Aktyor və kinorejissor Şahmar Ələkbərovun doğum günüdür

Böyük məsuliyyət, zəhmət, gərgin yaradıcılıq axtarışları tələb edən kino əslində elə sənət cəbhəsidir. Yaradıcılıq uğurlarına görə diqqət çəkən sənətkarların qazandıqları nailiyyətlər isə məsləklərinə olan dərin hörmətin, sonsuz rəğbətin bariz nümunəsidir. Xalq artisti  Şahmar Ələkbərovun bütün dövrlər üçün aktual, qəbuledilən kino yaradıcılığı da vətəninə, elinə  olan sevgisindən, insanlara olan hörmətindən qaynaqlanıb.

Hələ tələbəlik illərindən müəllim heyətinin, tələbə yoldaşlarının hörmətini qazanan Şahmar Ələkbərovun Azərbaycan İncəsənət İnstitutunda (indiki ADMİU) müəllim assistenti kimi saxlanılması heç də təsadüfi deyildi. Bu faktın özü böyük  potensiala sahib olan gənc aktyorun elə həmin illərdən auditoriyanı ələ almaq bacarığının göstəricisidir.

Aktyor sənətindən dərs deyən (1965-1986) istedadlı gənc, paralel olaraq Azərbaycan Dövlət Dram Teatrının aktyoru kimi çalışıb (qısa fasilələrlə, 1963-1972), kinoda maraqlı, koloritli obrazlar yaradıb, ölkəmizdə və ümumittifaq məkanda daha geniş auditoriyanın sevgisi ilə əhatələnib, rəğbətini qazanıb.

Şahmar Ələkbərovun ümumi yaradıcılığının fonunda daxili təlatümü, insanlar üçün olan nigaranlığı hiss olunur. Xarakterlərin daxilinə nüfuz etmə cəhdi, obrazları yaşayaraqdan canlandırma bacarığı aktyorun həyata dəqiq münasibətinin, insanlara olan ürək sözlərinin təzahürüdür.

Azərbaycan kinosunda 30-a yaxın filmdə bir-birindən maraqlı ekran obrazları yaradan aktyorun kinoda debüt rolu “Dağlarda döyüş” (1967) hərbi-vətənpərvərlik dramındakı Fərrux obrazıdır. Xarakter tamlığını, rolun mövqeyini səmimi, inandırıcı üslubda təqdim edən aktyor ilk təqdimatdan başlayaraq,  kinorejissorların diqqətini çəkib, ardıcıl olaraq müxtəlif janrlı filmlərə dəvət alıb.

Orijinal, koloritli ekran personajlarını filmlərin aparıcı qüvvəsinə çevirib, ekran hadisələrini, müxtəlif dövrlərin müasirlərinin düşüncə və xarakterini, mühitin ab-havasını, əhval-ruhiyyəsini incəliklə şərh edib.

Yaradıcılıq qismətinə daha çox insanların xoşbəxtliyi, əmin-amanlığı naminə mübarizə aparan cəsur, vətənpərvər, əzmkar xarakterli rollar düşən aktyorun yaddaqalımlı obrazlarından olan oğul (“İntizar”), Qəzənfər (“Yeddi oğul istərəm”), İman (“Axırıncı aşırım”), Davud (“Skripkanın sərgüzəşti”),  Qatır Məmməd (“Qatır Məmməd”), Azad (“Bakıda küləklər əsir”), Gündüz Kərimbəyli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Məzahir (“Mən ki gözəl deyildim”) və digərləri müxtəlif dövr hadisələrinə fərdi münasibət bildirən, mühit və zaman haqqında təsəvvürlərimizi zənginləşdirən obrazlardır.

Aktyor istər sosial, istərsə də tarixi-inqilabi mövzulu filmlərdə canlandırdığı personajlarla hadisələrin mahiyyətini aydınlıqla çatdırıb, həyat həqiqətlərinin bədii inikasını yaradıb, özünəməxsus üslubda təqdim etdiyi yaddaqalımlı personajların  öhdəsindən bacarıqla gəlib.

Vətənpərvərlik prinsipi Şahmar Ələkbərov yaradıcılığının ana xəttini təşkil edir. Rolların həyat mövqeyinə uyğunlaşdırdığı mizanlarda nəzərəçarpan kamillik zirvəsi tamaşaçını sözün əsl mənasında valeh edir, insanlıq üçün mühüm olan faktorlar ekran əsərlərinin mahiyyətini, dəyərini atrır.

