Respublikanın Xalq artisti, görkəmli sənətkar Səyavuş Aslan Azərbaycan teatr, kino sənətinin inkişafında mühüm xidmətləri olan, məsləyini yüksək səviyyədə cəmiyyətə çatdıran, sevdirən sənətkarlarımızdandır. Komik, faciə və dramatik rolların mahir ifaçısı kimi tanınan aktyorun sənətə vurğunluğu hələ 12 yaşında, dram dərnəyində görkəmli sənətkar Ağadadaş Qurbanovdan sənət dərsi aldığı illərdən başlayıb (1947-1953). Tədricən parlaq obrazlar, sənət nümunələri ərsəyə gətirən aktyor yaradıcılıq prinsipini Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib) reallaşdırıb. Ədəbi əsərlərə obyektiv yanaşma metoduna, personajların əsasən də komik xüsusiyyətlərini bənzərsiz, maraqlı cizgilərlə təqdim etmə qabiliyyətinə malik olduğuna görə kinorejissorların diqqətini cəlb edib. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-a yaxın (həm də “Mozalan” süjetlərində) filmə dəvət alıb, müxtəlif xarakterli rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
İstedad və bacarığı sayəsində bənzərsiz rollar ərsəyə gətirən Səyavuş Aslan kinoda ilk dəfə “Romeo mənim qonşumdur” (1963) musiqili kinokomediyasında Səməd roluna çəkilib. Filmin aparıcı rollarından biri kimi yadda qalan personaj aktyora geniş şöhrət qazandırıb, digər filmərə dəvət almasına səbəb olub. Həmin ildə çəkilişlərinə başlanılan “Əhməd haradadır?” kinokomediyasında oynadığı Ramiz rolu isə onu dərin sənət bilgisinə, zəngin plastikaya malik aktyor kimi bir daha təsdiqləyib.
Kiçikplanlı rolun baməzə, tənbəl, bəzi məqamlarda isə mərd, xoşagələn xüsusiyyətlərini səciyyəvi planlarla xarakterizə edən Səyavuş Aslan improvizə xüsusiyyətli quruluş, plastika, replika və dialoqları sayəsində rolun daxili mənini açıb göstərməyə nail olub, komik situasiyaların mənasını, məzmununu aydın, rəvan, vəziyyət komediyasına uyğun şəkildə şərh edib. Ekran personajlarına fərqli yanaşma tərzinə, fərqli, mürəkkəb, baməzə xarakterləri ustalıqla çatdırdığına görə də tamaşaçıların rəğbətini qazanıb. “Ulduz” kinokomediyasında yaratdığı Şubay obrazı isə bilavasitə filmin ideya-məzmununun açılmasına, komik hadisələrin məzmununun cilalanmasına xidmət edib.
Rol müxtəlifliyi fonunda yaradıcılıq üslubunu daha geniş səpkidə bəyan etmək imkanı əldə edən aktyor ekran obrazlarının təfsirində mühüm nailiyyətlər qazanıb, yaradıcılıq potensialının zənginliyini, genişliyini dəfələrlə təsdiqləyib. Təsvir olunan hadisələrə, xarakterlərə şəxsi prizmadan yanaşaraq, həyat məsələlərini müəllif-aktyor olaraq şərh edib. Obrazların təfsirində pisi qınamağın, yaxşını alqışlamağın vacibliyini vurğulayıb, tipiklik prinsipini əsas götürüb. Obyektiv tərəfdar olaraq rollarının xarakteri fonunda ekran hadisələrinin inandırıcılığını təmin edib. Aktyorun parlaq yaradıcılığında müxtəlif dövrlərin şərait və mühitini şərh edən ekran obrazlarından Qurban (“Yol əhvalatı”), Hacı Kəmyab (“Evlənmək istəyirəm”), Əflatun (“Cin mikrorayonda”), Hacı Həsən ağa (“O dünyadan salam”), Fərəcov (“Yuxu”), Hacı Qara (“Hacı Qara”) və digər xarakterik rolları məharətlə canlandırdığı tipik prototiplərdir.
