2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam edib.
Hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Vətən müharibəsi noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan 20 faiz torpaqlarının azad olunması ilə nəticələnən bu Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
Zəfər Gününüz mübarək!