Ofeliya Məmmədzadə – 85

Filmlərin uğur qazanmasında doğru aktyor seçiminin xüsusi rolu var. Bu mənada obrazların daxili mənini, davranış və psixologiyasını dəqiq çatdıran aktyorlar bir çox hallarda kiçikplanlı rollarla da yadda qalır, tamaşaçıların sevimlisinə çevrilirlər. Əməkdar artist Ofeliya Məmmədzadə də ilk kino obrazından (Roza) etibarən kinosevərlərin diqqətini çəkdi, rəğbətini qazandı.

Aktrisanı kinoda görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin kəşfi adlandıra bilərik. Yazıçı, nasir Qılman İlkinin “Qalada üsyan” romanı əsasında rejissorun quruluş verdiyi “Yenilməz batalyon” (1965) filmində Roza obrazını canlandıran aktrisa personajın fərdi xüsusiyyəti, hadisələrə münasibəti fonunda dövrün acınacaqlı ab-havasını, insanların bir-birinə olan biganə, istismarçı ünsiyyətini açmağa, daxili tənhalığını, müasirlərinin kədərli həyat tərzini göstərməyə müvəffəq olmuşdur. İlk ekran personajı ilə tamaşaçı auditoriyasını genişləndirən, kinorejissorların diqqətini çəkən aktrisa bundan sonra televiziya rejissoru Rauf Kazımovskinin Azərbaycan Televiziyasında yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında ekranlaşdırdığı “Poçt qutusu” faciəvi komediyasında xanın arvadı rolunu oynayır.

Yaradıcılıq qismətinə fərqli xarakterli obrazlar düşən Ofeliya Məmmədzadə vəziyyətə və janra müvafiq xarakterlər təqdim etməklə, personajların mövqeyini dəqiq prizmadan çatdırır, sənət duyumunu və sevgisini bir daha təsdiqləyir, növbəti uğurlu rollara imza atırdı.

Aktrisanın maraqlı ekran personajlarından olan Ağabalanın arvadı (“Bir cənub şəhərində”), Solmaz (“Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan “Bağçada rahat yer” novellası), ana (“Burulğan”) və digər rolları, həmçinin “Mozalan” satirik kinojurnalının süjetlərində (“Köç”, “Gethagetdə”, “Zəncirbənd” və s.) canlandırdığı məzmunlu obrazları yaradıcılıq potensialını bir daha göstərdi, rollarını sevərək, xüsusi şövqlə təqdim etdiyini sübut etdi.

Maraqlı, yerli-yerində olan improvizələri ilə diqqət çəkən, rolları inandırıcı təqdim edən, ekran personajlarının fərdi cəhətlərini dolğunluqla çatdıran aktrisanın kinoda az rolda çəkilməyi, istedadından istifadə olunmamağı təəssüf doğurur.

Ofeliya Məmmədzadə kameranın sevdiyi, ekran obrazlarının müxtəlif dövrlərin bələdçisi olduğuna bizləri inandırdığı, öz dövrünün məşhur, kifayət qədər auditoriyası olan aktrisalardan idi. Hətta Azərbaycan Televiziyasının hazırladığı elə bir Yeni il şənliyi olmazdı ki, Ofeliya xanım ora dəvət almasın, pozitiv mövqeyini nümayiş etdirməsin. Aktrisa şaqraq səsi, maraqlı jest və ifası ilə hazırladıqları səhnəciklərə rəng qatır, tərəf-müqabilləri ilə maraqlı yaradıcılıq həmrəyliyi nümayiş etdirirdi.

Bundan əlavə, o, televiziyada hazırlanan əksər komediyaların qadın qəhrəmanlarını canlandırır, həmçinin “Komediyalar aləminə səyahət” televiziya verilişinin tez-tez qonağı olurdu.

Ötən əsrin 60-cı illərinin sonlarından kino fəaliyyətinə başlayan, tez bir zamanda məşhurlaşan istedadlı xanım ali sənət sənət məktəbini 1977-ci ildə bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin məzunu olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda çıxış edib, televiziyada məşhur sənətkarlarla çiyin-çiyinə (Hüseynağa Sadıqov, Səyavuş Aslan, Əliağa Ağayev və s.) çalışıb.

1965-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnə fəaliyyətini davam etdirib. Klassik və çağdaş ədiblərin əsərləri əsasında hazırlanan tamaşalarda yaddaqalan obrazlar yaradıb. Burada Xalq artistləri, tanınmış komedioqraflardan Bəşir Səfəroğlu, Hacıbaba Bağırov və başqaları ilə tərəf-müqabil olub. “Gəlməli, görməli, gülməli” miniatür teatrında çalışıb, maraqlı rollarla çıxış edib.

Aktrisa 2007-ci il iyul ayının 11-də Bakıda vəfat edib.

Dövlət Film Fondu