsildim. Daha sonra sənədlərimi Politexnik İnstitutuna verdim, bu dəfə də üçüncü imtahandan kəsildim. Əvvəllər Əbilov adına klubda dram dərnəyinin iştirakçısı olsam da, heç vaxt sənətə gəlmək istəməmişəm. Ancaq Politexnik İnstitutundan kəsildikdən sonra rejissor olmaq qərarına gəldim, sənədlərimi Mirzağa Əliyev adına Teatr İnstitutunun rejissorluq fakültəsinə verdim və keçdim. Yer olmadığına görə institutun rektoru Rahib Hüseynovun və Xalq artisti Məlik Dadaşovun məsləhəti ilə aktyorluq kursunda oxudum. Bir şərtlə ki, yanvar ayında rejissorluq kursuna keçəcəkdim. Ancaq başım Məlik Dadaşovun dərslərinə bərk qarışdı və bir də ayıldım ki, birinci kursu bitirirəm. Xəbərim olmadan Rahib müəllim də əmrimi aktyorluq fakültəsinə vermişdi. Beləliklə, taleyimə aktyor olmaq yazıldı. Xoşbəxtliyimiz onda idi ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məlik Dadaşov kimi korifey müəllimlərimiz olub”.

Tələbəlik illərindən kinoya çəkilən gənc aktyor az müddət ərzində kinorejissorların diqqətini çəkdi. Bir-birinin ardınca müxtəlif janrlı ekran əsərlərində irili-xırdalı rolları ilə müxtəlif dövr müasirlərinin həyat yolunu, düşüncə və xarakterini ətraflı şəkildə şərh etməyə nail oldu.

Debüt rolunu “Qanun naminə” (1968) kinodramında canlandıran Ramiz Məlik 1970-ci ildə görkəmli kinorejissor Həsən Seyidbəylinin quruluş verdiyi “O qızı tapın” filmində aparıcı rollardan birini – Ziya obrazını ifa edib. Bundan sonra isə şöhrəti daha da artdı, iriplanlı rollara çəkildi. Həmin ildə “Yeddi oğul istərəm” tarixi-inqilabi filmində çəkilən aktyor filmin finalındakı epizodda çıxış etsə də, bir daha kinosevərlərin diqqətini çəkməyi bacardı. Rol kiçikplanlı olmasına baxmayaraq, XX əsrin 20-ci illərində baş verən inqilabi hadisələrin gedişatı haqqında müəyyən məlumatları almağımıza, dövrün ab-havasını duymağımıza zəmin yaratdı.

Ramiz Məlikin dolğun təqdimatı, rolların mövqeyini təsdiqləyən qətiyyətli ifası, şux qaməti, intizamlı görünüşü potensialı çərçivəsində tamlıqla əksini tapır, mövzunu qavramağımıza kömək edir, hadisələrin inandırıcılığına səbəb yaradırdı. Bu və ya digər rolların vəziyyətdən yaranan və ya hadisələrə, tərəf-müqabillərinə olan münasibətinin,  xüsusiyyətinin qəbul edilməsinə, real obraz səviyyəsində tanınmasına səbəb olurdu.  

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-dan artıq filmdə irili- xırdalı rol oynayan aktyor “Babək” tarixi filmində Səhl ibn Sumbat, “İşarəni dənizdən gözləyin”də balıqçı, “Məhkumlar”da Cəfər həkim, “Sevinc buxtası”nda Asanov, “Qatır Məmməd”də Müllerin yavəri və başqa dolğun rolları ilə sənət biliciliyini təsdiqləyib.

Sovet hökumətinin Bakı neftini mənimsəməsi, digər tərəfdən də ingilislərin “qara qızıl”ı ələ keçirmək üçün törətdikləri fitnə-fəsadlar “Sevinc buxtası” tarixi-inqilabi filmində yüksək bədii keyfiyyətlə əksini tapıb. Ekran əsərində bolşevik Asanovun (Ramiz Məlik) ölkədə gizli yaşayan keçmiş neft sahibkarlarının, həmçinin ingilis kapitalistlərinin neft aksiyalarını ələ keçirmə cəhdlərinin qarşısını alması realist  təqdimatda diqqətə çatdırılıb.

İctimai-siyasi (1920-ci illər) hadisələrin mərkəz xəttini bolşeviklərin var qüvvələri ilə dənizdən çıxarılan nefti ələ keçirmələri təşkil edir. Qanun keşikçisi olan Asanov da keçmiş sahibkarlardan ələ keçirdiyi maddi sərvətləri hökumətə təhvil verən, sovet quruluşuna can-başla xidmət göstərən bolşevikdir. Obrazın mövqeyini inandırıcı təqdim edən aktyor rola uyğunlaşdırdığı mizanlarla personajı müvəffəqiyyətlə təqdim etməyə nail olub.

“Qatır Məmməd” filmindəki Müllerin yavəri obrazı kiçik planlı olsa da, çar rejiminin istilaçı missiyasını təsdiqləyən personajdır. Aktyorun obrazın durumuna (vəziyyətə əsasən) uyğun çatdırdığı həyəcan, peşmanlıq, çaşqınlıq, xilasolma cəhdi fərdi yaradıcılıq xüsusiyyətində, maraqlı jestlərlə təqdim olunub. Tərəf-müqabili (Rasim Balayev) ilə olan dialoqunda yüksək sənət nümayiş etdirməklə də hadisələrin gərginliyini artırmağı, ekran təhkiyəsini yaratmağı bacarıb. Bu və ya digər ekran obrazlarını peşəkarlıqla təqdim edən Ramiz Məlik dublyaj sahəsində də məhsuldar yaradıcılıq nümayiş etdirib. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə, eləcə də “Doğma sahillər” filmində kapitan Nəzərov (aktyor Ənvər Həsənov), “Şeytan göz qabağında” filmində sürücü (Təvəkkül İsmayılov), “Tütək səsi”ndə Tapdıq (Akif Məhərrəmov) və başqa rolları ifaçılar qədər ustalıqla səsləndirib, onlarla xarici filmin dublyaj olunmasında yaxından iştirak edib.

Həyat həqiqətləri və yaxud düşünülmüş hekayələr kinoda fərdi yaradıcılıq üslubunda əks olunur, zəngin sənət təcrübəsi həyat üçün vacib mesajları verir. Ramiz Məlikin kino yaradıcılığının uğuru da ekran hadisələrini gerçək həyat həqiqəti kimi təqdim etməsində, tipik keyfiyyət daşıyıcılarını (ekran obrazlarını) inandırıcı  canlandırmasında idi. Ətraf aləmi kinoda inikasa çevirmək isə, tamaşaçını düşündürmək əsl sənətkar kimi xatırlanmaq, unudulmamaq deməkdir.

Dövlət Film Fondu