Xalq artisti Rza Təhmasibin 130 illik yubileyi qeyd olundu

Oktyabrın 16-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kinorejissor, aktyor, pedaqoq Rza Təhmasibin 130 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Xatirə gecəsini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, görkəmli sənətkarın həyat və fəaliyyəti haqqında məlumat verdi, qonaqları Xalq artisti Leyla Bədirbəylinin Film Fondunun arxivində qorunub saxlanılan əlyazmalarında R.Təhmasib haqqında xatirələri ilə tanış etdi. Sonra Əməkdar incəsənət xadimləri, kinoşünaslar Aydın Kazımzadə, Ayaz Salayev, Əməkdar incəsənət xadimi, teatrşünas, professor İlham Rəhimli və kinoşünas Şəhla Əmirli rejissorun kino və teatr fəaliyyəti haqqında çıxış etdilər.

Tədbirdə sənətkarın vaxtilə Film Fondunun arxivinə təhvil verilmiş nadir kinoxronikası və rejissor Musa Bağırovun 1966-cı ildə çəkdiyi, R.Təhmasibə həsr olunmuş “İncəsənət veteranı” filmi tamaşaçılara təqdim olundu.