Xalq artisti Rasim Balayev adı Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazılan sənətkarlarımızdandır. Görkəmli kinematoqrafçılarla çiyin-çiyinə çalışan aktyor geniş potensialı, istedad və bacarığı sayəsində onlarla maraqlı, məzmunlu ekran personajları ərsəyə gətirib, sənət biliciliyi çərçivəsində filmlərin baxımlılığını artırıb, ölkədə və ölkədən kənarda tanınmasına imkan yaradıb. Yaradıcılıq filmoqrafiyasına 200-ə yaxın film daxil olan sənətkarın kino fəaliyyəti bu mənada gənc nəsil aktyorlar üçün məktəbdir, örnəkdir.
Kinoya bağlılığını hələ tələbəlik illərindən (1965-1969) təsdiqləyən aktyor ilk rolundan etibarən kino sənətinin həyatın inkişafına təkan verdiyini, ictimai təfəkkürün formalaşmasında mühüm rol oynadığını sübut edib. Görkəmli kinorejissor Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” tarixi-bioqrafik filmində baş rolda çəkilməsi onun tez bir zamanda məşhurlaşmasına, ardıcıl olaraq filmlərə dəvət almasına, baş və aparıcı rollar ifaçısı kimi tanınmasına imkan yaradıb. Romantik və realist aktyor məktəbinin ənənələrini yaradıcılığında ustalıqla əks etdirən aktyor müxtəlif janrlı filmlərdə fərqli xarakterlər nümayiş etdirib, sənət texnikasının zənginliyini, peşə sirlərini duyma qabiliyyətini hər bir rolunda təsdiqləyib.
Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı İmadəddin Nəsimi insan zəkasının, istedadının və hisslərinin, gözəlliyinin tərənnümçüsüdür. O, hürufilərin amalını, ideyasını fəlsəfi-poetik şeirləri ilə təlqin edir, müasirləri arasında yayır. Şairin lirik-poetik əsərləri bəşəriyyətin xilaskarı olan xoş duyğuları tərənnüm edir, düşüncələri formalaşdırır, qəlblərə nəciblik, gözəllik gətirir. Lakin əksər hallarda insanların bir-birindən əsirgədiyi xeyirxah əməllərin yoxluğu, kasadlığı cəmiyyəti, eləcə də bəşəriyyəti boz aləmin sakini olmağa məcbur edir. Kamil düşüncəsinə, müdrikliyinə görə könülləri vəsf edən səma şairinin fəlsəfi-psixoloji şeirləri bütünlüklə insanlığı kainatın xilasına, nicatına səsləyir. Həqiqət carçısının unudulmaz şəxsiyyətini, bütün dövrlər üçün aktual, gərəkli olan yaradıcılığını ustalıqla çatdıran novator aktyor kinonun cəmiyyətin maariflənməsi istiqamətindəki rolunu, üstünlüyünü ustalıqla təsdiqləyib, sənət biliciliyini sübut edib.
Sənət sevgisini digər ekran personajları ilə də təsdiqləyən aktyor bu filmdən sonra ardıcıl olaraq müxtəlif janrlı filmlərdə bir-birindən maraqlı, dolğun obrazlar yaradıb, digər baxımlı ekran obrazlarından olan Azər (“Ömrün ilk saatı”), Beyrək (“Dədə Qorqud”), Cəbi (“Arxadan vurulan zərbə”), Babək (“Babək”), Sənan (“Xoşbəxtlik qayğıları”), Nicat (“Gözlə məni”), polkovnik Həbibi (“Doğma sahillər”), Elmar (“İstintaq”), Mirzə Fətəli Axundzadə (“Sübhün səfiri”) və digər ekran personajları ilə müxtəlif dövr müasirlərinin xarakterlərini, cəmiyyətdəki rolunu, ideya və amalını yüksək sənətkarlıq keyfiyyəti ilə çatdırıb.
Sənətin sirlərini dərindən bilən aktyor özünəməxsus ifa maneraları ilə obrazları orijinal, fərqli çalarlarda təqdim edib. Filmin ümumi ideyasını, müəlliflərin mesajlarını ciddi təqdimatı fonunda açmağa, müxtəlif dövr müasirlərinin davranış və düşüncələrini dəqiqliklə çatdırmağa müvəffəq olub. Personajların təfsirində əksini tapan niyyət və məqsədlər aktyorun genişplanlı yaradıcılığında təsdiqini tapıb, müxtəlif dövrlərin, sosial mühitin ab-havası dəqiq prizmadan çatdırılıb.
