Əməkdar artist Almaz Mustafayevanın adı çəkiləndə ilk növbədə kinorejissor Əlisəttar Atakişiyevin quruluş verdiyi “Sehrli xalat” macəra uşaq filmində canlandırdığı şirin danışıqlı məktəbli qız obrazı yada düşür. Uzun illər həmin filmin iştirakçıları, həmkarları haqqında kinosevərlərə böyük məhəbbətlə bəhs edən aktrisanın fəaliyyətini izlədikcə məlum oldu ki, o, özü də bu sənətin sehrinə hələ uşaq yaşlarından düşüb, taleyini teatr, kino sənətinə bağlayıb, dublyajda uşaq rollarını səsləndirib. Almaz xanım müsahibələrində kinoya və dublyaj studiyasına gəlməsi haqqında bildirib: “Mənim kino ilə tanışlığım “Sehrli xalat” filmi ilə olub. Sənət karyeram bu filmlə başlayıb, həyatımda iz qoyub. Nitqim filmin rejissoru Əlisəttar Atakişiyevin elə xoşuna gəlmişdi ki, o, uşaq rollarını səsləndirmək üçün məni dublyaj şöbəsinə apardı. O vaxtdan dublyajda çalışmağa başladım”.
Əməkdar incəsənət xadimi Elxan Cəfərovun fikirləri bir qədər geniş məlumat əldə etməyimizə imkan yaradır: “Almaz xanımı təxminən 6-7 yaşımdan tanıyırdım. Həmin vaxtlarda mən “Azərbaycanfilm” studiyasında filmlərin səsləndirilməsində iştirak edirdim. Orada Almaz xanımı da görürdüm. O dövrdə Azərbaycana gələn xarici filmərdəki bütün oğlan uşaqlarının rollarını mən, bütün qız uşaqlarını isə Almaz xanım səsləndirirdi.
Studiyada onunla tez-tez görüşürdük. İş prosesində tədricən Almaz xanımı daha yaxşı tanımağa başladım. O məndən yaşca böyük idi. Mənim bu sahədə təcrübəm az idi. Almaz xanım mənə məsləhətlər verirdi. Mən ona qulaq asırdım və dediklərinə əməl edirdim. Mənə elə gəlirdi ki, o mənim həyəcanımı, çətinliklərimi daha yaxından başa düşür. Qorxumu, hiss etdiklərimi daha yaxşı anlayır. Buna görə məndə ona qarşı səmimi bir dostluq münasibəti yaranmışdı. O mənə qəlbən yaxın idi. Mənə elə gəlirdi ki, o məndən 5 yaş böyükdür. Çox sonralar bildim ki, mən ondan 18 yaş kiçiyəm.
Sonra mən kinostudiyaya gedib-gəldikcə onunla tez-tez rastlaşırdıq. Məni görəndə bağrına basırdı: “Ay Elxan, sən nə boyda olmusan”, – deyirdi. Onun haqqında danışanda kövrəlirəm. Ürəyi gözəl xanım, istedadlı aktrisa idi. Allah ona rəhmət eləsin”.
Almaz Mustafayeva 1949-cu il 1 oktyabr tarixində Ağdam şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirən kimi “Azərbaycanfilm” kinostudiyasına üz tutub, burada studiyanın nəzdində fəaliyyət göstərən 3 illik kinoaktyorluq kursunu bitirib. Görkəmli kinorejissor Tofiq Tağızadə “Yeddi oğul istərəm” filminə quruluş verəndə Almaz Mustafayevanı filmdə rejissor köməkçisi təyin edib. Peşəkar yaradıcı heyətdə çalışan gənc xanım bu filmdən sonra bir neçə filmdə, o cümlədən, “Aktrisanın təbəssümü”ndə Dilbərin rəfiqəsi, “Şir evdən getdi” uşaq filmində meymun və digər rollara çəkilib. Paralel olaraq “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən dublyaj studiyasında xarici və yerli filmlərin səsləndirilməsində (Toplan – “Toplan və kölgəsi”, Cavanşir – “Cavanşir” animasiya filmləri, Rövşən – “Ovsunçu”, Kübra – “3 bacı”, Pakizə – “İmtahan” (serial) və s.) yaxından iştirak edib.