Səyavuş Aslanı bədii kinoda,“Mozalan” satirik kinojurnalında və televiziya tamaşalarında görəndə ciddi sənətdən söhbət getdiyini anlayır, kadrlara diqqət kəsilir, hadisələrin mahiyyətinin, ciddiliyinin fərqinə varırıq. Aktyorun bir çox televiziya tamaşalarında (“Adı sənin, dadı mənim”, “Sabiqlər”, “Yaşıl eynəkli adam”, “Evləri köndələn yar” və s.) yaratdığı yaddaqalan obrazlar müəyyən dövrlərin reallığını, hadisələrin məzmununu şərh edən personajlardır. Aktyorun təkcə “Evləri köndələn yar” film-tamaşasındakı rolunu xatırlamaq kifayət edir ki, sənətkarlıq keyfiyyətinin üstünlüyünü, personajların səciyyəvi cəhətlərinin incəliyinə qədər çatdırma məharətini bir daha xatırlayaq, göz önündə canlandıraq.
İki gəncin elçiliyi ərəfəsində qohumların mənzili səhv salmasından, qəribə və məzəli əhvalatlardan söhbət açan televiziya tamaşasında hadisələrin məzmununa diqqət kəsilməyimizə səbəb yaradan əsas amillərdən ən başlıcası tamaşada peşəkar aktyor heyətinin təqdimatıdır. Səyavuş Aslanın canlandırdığı Nadir obrazı adı kimi nadir, məzəli, baməzə, bəzən də gülüş doğuran cəhətləri ilə diqqət çəkir. Aktyorun özünəməxsus üslubda satirik boyalarla təqdim etdiyi personajın amalı, həyat tərzi, məqsəd və məramı incə yumorla komizmin hədəfinə çevrilir, tənqid olunur, qınanılır.
Bazar müdiri olan Nadir pula həris, sadə insanlarla dostluğu özünə rəva görməyən ticarətçidir. O, ərzaq məhsullarını baha qiymətə satmaqla daha çox gəlir əldə edir. Əlavə qazancla ətrafındakılardan daha üstün, daha yaxşı yaşamağı həyat devizinə çevirən Nadirin başı qazanc əldə etməyə o qədər qarışıb ki, dost-tanışdan uzaqlaşdığının fərqinə varmır. Bir gün oğlu üçün elçi getmək lazım gələndə isə, təsadüfi insanları dost və doğma qismində elçiliyə aparır.
Nadirin nəinki elçilikdə, hətta ailəsi ilə olan söhbətlərində belə qazancını düşündüyünü, hər məqamda xeyir axtardığını görürük. Zəngin yaşamaq sevdası onu rahat buraxmır, meşşanlığa meyilli düşüncələri onun daim səksəkədə, narahat yaşamasına səbəb yaradır.
Səyavuş Aslanın orijinal, bənzərsiz cizgilərlə canlandırdığı obrazın jest və xarakterini tamaşaçılar böyük heyranlıqla, rəğbətlə qarşıladı, fikir və ifadələrini zərb-məsəl kimi gündəmə gətirdi. Bu isə sənətkarın hadisələrin mahiyyətinin dərinliyinə varması, dolğunluqla çatdırması, düşündürməyi, nəticə çıxarmağı yaradıcılıq məqsədinə çevriməsi, personajı dövrlərin müasirinə çevirməsi, əbədiləşdirməsi deməkdir.
Müxtəlif zamanların inikası olan bu və ya digər ekran əsərlərində Səyavuş Aslanın yaradıcılıq qismətinə daha çox komik situasiyaları yaradan, hadisələrin komizmini, personajların baməzə cəhətlərini təhlil edən, davranışı, düşüncəsi ilə gülüş doğuran obrazlar düşüb. Xarakterik ekran personajlarını ironik replikalarla, maraqlı priyomlarla təqdim edən aktyor fərdi yanaşma tərzi ilə hadisələrə, janrın təbiətinə uyğun gülüş doğuran vəziyyətləri dəqiq ştrixlərlə göstərməyə nail olub, xarakterlər ustası olaraq tamaşaçıların sevimlisinə çevrilib.
Sənəti dövlət tərəfindən yüksək qiymətləndirilən unudulmaz sənətkar 1974-cü ildə Əməkdar, 1982-ci ildə Xalq artisti fəxri adlarını alıb. 1995-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.
Dövlət Film Fondu