Kino istedaddan, yaraşıqlı xarici görünüşdən əlavə, daxili zənginliyi, intuitiv yanaşmanı sevir. Rasim Balayev də kino rollarına həssaslıqla yanaşıb, xarakterləri dəqiqliklə cilalayıb, obrazların daxili məninə nüfuz edərək ekran hadisələrinin dərindən qavranılmasına, mövzuların ətraflı şərhinə nail olub. Müsbət xarakterli rolları ilə yanaşı, mənfi cəhətli obrazlarını da xarakter səviyyəsində canlandırıb, hadisələrin mahiyyətini açıqlayıb. Aktyorun “Bir ailəlik bağ evi” filmində oynadığı mürəkkəb xarakterli Əli surəti, “Həm ziyarət, həm ticarət” filmindəki fırıldaqçı Davud rolu, “Küçələrə su səpmişəm” kinodramındakı Bəhmən, “Qanlı zəmi” tarixi-bioqrafik filmindəki Səlim bəy obrazı, “Qatır Məmməd” filmindəki Əziz rolu, “Tənha narın nağılı” kinodramındakı Yaqub və digər mənfi xarakterli rolları müxtəlif dövrün kədərli, qarışıq hadisələrinin məzmunu açıb. İnsanlar arasında münasibətlərin kəskinləşməsində, mühitin dramatizminin yaranmasında personajların bilavasitə rolu olduğunu göstərib, obrazların davranışlarını izləyicilərin mühakiməsinə verib, həyatın inkişafında mədəni davranışın, xoş ünsiyyətin mühüm rolu olduğunu peşəkar ifasında təbliğ edib. Aktyor texnikasının mahir biliciliyi, xarakterlərin dəqiq çatdırılması – hadisələrin mürəkkəbliyinin qaynağının, böhranının yaranma səbəbini açıqlayır, ədəbi əsərin məzmun dərinliyini, kinodakı rolunu təsdiqləyir.
Rasim Balayev sənətinə olan hörmətini bütün yaradıcılığında əks etdirib. Çəkildiyi filmlərlə yanaşı, səsləndirdiyi ekran əsərlərinə də böyük uğur qazandırıb. Müxtəlif janrlı filmlərdə fərqli xarakterli rolları məxməri, ahəngdar səsi ilə təqdim edib, “Tütək səsi”ndə Nuru (Ötkəm İsgəndərov), “Bizim küçənin oğlanları”nda İbrahim (Şahmar Ələkbərov), “Əzablı yollar”da Məlikməmməd (Ötkəm İsgəndərov), “Qara gölün cəngavərləri”ndə Fəttahov (Hacımurad Yagizarov), “Mən mahnı qoşuram”da sədr (Eldəniz Zeynalov), “Üzeyir ömrü”ndə Üzeyir Hacıbəyov (Hüseynağa Atakişiyev), “Nizami”də Nizami (Müslüm Maqomayev), “Bəyin oğurlanması”nda Elxan (Füzuli Hüseynov), “Bağ mövsümü”ndə Kələntər (Hacımurad Yagizarov), “Burulğan”da Murad (Məmməd Məmmədov), “İşarəni dənizdən gözləyin”də komandan (Fuad Poladov) və digər obrazlara ifaçılar qədər uğur gətirib. Həmçinin “Mozalan” satirik kinojurnalında bədii və sənədli süjetlərdə kadrarxası mətnləri böyük məharətlə, mövzuya uyğun intonasiya və replikalarla səsləndirməklə müəlliflərin niyyət və məqsədini ustalıqla çatdırıb (“Akt və fakt”, “Astarı üzündən baha” və s.), sənətkarlıq mövqeyindən çıxış edərək maarifçilik mövqeyi nümayiş etdirib. Bir çox filmdə çəkilməklə yanaşı, paralel olaraq digər personajları peşəkarlıqla səsləndirib (“Cavid ömrü”: rol – Hüseyn Cavid; səs – Cavidin gəncliyi (İman Məcidov), “Köhnə bərə”: rol – Salman, səs – Eldar (Fəxrəddin Manafov) və s.
Müxtəlif dövrlərin ab-havası, mürəkkəb situasiyalara olan yanaşmalar, davranışlar, xarakterlərin müxtəlifliyi aktyorun dərin sənət bilgisi, zəngin təcrübəsi sayəsində xarakterizə edilib. Rolların yüksək təqdimatı filmlərin obrazları yox, obrazların filmləri xatırlatmasına, baxımlılığını artırmasına səbəb yaradıb. Əsl sənətkar qüdrəti də elə budur.
Rasim Balayevin nümunəvi kino yaradıcılığı tədqiqat obyektidir. Sənətkarın çəkildiyi və səsləndirdiyi obrazlar haqqında uzun-uzadı danışmaq olar. Azərbaycan kinosunun inkişafına canla-başla xidmət edən, həyatını bütünlüklə sənətinə həsr edən sənətkarın varlığı kinomuz üçün bir tapıntıdır. Aktyorun vətəndaşlıq və sənətkarlıq mövqeyindən çıxış edərək yaratdığı rolları əsl sənət nümunələridir. Yaradıcılığının fövqündə böyük bir kino tarixini, ailəsini xatırladan, göz önündə canlandıran, ömrünün 76-cı yayını yaşayan ustad sənətkarımıza Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından cansağlığı, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Dövlət Film Fondu