Tanınmış televiziya və kino rejissoru, Xalq artisti Vasif Babayev sentyabr ayının 16-sı 84 yaşını (16.09.1940) qeyd edir. Bir sıra televiziya və sənədli filmlər rejissorunun filmoqrafiyasını müxtəlif dövrlərin gerçək üzünü əks etdirən sənədli filmlər təşkil edir. Əmək fəaliyyətinə Azərbaycan Televiziyasında başlayan, çoxsaylı verilişlərin və proqramların ərsəyə gəlməsində, baxımlı olmasında mühüm rolu olan, sənətində daim peşəkarlıq nümayiş etdirən Vasif Babayevi kinosevərlər və Dövlət Film Fondunun rəhbərliyi, əməkdaşları adından ürəkdən təbrik edirik, möhkəm cansağlığı, müvəffəqiyyətlər arzulayırıq.
Bakıda dünyaya göz açan Vasif Babayev əmək fəaliyyətinə 1958-ci ildən başlayıb. Sənətə olan marağına görə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna verib (indiki ADMİU), institutun mədəni-maarif fakültəsini bitirib (1965). Yaradıcılığının böyük bir hissəsini televiziyaya həsr edən gələcəyin tanınmış rejissoru 1964-cü ildən etibarən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmağa başlayıb. Fəaliyyətinin ilkin mərhələsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, bir müddət sonra televiziyanın baş rejissoru kimi işləyib. Bir sıra xarici ölkələrdə, o cümlədən, Bolqarıstan, Yuqoslaviya, Avstriya, Macarıstan, Yunanıstan, İran, Türkiyə, Malta, İspaniya, Fransa, İtaliya və digər yerlərdə çəkilişlər apararaq məzmunlu verilişlər ərsəyə gətirib, kinofilmlər yaradıb (1964-1994).
Ölkənin tarixi keçmişindən, müasir həyatından, adət-ənənələrindən, insanların gündəlik həyat qayğılarından bəhs edən sənədli filmlər müəllifi olan Vasif Babayevin filmlərinin leytmotivini müasirlərinin vətəndaşlıq məsuliyyətinin göstəricisi olan əmək şücaəti, sosial gerçəkliklər təşkil edir. Daim aktual mövzulara müraciət edən rejissor, həmçinin ölkədə baş verən iqtisadi-mədəni dirçəlişin inkişafı prosesini izləyərək fərqli peşə adamlarının əmək qabiliyyətini, nailiyyətlərini (“Bakı beş dəniz limanıdır”, “Odlar torpağı” və s.) lentlərə köçürüb.
Ədəbi materialın bədii keyfiyyətini, əhəmiyyətini böyük məsuliyyət hissi ilə tamaşaçılara çatdıran rejissor 40-dan çox müxtəlif janrlı sənədli film ekranlaşdırıb (“Zirvə buludu”, “İçərişəhərin əbədi nağılı”, “Qızılı yamaclar”, “Nəbi Xəzri”, “Kərim Kərimov”, “Hazırlıq haqqında məlumat verin”, “Xuraman. On il sonra” və s.), filmləri vasitəsilə kinosevərləri müxtəlif dövrlərin müasirinə çevirib, məlumatlandırıb, maarifləndirib. Bir neçə filmi müxtəlif kinofestivalların mükafatını qazanıb.
“Sahil bağı” filmi 1967-ci ildə Kiyevdə keçirilən “Prometey-67” zona kinofestivalının rejissor debütünə görə diplomuna layiq görülüb, 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmlərinin mükafatını qazanıb. “Qızılgüllər diyarı” filmi 1968-ci ildə Tbilisidə keçirilən “Prometey-68” zona kinofestivalının diplomunu qazanıb. SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunan, həmin illərdə keçmiş Sovet Azərbaycanının əldə etdiyi nailiyyətlərdən danışan “Sovet Azərbaycanı” filmi Daşkənddə keçirilən V Ümumittifaq Televiziya Filmləri Festivalında diplom alıb. Keçmiş sovet hakimiyyətinin 60 ili ərzində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən bəhs edən “Sovet Azərbaycanı” sənədli televiziya filmi 1977-ci ildə Leninqradda VII Ümumittifaq televiziya filmləri festivalında “Tammetrajlı televiziya filmi mövzusunun publisistik həllinə görə” SSRİ Jurnalistlər İttifaqının mükafatına layiq görülüb. Azərbaycanın gözəl bölgələrindən olan Şəki şəhərindən, özünəməxsus mədəniyyətindən, sakinlərinin gündəlik həyatından, nailiyyətlərindən söhbət açan “Şəki” qısametrajlı sənədli filmi 1978-ci ildə Vladivostokda VI Ümumittifaq Televiziya Filmləri Festivalında Naxodka şəhərinin mükafatını alıb. Əmək qəhrəmanı, Ağdam şəhərindən olan Xuraman Abbasovanın əmək qabaqcıllığından danışan “Xuraman” sənədli filmi 1979-cu ildə Bakıda VIII Ümumittifaq Televiziya Filmləri Festivalında Qran-Pri mükafatına layiq görülüb. “Azərbaycan iri addımlarla addımlayır” filmi 1979-cu ildə Bakıda VIII Ümumittifaq Televiziya Filmləri Festivalında münsiflər heyətinin Xüsusi mükafatına layiq görülüb.
Mövzularından da göründüyü kimi Vasif Babayevin filmlərinin ideya istiqaməti zəhmət adamlarının gündəlik həyat tərzi, sosial gerçəklik təşkil edir. Cəmiyyətin maariflənməsi, zövqünün formalaşması, dünyagörüşünün artması istiqamətinə yönələn yaradıcılıq missiyası vətəndaşlıq məsuliyyətinin və həyat müşahidəsinin göstəricisidir.
Azərbaycan teleməkanında müxtəlif vəzifələrdə çalışan Vasif Babayev 1991-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilib. 1994-1996-cı illərdə “MİR” Dövlətlərarası Teleradio Şirkətinin direktoru, 1996-1999-cu illərdə “SARA” Müstəqil Teleradio Şirkətinin icraçı direktoru, 2001-2007-ci illərdə Moskvada Rusiyanın “İnter-Az” Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti işləyib. Həmçinin onlarla geniş formatlı “Yeni il”, “Mavi işıq” televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub (1969-1987).
Bilik və bacarığını sənədli kinonun keyfiyyət üstünlüyünə sərf edən, ömrü boyu sənətinin keçiyində duran, həyat üçün vacib amilləri diqqətə çatdıran, müxtəlif dövrlərin gerçəkliklərini lentlərin yaddaşında əbədiləşdirən Vasif Babayevi bir daha doğum günü münasibəti ilə ürəkdən təbrik edirik, nailiyyətlər arzulayırıq.
Dövlət Film Fondu