Əməkdar artist Loğman Kərimovun həmkarı haqqındakı fikirləri: “Almaz Mustafayevanın dublyaj fəaliyyətini yaxşı xatırlayıram. O, radio tamaşalarında da çıxış edirdi. Təəssüf ki, həmin vaxtlarda nadir hallarda uşaq rollarını səsləndirənlərin adları çəkilirdi. Buna görə də biz onun dublyaj rollarının adlarını sadalaya bilmirik.
O, həyatını Gənc Tamaşaçılar Teatrına həsr etdi. Ömrünün sonuna qədər də peşəsinə sadiq qaldı. Teatrın səhnəsində təxminən 15 il travistik rollar oynadı. Azyaşlı qız və oğlan obrazlarını məharətlə canlandırırdı. Oğlan rollarını ifa edəndə hiss etmək olmurdu ki, onları qadın oynayır. Boyu bəstə idi, amma təmiz danışıq tərzi, aydın tələffüzü, iri gözləri vardı. Bütün bunlar səhnə üçün mühüm şərtlərdir və rollarını inandırıcı təqdim etməyə imkan verirdi. O, təqdim etdiyi personajların xarakterlərini özünəməxsus, maraqlı və orijinal oynayırdı. Xalq artistləri Firəngiz Şərifova, Yusif Vəliyev kimi aktyorlarla səhnədə tərəf-müqabil olmaq, dialoqa girmək o qədər də asan deyildi. Almaz Mustafayeva bütün bunların öhdəsindən bacarıqla gəlirdi”.
Almaz Mustafayeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 1970-ci ildən fəaliyyət göstərib, 40 ilə yaxın orada çalışıb. Yerli və xarici dramaturqların əsərləri əsasında teatrda hazırlanan tamaşalarda bir-birindən maraqlı (Pyero – “Çəkməli pişik”, Ramo – “Əlvida, Hindistan”, Gəlincik – “Gəlincik”, Tənbəl qız – “Göyçək Fatma”, Yetər – “Qaraca qız” və s.) obrazlar canlandırıb. Əksəriyyəti nağıl personajlar olan rollarını özünəməxsus üslubda, dolğun, orijinal təqdim edib.
Xalq artisti Yasin Qarayev: “Gənc Tamaşaçılar Teatrında travesti aktrisalar çox olub. Əminə Yusifqızı, Rəhilə Məlikova, Məsumə Babayeva və digərləri. Almaz Mustafayeva sırf travesti aktrisa idi. Onun plastikası, məlahətli səs tembri rollarını daha baxımlı edirdi. O, sanki Gənc Tamaşaçılar Teatrı üçün doğulmuşdu. Şair-dramaturq, Əməkdar incəsənət xadimi İskəndər Coşqunun “Ana laylası” tamaşasında oynadığı Bahar rolu çox möhtəşəm idi. Bu tamaşaya ictimai baxış keçiriləndə, bir türk müğənnisi söz alıb, Almazın şirin, məlahətli səsindən heyranlıqla danışdı. Etiraf etdi ki, onun oxuduğu mahnının Almaz kimi məlahətli ifa edə bilməz. “Qaraca qız” tamaşasında Tutunu son dərəcə gözəl canlandırırdı.
Mən Almaz xanımla çox tamaşalarda tərəf-müqabili olmuşam. Yazıçı-dramaturq Əhməd Orucoğlunun “Açarını itirənlər” tamaşasında həyat yoldaşımı oynayırdı. Çox həssas, duyumlu aktrisa idi. Buna görə də onunla bir səhnədə oynamaq asan və maraqlı idi.
İnsan kimi də yüksək mənəvi dəyərlərə malik idi. Çox yaxşı yol yoldaşlığı, dəyanətli dostluğu vardı. Zarafatcıl idi. Güclü yumor hissinə malik idi. Təəssüf ki, ömür-gün yoldaşı Vaqif həyatdan tez köçdü. Oğlanları Tural və Mustafanı təkbaşına böyütdü. Hər ikisinə də ali təhsil verdi. Hazırda Mustafa Gənc Tamaşaçılar Teatrının baş rəssamıdır. Tural isə teatr rejissorudur. Almaz xanım dəyərli çox insan idi. Allah ona rəhmət eləsin”.
Almaz Mustafayeva sənətdə göstərdiyi xidmətlərə görə 1997-ci ildə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar artist fəxri adına layiq görülüb. 2014-cü ilin aprel ayının 13-də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
Dövlət Film Fondu