Həyat motivləri əsasında təşəkkül tapan rolların dolğun, bitkin xarakter olaraq çatdırılmasında sənət biliciliyi ilə yanaşı, aktyorun bənzərsiz səsi də mühüm rol oynayır. Onun məxməri, məlahətli səsinin xüsusi bir sehri, qəlbəyatımlığı vardı. Dublyaj sənətinin üstünlüklərini, incəliklərini dərindən bilən sənətkar diksiyasının qüsursuzluğu, sözlərin səlis təqdimatı sayəsində obrazların hiss və duyğularını aydın çatdırıb, səsinin sehrində sözün məntiqini, sənətin dəyərini bir daha ucaldıb.

Dublyaj sənətinin kinonun ayrılmaz qolu olduğunu səsləndirdiyi hər bir rolda sübut edən sənətkar (“O qızı tapın” – Rüstəm / Tofiq Mirzəyev, “İstintaq davam edir” – Səlim /Fuad Poladov, “Var olun, qızlar” – İsa /Rafael Dadaşov və s.) bədii filmlərlə yanaşı, sənədli filmlərə (“Əcəmi Naxçıvani”, “Dağlarda ada” və s.) və “Mozalan” süjetlərinə (“Baş tutmayan ziyafət”, “Çıxılmaz vəziyyət” və s.) dəvət alıb, istinad etdiyi kadrarxası mətnlərlə yaradıcı heyətin məqsəd və məramını çatdırıb.

Obrazların xarakterləri cilalandıqca vətənpərvərlik hissini bütün hiss və duyğulardan öndə tutan personajların təsir gücü, səmimiyyəti insanlığa və ali ideyalara zidd gedən ədalətsizliyi, özbaşınalığı aradan qaldırmağa qadir olan qəhrəmanlara çevrilib, tarixi-ictimai səbəblər aktyor yaradıcılığında əksini tapıb.

Şahmar Ələkbərovun ədəbi əsərlərin ideyasını dərindən qavraması, izah etmə qabiliyyəti (rolun təfsirində), hadisələri və personajları müxtəlif dövrlərin reallığı kimi qiymətləndirməsi hər hansı bir prototipin neytral mövqedə qalmamasına səbəb yaradıb, təqdimatı mühüm mərhələyə çevrilirib. Məhz buna görə də müsbət rolları qədər məharətlə təqdim etdiyi mənfi obrazları da (Feyzi – “Firəngiz”, İbrahim – “Atları yəhərləyin”, Saleh – “Sevinc buxtası”) filmlərin aparıcı qüvvəsi olaraq kinoya uğur qazandırıb, inikasa çevrilib.

Kinorejissor kimi də cəmiyyətə olan ürək sözünü, fikirlərini əks etdirməyə nail olan Şahmar Ələkbərov debütünü “İmtahan” (kinorejissor Gülbəniz Əzimzadə ilə birgə) bədii televiziya filmi ilə edib. Rejissorluq fəaliyyətində də cəmiyyəti narahat edən məsələlərə toxunub, müxtəlif dövrlərin hadisələrinə qurban gedən ekran personajlarının mənəvi əxlaqi iflasını şəxsi prizmadan təhlil edib, mənalandırıb. Müstəqil olaraq quruluş verdiyi “Sahilsiz gecə” və “Qəzəlxan” (həm də ssenari müəllifi) kinodramları tamaşaçılar tərəfindən birmənalı qarşılanmasa da, sosial problemlərin kökünü mümkün qədər üzə çıxaran, mühakimə edən ciddi ekran əsərləri olaraq diqqət çəkib.

49 illik ömür payının 25 ilini milli kinomuzun inkişafına həsr edən sənətkar  kinostudiyaya ayaq basdığı gündən fədakar, məsuliyyətli kino işçisi kimi həmkarlarının dərin hörmətini qazanıb. Fərqli düşüncəsini, zəhmət və fəaliyyətini cəmiyyətə gərəkli məhsula çevirib, sənətsevərlərin qəlbini fəth edib. Böyük maraqla izlənilən yaradıcılığına görə də yoxluğunda belə böyük hörmətlə xatırlanıb, xatirəsi daim əziz tutulub, unudulmayıb.

Kinoda göstərdiyi xidmətlərə görə sənəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1976-cı ildə Əməkdar artist, 1989-cu ildə Xalq artisti fəxri adları ilə təltif edilib.

Dövlət Film Fondu